Dunya Myatoviç: “Xədicə İsmayılın həbsi gözqorxutmadan başqa bir şey deyil”

Partiyalar jurnalistin həbsini pisləyən bəyanatlar verdi

Source:


Partiyalar jurnalistin həbsini pisləyən bəyanatlar verdi

ATƏT-in media məsələləri üzrə xüsusi nümayəndəsi Dunya Myatoviç İsveçrənin Bazel şəhərində keçirilən forumda Azərbaycanda jurnalist Xədicə İsmayılın həbs edilməsilə bağlı bəyanat verib.

“Xədicə İsmayılın həbsi Azərbaycanda azad və tənqidi səslərin boğulmasına yönəlik kampaniyanın tərkib hissəsi və xüsusi təşkil olunmuş gözqorxutmadan başqa bir şey deyil. Mən Azərbaycan hökumətini bu praktikaya son qoymaq barədə dəfələrlə səsləndirdiyim çağırışları təkrarlayıram. Çünki bu, ölkədə KİV azadlığına ciddi zərbə vurur”, – deyə Myatoviç bildirib.

Myatoviç bildirir ki, Xədicə İsmayılın həbsi Azərbaycanda son dövrlərdə həyata keçirilən həbslərin davamıdır. Söhbət jurnalistlərdən və hüquq müdafiəçilərindən gedir.

Müsavat Partiyası da jurnalistin həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“2014-cü ilin əvvəllərində facebook sosial şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yaydığına görə “Azadlıq” radiosunun əməkdaşı, jurnalist Xədicə İsmayıl barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) və digər maddlərlə ilə cinayət işinə başlanması haqqında məlumatlar yayılıb.

Zaman-zaman bu işlə əlaqədar X.İsmayıla qarşı müxtəlif təqib və təzyiqlərə yol verilməsi faktları olsa da, məhz Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son yazısından sonra Azərbaycanın hüquq-mühafizə orqanlarının  yeni bir cinayət uyduraraq jurnalist CM-nin X.İsmayılı 125-ci maddəsi ilə həbs etməsi Azərbaycanın qanunlarla deyil, tapşırıqlarla idarə olunduğunu bir daha təsdiqləyir”.

Müsavat Partiyası hesab edir ki, Xədicə İsmayılın həbs edilməsi əslində onun hakim ailənin biznes əlaqələrinin tədqiqi ilə əlaqədardır. Partiya hakimiyyətin azad sözə qarşı dözümsüzlüyünü bəyan edərək, bu qanunsuzluğu pisləyir və jurnalistin dərhal həbsdən azad olunmasını tələb edir.

AXCP sədri Əli Kərimli də araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsilə bağlı açıqlama yayıb: “İlham Əliyev bütövlükdə Azərbaycanda Naxçıvan standartlarını bərqərar etməkdə israr edir. Dünya miqyasında tanınmış, araşdırıcı jurnalist, Azərbaycan vətəndaş cəmiyyətinin ən fəal və prinspial nümayəndələrindən biri Xədicə İsmayılı da şərləyib həbs etdilər. Xədicə xanımı əslində çoxdan həbs etmək istəyirdilər. Hələ bu ilin fevralından onunla bağlı qurama bir cinayət işi başlamışdılar. Sonra absurd bir iddia ilə məhkəməyə də çəkdilər. Nəhayət, bu gün planlarını reallaşdırdılar. Cəmiyyət bilir ki, rejim niyə Xədicə xanıma düşmən kəsilib. Ona qarşı həyata keçirilən mənəvi terrorun da, bütün bu qurama cinayət işlərinin də səbəbi Xədicə xanımın apardığı jurnalist araşdırmalarıdır.

Xədicə xanım hakim ailə ilə bağlı bir çox ciddi korrupsiya araşdırmalarının müəllifidir. Rejim bu günə qədər də Xədicə xanımın ortaya çıxardığı korrupsiya faktlarını təkzib edə bilməyib. Amma əvəzində əlində olan bütün dövlət resurslarını, repressiya alətlərini bir xanıma qarşı səfərbər edib. Xədicə xanımın həbsi ondan araşdırmalarına görə qisas almaqdır. Amma bu həbs təkcə qisas deyil, həm də Azərbaycan cəmiyyətini susdurmaq təşəbbüslərinin davamıdır.

Bu həbslə Azərbaycan xalqı yenidən sınağa çəkilir. Rejimin radikal, aqressiv siyasətinə qarşı məhz millətin iradəsi dirəniş göstərməlidir. Heç nəyə baxmayaraq azadlıq və hüquqlarımız uğrunda mübarizəmiz davam edəcək. Xədicə xanımı da, digər siyasi məhbusları da sonuna qədər müdafiə edəcəyik”.

Əli Kərimli deyir ki, Xədicə xanım həbs olunacağını təqribən bilirdi: “Rejim onu həbs etmək niyyətinə düşdükdən sonra Xədicə xanım dəfələrlə

xarici səfərlərdə oldu. Ona müxtəlif kanallarla məlumat çatdırırdılar ki, Bakıya qayıtmasın, xaricdə qalsın, qayıtsa, həbs olunacaq. Amma Xədicə xanım başının üzərindəki real həbs təhlükəsini bilə-bilə hər dəfə vətənə qayıdırdı, mübarizə meydanını tərk etmirdi. Hesab edirdi ki, xalqımızın burada ona ehtiyacı var. Bu ölkədə hüquqları əllərindən alınmış, şərlənərək həbs edilmiş insanlara, bütövlükdə sərvətləri talan edilən xalqımıza imkanı daxilində kömək olmaq istəyirdi.

Bu cəsur xanım azadlıq və ədalət uğrunda mübarizədən vaz keçmədiyi, biz azərbaycanlıların haqq səsini

dünyaya duyurduğu, sərvətlərimizin talanını ifşa etdiyi, nəhayət, bu davadan qorxub çəkinmədiyi üçün deyə bilərik ki, həbsə aparan, lakin şərəfli yolu şüurlu şəkildə seçdi. Əminəm ki, bu xalqın cəsur övladları hələ çoxdur. Biz mübarizədən vaz keçməyəcəyik, tükənməyəcəyik, bütün çətinlikləri aşacağıq, nəinki siyasi məhbusların, hətta ölkəmizin və millətimizin də azadlığına nail olacağıq!”

Aydınlar Partiyası da Xədicə İsmayılın həbsini pisləyib. Partiyanın yaydığı bəyanatda deyilir: “Heç bir əsas olmadan xanım jurnalist haqqında həbs-qəti imkan tədbirinin seçilməsi ifadə azadlığına böyük təhdiddir”.

Aydınlar Partiyası hakimiyyətdən ölkə qanunlarına əməl etməsini  və Xədicə İsmayılın dərhal azadlığa buraxılmasını tələb edir.

Ana səhifəXəbərlərDunya Myatoviç: “Xədicə İsmayılın həbsi gözqorxutmadan başqa bir şey deyil”