O, hakimiyyəti jurnalistləri susdurmaq üçün onları həbsxanaya atmağı dayandırmağa çağırır
ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Dunya Myatoviç “Bizim Yol” qəzetinin jurnalisti, hüquq müdafiəçisi Pərviz Həşimliyə çıxarılan hökmdən hiddətləndiyini bəyan edib: “Məhkəmənin qərarından dəhşətə gəldim. Hakimiyyəti jurnaıistləri susdurmaq üçün onları həbsxanaya atmağı dayandırmağa çağırıram”.
Xanım Myatoviç bu barədə mayın 15-də yaydığı açıqlamada bildirib. Dunya Myatoviç məhkəmə qərarını Azərbaycanda media azadlığı mühitinin pisləşməsinə daha bir sübut adlandırıb.
ATƏT nümayəndəsi bildirib ki, hazırda Azərbaycanda 10-dan çox jurnalist həbsxdədir, onlar ya məhkum olunub, ya da məhkəməsini gözləyirlər:
“Bu, mənim ofisim yaradılandan bu ölkədə müşahidə edilən ən böyük rəqəmdir. Bu narahatedici cərəyan araşdırıcı jurnalistikanı çəkindirir, hədə və qorxu mühiti yaradır” deyə Myatoviç bildirib.
O, həbsdə olan jurnalistlərin adlarını sadalayır və “AzadlıqRadiosu”nun əməkdaşı Xədicə İsmayıla davamlı təhdidləri vurğulayır. Dunya Myatoviç mayın 14-də Bakıdakı çəkilişləri müsadirə olunmuş fransalı jurnalistlər barədə də məlumatlı olduğunu söyləyir.
“Bizim Yol” qəzetinin əməkdaşı və hüquq müdafiəçisi Pərviz Həşimli mayın 15-də 8 il azadlıqdan məhrum olunub. Jurnalistlə birgə həbs edilən Təvəkkül Qurbanov isə 8 il yarım azadlıqdan məhrum edilib. P.Həşimli qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama maddələri ilə ittiham olunsa da, bunları rədd edir.
Beynəlxalq Amnistiya Təşkilatı jurnalisti vicdan məhbus elan edib.
AzadliqRadiosu