Komissar hesab edir ki, insan hüquqlarına hörmət barışıq və davamlı sülhə gedən yolun mərkəzinə qoyulmalıdır
Ermənistan və Azərbaycan arasındakı uzun sürən Qarabağ münaqişəsi insan hüquqlarının pozulması ilə nəticələnib.
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Ermənistan və Azərbaycana, o cümlədən Dağlıq Qarabağa səfərinin sonunda bu qənaətə gəlib.
“Hər kəsin insan hüquqlarına tam hörmət və müvafiq beynəlxalq standartlara ciddi riayət etməsi indi iki ölkə arasında barışıq və davamlı sülhə gedən yolun mərkəzinə qoyulmalıdır”, – o deyib.
Komissar Ermənistana səfəri çərçivəsində Baş nazir Nikol Paşinyan daxil, bir sıra rəsmilərlə görüşüb. Həmçinin Kotayk vilayətinin Ağavnadzor və Tsağkadzor şəhərlərində məcburi köçkünlər üçün salınmış sığınacaqlarda olub. Qarabağ erməniləri, ailələr, yaşlılar, əlilliyi olanlar və digər həssas insanlarla söhbət edib. Müvəkkilin beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşləri olub.
Müvəkkil Avropa Şurasına üzv dövlətləri Ermənistana son zamanlar köçmüş insanların ehtiyaclarına, xüsusən də onların orta və uzunmüddətli vəziyyətinə duyarlı olmağa, yardım etməyə çağırıb.
Dunya Miyatoviç Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyevlə, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Eldar Səmədovla görüşüb.
Azərbaycan hakimiyyəti Qarabağ bölgəsinin və orada yaşayan əhalinin reinteqrasiyası üçün dövlətin həyata keçirdiyi tədbirlər barədə müvəkkili məlumatlandırıb. Komissar vurğulayıb ki, Azərbaycan regionda qalan etnik ermənilərin və Ermənistana gedənlərin insan hüquqlarına, o cümlədən təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaq hüququna təminat verməlidir.
Müvəkkil Dağlıq Qarabağa da səfər edib. Bu, onilliklər ərzində insan hüquqları missiyasının bu regiona ilk səfəri olub. Baxmayaraq ki, minalara görə onun əhatə dairəsi məhdud olub.
Müvəkkil bəyanatında bildirir ki, sentyabrda əhalinin getməsindən sonra Xankəndi (Stepanakert) şəhərinin demək olar ki, tamamilə boş olduğunu görüb, şoka düşüb:
“Mənə məlumat verildi ki, bölgədə yaşayan etnik ermənilərin çox az hissəsi qalıb. Şəhərdə olan bəzi insanlarla, o cümlədən qalanlar arasında ən həssasları ilə görüşlər keçirilib”.
Müvəkkil Azərbaycana səfəri zamanı məcburi köçkünlər, mina qurbanları, keçmiş insan hüquqları pozuntularının şahidləri və xilas olmuş şəxslər, onların ailə üzvləri, habelə itkin düşmüş şəxslərin ailə üzvləri ilə görüşüb. Müvəkkil və onun komandasının üzvləri beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşlər keçirib.
Hər iki ölkəyə səfəri zamanı Müvəkkil uzun müddətdir davam edən münaqişə ilə bağlı ciddi insan hüquqları pozuntuları barədə hesabatları dinləyib və illər ərzində müxtəlif hərbi əməliyyatların baş verməsi nəticəsində zərər çəkmiş mülki əhalinin dərin iztirablarının şahidi olduğunu bildirib.
Bəyanatda qeyd edilir ki, o, rəsmi həmsöhbətləri ilə Qarabağ regionunda və onun ətrafında münaqişənin humanitar və insan hüquqları sahəsində nəticələrini, o cümlədən 2020-ci ildə Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların başlanması və Laçın dəhlizinin bağlanmasından sonra baş vermiş ən son hadisələri müzakirə edib.
“Köçkünlərin insan hüquqlarının, o cümlədən onların ləyaqətli və təhlükəsiz şəkildə qayıtmaq hüququnun təmin edilməsi vacibdir. İndi həmişəkindən daha çox bütün tərəflər nifrət nitqinin qarşısını almalı, onunla mübarizə aparmalıdır. Birgə yaşayış və barışığı təşviq edən təşəbbüs dəstəklənməlidir”.