Dunya Miyatoviç vəkillikdən kənarlaşdırılan hüquqşünaslarla görüşüb

Bundan əlavə, bir neçə ay ərzində bu problemləri əhatə edəcək hesabat hazırlayacaq.

Dunya Miyatoviç, Foto: Turan İA


İ.Cavadova D.Miyatoviçin bu məsələlərin hökumət qurumları qarşısında qaldıracağını vəd etdiyini söyləyib

Bakıda olan Avropa Şurasıınn insan hüquqları üzrə komissarı Dunya Miyatoviç iyulun 9-da bir qrup hüquq müdafiəçisi, vətəndaş cəmiyyəti institutlarının bir sıra təmsilçiləri, vəkil və vəkillikdən kənarlaşdırılan hüquqşünaslarla görüşüb.

Görüşdə ölkədə insan hüquqlarının durumu, vəkillik fəaliyyəti, media azadlığı məsələləri diqqət mərkəzində olub.

Vəkil İradə Cavadova "Turan İA"a görüşdə çox ciddi məsələlərə toxunulduğunu deyib:

"Vəkillərin Vəkillər Kollegiyasından kənarlaşdırılmasının səbəblərindən danışdıq. Bəzi vəkillər bank hesablarının bağlanması ilə bağlı iradlarını bildirdi, vəkillərə lüzumsuz yerə tənbeh, töhmət verilməsi, səbəbsiz olaraq fəaliyyətinin dayandırılması, hüquq- mühafizə orqanlarının müraciəti əsasında vəkillərə qarşı başlanan inzibati icraat məsələləri müzakirə olundu".

İ.Cavadova D.Miyatoviçin bu məsələlərin hökumət qurumları qarşısında qaldıracağını vəd etdiyini söyləyib:

"Bundan əlavə, bir neçə ay ərzində bu problemləri əhatə edəcək hesabat hazırlayacaq. İnsan hüquqlarını müdafiə edən vəkillərin əl-qolunu bağlamaq olmaz. Vəkillər ən azı işgəncələrlə, insan hüquqlarının pozulması ilə bağlı dövlət orqanları qarşısında qaldırdığı məsələlərə reaksiya verilmədikdə media qarşısında çıxış etməlidir. İndi Vəkillər Kollegiyası vəkillərin media ilə işləməsinə faktiki qadağa qoyub. Bunun qarşısı alınmalıdır".

D.Miyatoviçlə görüşən araşdırmaçı jurnalist Xədicə İsmayıl isə bildirib ki, əsas müzakirə mövzuları Azərbaycanda medianın vəziyyəti olub: "Jurnalistlərin narkotik maddə ittihamı ilə həbslərindən tutmuş, hökumətin müstəil mediaya qarşı "trollar"dan istifadə etməsi, son vaxtlar media nümayəndələrinə qarşı dövlətə xəyanət ittihamlarının irəli sürülməsi, prezidentə məktub yazan şəxslərin məhkəmələrə çəkilməsi, saytların bloklanması, jurnalistlərin təxribatlarda ittiham olunmasına qədər geniş spektr müzakirə edilib".

Ana səhifəXəbərlərDunya Miyatoviç vəkillikdən kənarlaşdırılan hüquqşünaslarla görüşüb