“Azərbaycan hökuməti pandemiyadan bəhanə kimi istifadə edir”
“Bu yaxınlarda Azərbaycanın daxili işlər nazirinə göndərilən məktubda mən nümayişlərin dağıdılması və bu kontekstdə toplaşma azadlığına qoyulan məhdudiyyətlər, ələlxüsus hüquq-mühafizə orqanları tərəfindən nümayişçilərə qarşı ifrat güc tətbiqi ilə bağlı narahatlıqları bildirmişəm”.
Bunu “Turan” İnformasiya Agentliyinə iyunun 8-də Yeni Yasamalda yaşayış məhəlləsində polis reydi ilə bağlı şərhində Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç deyib.
Komissar təəssüflə qeyd edib ki, pandemiya ilə əlaqədar Azərbacyan da daxil olmaqla, bəzi hökumətlər bu məcburiyyətdən bəhanə kimi istifadə edərək, ifadə azadlığına və toplaşma azadlığına basqılar həyata keçirirlər.
“Böhran vaxtında hüquqlara tətbiq edilən məhdudiyyətlər qanunçuluq prinsiplərinə, ehtiyaca və proporsionallığa riayət etməlidir”, deyə o əlavə edib.
Miyatoviç Azərbaycanda toplaşma azadlığına qarşı tətbiq olunan qeyri-proporsional müdaxilələrə qarşı xəbərdarlıq etdiyini qeyd edib.
“Şübhəsiz, hökumətlər pandemiya dönəmində misilsiz sınaqlarla üzləşirlər. Lakin böhran ifrat güc tətbiqinə, fiziki bədrəftara və polis tərəfindən başqa hüquq pozuntularına haqq qazandıra bilməz”, Miyatoviç deyib.
İyunun 8-də səhər saat 6-da onlarla polis Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən yaşayış məhəlləsində reyd keçirib. Polislər mənzillərə daxil olaraq, insanları yarıçılpaq vəziyyətdə küçəyə çıxarıb, döyüb və təhqir edib. Bu zaman polis zabitləri bütün bunları videoya çəkib, daha sonra isə İnternetə yerləşdiriblər.
11 nəfər həbs edilib, onlar polis bölmələrində bir neçə saat döyülüb, daha sonra məhkəmə onları 15-30 gün müddətinə həbs edib.