Beynəlxalq Jurnalistlər Federasiyası məlumat yayıb
Keçən il peşə fəaliyyətini yerinə yetirərkən ən az 95 jurnalist öldürülüb. BBC-nin məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) bu barədə məlumat yayıb.
2018-ci ildə jurnalist ölümlərinin sayı 2017-ci illə müqayisədə daha çoxdur, lakin İraq və Suriyada müharibə və münaqişələr baş verdiyi illərlə müqayisədə bu rəqəm elə də yüksək deyil.
Media ölümlərinin ən pik nöqtəsi 2006-cı ildə qeydə alınıb. 2006-da 155 jurnalist öldürülmüşdü. Bu rəqəmə media sahəsində işləyən hər kəs aid edilib.
2018-ci ildə qətlə yetirilən məşhur Səudi jurnalisti Camal Qaşıqçı qlobal diqqəti jurnalistlərin təhlükəsizliyinə yönəltdi. O, ötən ilin oktyabrında Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulluğunda öldürülüb. Hadisə iki ölkə arasında diplomatik böhrana və beynəlxalq qınamaya səbəb olub.
Digər bir jurnalist Lira Mekki keçən ay Şimali İrlandiyada Londonderi küçələrində iğtişaşlar zamanı qətlə yetirildi.Əfqanıstan jurnalistlərin ən təhlükədə olduğu ölkələrdən biri olaraq qalmaqdadır. Keçən il bu ölkədə 16 jurnalist öldürülüb. Paytaxt Kabulda tək bir partlama zamanı 9 əfqan jurnalist öldürülüb.
BBC müxbiri Əfqanıstanın şərqində baş vermiş silsilə hücumlar zamanı öldürülüb.
Jurnalistlər ötən il ABŞ-da öldürülüb.
Merilandda "Capital Gazette" qəzetinin ofisinə hücum zamanı 5 jurnalist öldürülüb.
IFJ hesab edir ki, jurnalistikaya qarşı artmaqda olan qeyri-tolerantlıq, populizm, korrupsiya və cinayət kimi faktorlar önəmli amillərdir.
“Bu amillər silahlı qarşıdurma zonaları ilə müqayisədə icma, şəhər və ölkələrlə bağlı müxbirlik edən jurnalistlərin daha çox öldürülməsinə şərait yaradır”, – İFJ deyir.
BMT bu il demokratiya üçün azad mətbuatın, xüsusilə də seçkilər zamanı rolunu vurğulayır.
BMT-nin baş katibi Əntoniyu Qutexiş (Antonio Guterres) deyib ki, "şəffaf və etibarlı məlumatlara giriş olmadan heç bir demokratiya tamam deyil".
Jurnalistlərin qorunması üzrə Komitədən olan Kotni Raç (Courtney Radsch) deyir ki, anti-mətbuat ritorikası bir çox ölkədə endemik hala gəlib. Bu zaman, o, Filippini və ABŞ-ı xüsusilə vurğulayıb.
Raç inanır ki, sosial media və internet jurnalistlərin üzləşdiyi problemləri daha da artırıb.
"Onlayn təcavüz və onun jurnalistlərə, xüsusilə də qadın jurnalistlərə yaratdığı real təhlükələr onlar üçün mövcud çətinliyi daha da artırıb,"- o deyib.
Bu il "Sərhədsiz Reportyorlar" (RSF) təşkilatı Dünya Mətbuat Azadlığı İndeksində ABŞ-dakı vəziyyəti "problemli" adlandırıb.
"Daha əvvəl heç bir jurnalist bu qədər çox ölüm təhdidinə məruz qalmayıb və ya özəl təhlükəsizlik firmalarına qoruma üçün tez-tez müraciət etməyib," – qurum deyib.
ABŞ bu il mətbuat azadlığı ilə bağlı RSF reytinqində aşağı düşüb və digər iki əsas demokratik ölkə olan Hindistan və Braziliya da siyahıda geriləyib.
Bununla yanaşı Venesuela, Rusiya və Çin kimi mətbuat azadlığında geri olan ölkələr siyahıda daha da aşağı düşüb.