Dünya çempionu: ”Məni hədələyirlər”

“Üzümə adam qoyub, TV-yə çıxararaq, terrorçu kimi təqdim edəcəklərini deyirlər”

Source:
Vüqar Namazov və İlham Əliyev
Vüqar Namazov və İlham Əliyev



“Üzümə adam qoyub, TV-yə çıxararaq, terrorçu kimi təqdim edəcəklərini deyirlər”



Dünya çempionu Vüqar Namazovun idman klubu qapadılıb. O deyir ki, VİTR idman klubunun bağlanmasına səbəb klubun yerləşdiyi “Nur İnşaat” -ın daxil olduğu “Altes Group”-un onu təhdid etməsidir. Hazırda elektrik enerjisi verilmədiyinə görə, klub fəaliyyətini dayandırıb:

“Tələb yerinə yetirilməsə, mənim üzümə adam qoyub, TV-yə çıxararaq, terrorçu kimi təqdim edəcəkləri ilə hədələdilər. Açıq-aşkar deyirlər ki, istəyirsən get Azərbaycan vətəndaşlığından imtina elə. İstənilən halda VİTR fitness klubunu boşalt. Fitness klubun təmiri üçün banklardan götürdüyüm böyük məbləğdə dollar kreditlərini ödəyə bilmədiyim üçün geriyə addım ata bilmirəm”.

VİTR idman klubunun sahibi Vüqar Namazovun sözlərinə görə, indi istifadə edə bilmədiyi kluba 1,6 milyon manat sərmayə yatırıb:

“2015-ci ilin sentyabr ayında «Nur İnşaat» şirkəti ilə 60 aylıq müqavilə bağlamışıq və 5 ay ərzində müqavilədə göstərilən aylıq 6000 manat ödənişi hər ay ödəmişik. Lakin bu il fevral ayında “Nur İnşaat” şirkəti idman klubunu bağlayaraq ərazini tərk etməyi tələb edib. Daha sonra şirkətin nümayəndələri ilə görüşdüm, amma heç bir xeyri olmadı və “Nur İnşaat” nümayəndələri heç bir əsas göstərmədən müqaviləyə xitam verdiklərini dedilər. Fevral ayının 17-də isə obyektə elektrik enerjisi və suyun verilməsini dayandırıldı”.

İdmançı şikayəti ilə bağlı 1 saylı Bakı İnzibatı İqtisad Məhkəməsinə üz tutub. Məhkəmə klubun xeyrinə qəbul edib. 03 may 2016-cı il tarixli qərarda göstərilir ki, VİTR İdman Sağlamlıq Klubunun əvvəlki fəaliyyətinin tam təmin olunması üçün tələb olunan miqdarda elektirik enerjisi ilə təminatı və həmin obyektin fəaliyyətinə maneə törədilməməsi vəzifəsi “Nur-İnşaat” MMC-yə həvalə edilib. Lakin Vüqar Namazov bildirir ki, “Nur İnşaat” MMC-nin daxil olduğu “Altes Group” holdinqin idarə heyətinin sədri Rüstəm Abdullayev məhkəmənin qərarının və Azərbaycan dövlətinin qanunlarının bu işdə heç bir faydasının olmayacağını deyib.

“Bir iş adamının fəaliyyətini qəsdən əngəlləmək, ona problem yaratmaq cinayətdən başqa bir şey deyil. Görünür, neçə illərdir ki, Böyük Britaniya vətəndaşlığı almaq üçün bu ölkədə yaşayan R.Abdullayev üçün müqəddəs heç nə qalmayıb. Elə ona görə hər vəchlə əlində olan imkanlardan yararlanaraq ölkə rəhbərliyinin sahibkarlığın inkişafı ilə bağlı siyasətinə kölgə salır”.

“Hazırda VİTR idman klubu fəaliyyətini məhz Rüstəm Abdullayevin çirkin oyunları üzündən dayandırıb. Görünən odur ki, onun məqsədi idman klubunu məndən almaqdır. Çünki idman klubunun yerləşdiyi ərazi neçə illər idi ki, istifadəsiz qalmışdı. Lakin mən buranı təmir edib və idman klubunu yaratdıqdan sonra Rüstəm Abdullayev hər ay ona çatan 6000 manat icarə haqqı ilə razılaşmaq istəmir. Məqsədi gəlir gətirən klubu tamamilə ələ keçirməkdir”.

“Altes Group” holdinqin idarə heyətinin sədr Rüstəm Abdullayev isə mətbuata açıqlamasında idman zalını işlədənlərin onlara hədə-qorxu gəlməyini bildirib. Deyib ki, özbaşına elektrik şitinə müdaxilə edirlər. İşığın verilməsinin dayandırılmasına isə 17min borcun səbəb olduğunu bildirib. Həmçinin binada normadan artıq elektrik enerjisindən istifadəsi ilə əlaqələndirib.

Ana səhifəXəbərlərDünya çempionu: ”Məni hədələyirlər”