”Məni xalq düşməni elan edərlər”
“Çox şeyi deyə bilərəm. Sadəcə, demək istəmirəm. Çünki desəm, xaos baş verər. Konkret, Azərbaycan Boks Federasiyasında qırğın düşər”.
Bu sözləri “Report”-a müsahibəsində boks üzrə dünya çempionu, “Bakı 2015” I Avropa Oyunlarının qalibi Elvin Məmişzadənin
deyib
.
Azərbaycan çempionatında döyüşməməyi qərarlaşdıran boksçu deyir ki, 2019-cu ilə hazırlaşır.
Elvin Məmişzadə cəzalandırılaraq yığmadan kənarda qalıb. Bunu ötən il gecə klubunda dava salması ilə əlaqələndirirlər. Mətbuatın yazdığına görə, boksçu 2017-ci il, iyulun 16-da “26 land” gecə klubunda dava salıb, bir qadını
döyüb
.
Boksçu müsahibəsində deyir ki, onun cəzalandırılması yayılmış xəbərlə bağlı deyil:
“O hadisəyədək mənə qarşı nələr edilməyib?!” Təmsil olunduğu federasiya haqqında söz demək istəməyən boksçunun fikrincə, əgər danışsa, xaos yaranar:
“Kimin kim olduğunu açıq deyərdim. Amma desəm, aləm bir-birinə dəyər. Məni xalq düşməni elan edərlər. Ona görə də lazım deyil. Başıma bir hadisə gəlmişdi. Mətbuata çıxdı, aləm bir-birinə dəydi. Amma mənə olanlar bundan qabaq olmuşdu.
Federasiya rəhbərliyi deyil, aşağıda olub suyu bulandıranlar. Yəni, onlar baş katib Nağı Səfərovdan da aşağıda olanlardır. Qapı açan, qapı örtən, palto daşıyan, kiminsə pencəyini tutan… Bu cür arada gəzənləri nəzərdə tuturam. İdmandan başları çıxmadığı halda, “Mən beləyəm”, “Mən eləyəm” deyirlər. Halbuki indiyədək onları idmanda görən olmayıb. Belə insanlar üzündən boks bu vəziyyətdədir. Nə qədər ki, boksda bu idman növündən anlayışı olanlar, vuruşanlar, əziyyət çəkənlər çalışmayacaq, bu növ inkişaf etməyəcək. Yarış görməyən insan mənim rinqdə nələr keçirdiyimi anlaya bilməz”.
Boksçu klubda baş verən hadisə zamanı yaxşı əhvalda olmadığını deyir:
“Həmin dönəmdə yaxşı vaxtlarım deyildi. Karyeramı bitirmək, Azərbaycan adından çıxış etməmək haqda fikirləşirdim. Peşəkar boksa üz tutmaq istəyirdim. Sadəcə, düşündüm ki, niyə onlardan qaçım? Gördüyüm rinqlərin heç birini onlar görməyiblər. Özümü sübut edə bilərəm. Açıq danışaq: pis nəticələr verməmişəm. 2007-ci ildən yeniyetmələr arasında Avropa çempionu ola-ola gəlmişəm. Yenicə nəticə verib parlamıram ki… Nəticələrim göz qabağındadır, 10 ildir uğurla çıxış edirəm. Rinqi görmüş adamam. Kimlərin vaxtında vuruşduğumu da nəzərə alın. Yenə də meydanı boş qoyub getməzdim. Yığmada hazırkı rəqiblərimlə problemim yoxdur. Rəqib rinqdədir. Çıxıb vuruşarsan, kim udar-udar da. Rinqdən aşağı düşdünsə, oldun dost-qardaş. Bir yerdə tər axıtdığım adamla düşmən ola bilmərəm. Bəli, düşmənçilik edən oğlanlar var. Bu, hərənin öz düşüncə tərzindən asılıdır. Kim kin saxlayırsa, özü bilər. Problemim aşağıda suyu bulandıranlarladır. Əslən azərbaycanlı 3 dünya çempionu var – Ağasi Məmmədov, Cavid Çələbiyev və mən. Amma məni yığmaya çağırmadılar. Məni cəzalandırmaq üçün başqasını – Məsud Yusifzadəni götürdülər. O da çıxıb biabır elədi. Adama təsir edən odur ki, vaxtilə mənə inananlar bu suyu bulandılanların sözünə görə indi inanmırlar”.
“Baş məşqçi Leonid Loivski ukraynalı, köməkçisi Nəriman Abdullayev isə azərbaycanlıdır. Demək olarmı ki, barənizdə mənfi rəy yaradan Abdullayevdir” – sualına boksçu belə cavab verib:
“Onda da var, niyə yoxdur ki? Deyirəm də, ölkə boksunda Nağı Səfərov da daxil olmaqla, yuxarı çox yaxşı, aşağı isə çox pisdir. Nağı müəllimə deyirlər ki, o, elədir, bu belə. Səfərov bizim içimizdə deyil deyə, görmür. Fikirləşir ki, yəqin, elə bu cürdür. Amma özümdən soruşmurlar ki, belə hərəkət etmişəm, ya yox”.
“Leonid Loivski olduğu müddətdə sizi yığmada görə biləcəyik”- sualına cavabda isə Elvin Məmişzadə deyib ki, gələn il vuruşanda onlarla mübahisə etməyəcək:
“Bugünə qədər mübahisə etdiyim üçün məni uzaq tutmağa çalışırlar. Xoşlayırlar ki, hər sözlərinə “baş üstə” deyilsin. Onlar kimdir ki, “baş üstə” deyim? Mənim də nəticələrimə baxın, onların da. Kimsən ki, mənə boks öyrədirsən?”
Elvin Məmişzadə xaricdən təklif aldığını deyib:
“Yalnız peşəkar boksla bağlı təklif olub. Çəkim aşağı çəki dərəcələrinə uyğundur. Peşəkar boksa isə ağır çəkililər lazımdır. 55 kq çəki dərəcəsində vuruşacağam. Respublika çempionu olaramsa, yığmaya gedərəm. Olmazsa da, olmaz. İndi məşqçi Elbrus Rzayevin rəhbərliyi altında fərdi məşq edirəm. Özümü gələn il keçiriləcək olimpiya lisenziyalı yarışlara hazırlayıram”.