Səbəb Birləşmiş Ştatlar və digər yerlərdə hasilatın artırılmasıdır
İyunun 20-də xam neftin qiyməti 2 faizədək ucuzlaşaraq, bu ilin ən aşağı səviyyəsinə enib. Səbəb Birləşmiş Ştatlar və digər yerlərdə hasilatın artırılmasıdır.
Nyu-York birjasında ABŞ xam nefti 2.2 faiz ucuzlaşıb və barreli 43.23 dollar olub. Londonda isə “Brent” neftinin barreli 46.02 dollar olub.
İyunun 21-də Asiya bazarlarında da qiymətlər aşağı olub.
Ötən il neftin qiyməti əsasən 40-55 dollar arasında dəyişib. Ancaq Birləşmiş Ştatlar və başqa yerlərdə getdikcə daha çox neftin çıxarılması təklifin çoxalmasına səbəb olub.
Bu arada Rusiya və OPEC üzvləri hasilatı artırmırlar, dondurulmuş səviyyədə saxlayırlar.
Neftin ucuzlaşması iyunun 20-də qlobal səhm bazarlarına da təsirini göstərib. ABŞ, Avropa və Asiyada indekslər 0.6 faizdən 1 faizədək ucuzlaşıb.
İqtisadçı Vüqar Bayramov deyir ki, neftin dünya bazar qiymətinin 40 dollardan aşağı düşməsi Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil. Bu, tədiyyə balansına, xüsusən də ölkəyə daxil olan valyutanın həcminə mənfi təsir göstərəcək:
“Ona görə fiskal konsolidasiyanın növbəti mərhələsi struktur islahatlarının sürətləndirilməsi formasında həyata keçirilməlidir. Struktur islahatlarının genişləndirilməsi yalnız büdcə vəsaitlərinə qənaət deyil, eyni zamanda müxtəlif sektorların idarəedilməsində çevikliyin və səmərəliyinin gücləndirilməsi baxımdan da vacibdir”.