“Rusiyanın Avropa Birliyinə enerji təchizatını kəsməsi onları tənəzzülə sürükləyə bilər”
Dünya Bankı 2023-cü ildə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin zəif artım tempinə qayıdacaqlarını açıqlayıb.
Bank bununla bağlı xəbərdarlıq edib və bildirib ki, Rusiyanın Avropa Birliyinə enerji təchizatını kəsməsi onları gələn il tənəzzülə sürükləyə bilər.
Avropa və Mərkəzi Asiya regionunda ümumi ÜDM
Dünya Bankının yaydığı yenilənmiş iqtisadi proqnozlarda qeyd edilir ki, Avropa və Mərkəzi Asiya regionunda ümumi ÜDM Rusiyanın Ukraynaya müdaxiləsinin təsirləri altında 2022-ci ildə 0,2 faiz azalıb. Bu azalmanın 2023-cü ildə 0,3 faizə qalxacağı proqnozlaşdırılır.
Dünya Bankının 2022-ci ilin iyununda açıqladığı proqnozunda qeyd edilirdi ki, Ukrayna, Polşa, Rusiya, Türkiyə və ətraf ölkələri əhatə edən region üçün ÜDM 2,9 faiz azala bilər.
“Reuters” yazır ki, hazırki açıqlama əvvəlki proqnoza baxanda nəzərəçarpacaq dərəcədə irəliləyişdir.
Ukrayna iqtisadiyyatının vəziyyəti
Bank bildirib ki, Ukrayna iqtisadiyyatında vəziyyət yaxşılaşa bilər. Daha öncəki proqnozda isə 2022-ci ildə Ukrayna iqtisadiyyatının 45 faiz kiçiləcəyi bildirilirdi. Hazırda isə daralmanın sadəcə 35 faiz olacağı proqnozlaşdırılır:
“Lakin Ukrayna iqtisadiyyatı məhsuldarlıq qabiliyyətinin məhv olması, kənd təsərrüfatı torpaqlarına ziyan vurması və işçi qüvvəsinin azalması səbəbindən çarpışır. 14 milyon insanın məcburi köçkün olmasının da iqtisadiyyata təsiri var”, – hesabatda qeyd edilir.
“Müharibə lüzumsuz uzanıb. Eləcə də tez bir zamanda başlana biləcək bərpa və yenidənqurma layihələri üçün Ukraynanın böyük maliyyə dəstəyinə ehtiyacı var”, – deyə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Anna Bjerde bildirib.
Ukraynanın bərpasına milyardlar lazımdır
Bankın son hesablamalarına görə, Ukraynanın sosial, istehsal və infrastruktur sektorları üzrə bərpa və yenidənqurmasına azı 349 milyard dollar lazımdır.
Rusiya iqtisadiyyatı
Dünya Bankı Rusiya iqtisadiyyatının 2022-ci ildə iyunda təxmin edilən 8,9 faiz daralma ilə müqayisədə indi 4,5 faiz kiçiləcəyini proqnozlaşdırıb.
2023-cü ilə gəlincə, bank bildirib ki, Rusiya iqtisadiyyatı gələn il 3,6 faiz kiçilə bilər.
Türkiyə iqtisadiyyatı böyüyür
Türkiyə iqtisadiyyatının 2022-ci ildə 4,7 faiz böyüməsi gözlənir. İyunda isə bank bu böyüməni 2,3 faiz proqnozlaşdırıb.
2023-cü ilə gəlincə, gələn il Türkiyə iqtisadiyyatının 2,7 faiz böyüməsi gözlənilir.
Bank bildirib ki, onun Avropa və Mərkəzi Asiya regionu üçün perspektivləri daha çox fiziki və ekoloji ziyana, ticarət və investisiyaların parçalanmasına səbəb olan uzun və ya intensivləşmiş müharibə ilə “əhəmiyyətli qeyri-müəyyənliyə” məruz qalıb.
“Bu bölgələrdə yüksək borc səviyyələri və inflyasiya nəzərə alınmaqla, maliyyə gərginliyi riski yüksək olaraq qalır”, – Dünya Bankı bildirib.
Enerji böhranı
Dünya Bankı qlobal enerji böhranının təsiri ilə bağlı ayrıca qeyddə bildirib ki, Aİ-yə enerji tədarükünün uzadılmış kəsilməsi Avropa və Mərkəzi Asiya ölkələri üçün tənəzzülə səbəb ola bilər və kollektiv hasilat 1,2 faiz azalır.
Bu, Rusiya təbii qazından daha çox asılı olan ölkələrə, alternativ qaz tədarüklərinə və ya daha çox yerli enerji istehsalına çıxışı olan ölkələrə daha az təsir edəcək.