Dünya Bankı: Orta illik inflyasiya 5 faizədək azalacaq

Məhəmməd Talıblı: Dünya Bankı alternativ inflyasiya metedologiyalarını kənara qoyursa, bu təhlilin inandırıcılıq dərəcəsi şübhə altına düşür

Natiq Cəfərli: Dünya Bankının hesabatındakı qeydləri illərdir müstəqil iqtisadçılar problem olaraq qaldırır, ancaq hökumət reaksiya vermir

Source:


Məhəmməd Talıblı: Dünya Bankı alternativ inflyasiya metedologiyalarını kənara qoyursa, bu təhlilin inandırıcılıq dərəcəsi şübhə altına düşür


Natiq Cəfərli: Dünya Bankının hesabatındakı qeydləri illərdir müstəqil iqtisadçılar problem olaraq qaldırır, ancaq hökumət reaksiya vermir

Dünya Bankı (DB) 2017-ci ildə orta illik inflyasiyanın 5%-dək azalacağını proqnozlaşdırır.

APA “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə DB-nin yenilənmiş “Azerbaijan Partnership Program Snapshot” hesabatında deyilir.

2016-cı ildə Azərbaycanda orta illik inflyasiya 12,6% təşkil edib.

DB bildirir ki, bu il orta illik inflyasiyanın azalmasına bazardakı məhdud likvidlik səbəb olacaq.

“Neftin bahalaşmasına baxmayaraq, böyük ehtimalla, bu il də Azərbaycan iqtisadiyyatında durğunluq olacaq. Buna səbəb neft hasilatının azaldılmasıdır. Üstəlik, qeyri-neft sektoruna dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin həcminin azalması və bank sektorundakı ağır vəziyyət də bura təsirsiz ötüşmür. Qeyri-neft sektorunun inkişafı zəif olaraq qalacaq. Belə ki, hökumət makroiqtisadi sabitliyi təmin etmək üçün sərt fiskal və monetar siyasətə üstünlük verməkdə davam edəcək. Bununla yanaşı, 2017-2019-cu illərdə ölkənin fiskal mövqeyi ciddi şəkildə yaxşılaşacaq”, – deyə sənəddə qeyd edilib.

AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Məhəmməd Talıblı bildirib ki, əgər Dövlət Statistika Komitəsi 5 faiz inflyasiyanın olduğunu qeyd edirsə və Dünya Bankı da hesabatında bu quruma istinad edirsə, alternativ inflyasiya metedologiyalarını kənara qoyursa, bu təhlilin inandırıcılıq dərəcəsi şübhə altına düşür:

Məhəmməd Talıblı foto sosial şəbəkə

“Çünki Azərbaycanda iki dəfə devalvasiya qərarı qəbul edilib və inflyasiya ən azı ikirəqəmli olub. Burda 30 faizlik mal pozisiyaları olub ki, 50, 80 faiz inflyasiya baş verib. Yaxud elə məhsullar olub ki, 10 faiz inflyasiyaya məruz qalıb. Amma ümumilikdə 2016-cı ildə ortalama inflyasiya səviyyəsi iki rəqəmdən aşağı olmayıb və bu, birmənalıdır”.

İqtisadçı bu il mal qiymətlərinin bir az da artacağı qənaətindədir:

“2017-ci ildə əhalinin gəlirləri azalacaq və bunun fonunda inflyasiya təzyiqləri daha da güclənəcək. Nəticədə Azərbaycanda iki rəqəmli inflyasiya mütləq qeyd olunacaq. Ən maraqlı odur ki, Mərkləzi Bankın antiinflyasiya tədbirləri hələlik effektiv deyil. Baxın, bir tərəfdən banklar bağlanır, pul kütləsi azalır, əhalinin alıcılıq qabiliyyəti aşağı düşür, kiçik müəssisələr qapanır, böyük şirkətlərdə və dövlət qurumlarında ixtisarlar başlayır. Belə vəziyyətdə xərclər də azalır. Bu mənada inflyasiyanın birrəqəmli olması fikrini bölüşmürəm”.

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Dünya Bankının hesabatı barədə “Facebook” səhifəsində qeydlərini bölüşüb:

“Dünya Bankının “Azerbaijan Partnership Program Snapshot” hesabatından əsas tezislər bunlardır: Birinci, Azərbaycanda 2017-ci ildə də resessiya, yəni iqtisadiyyatın daralması olacaq. İkinci, neft hasilatı düşəcək. Üçüncü, hökumətin və Mərkəzi Bankın manat dövriyyəsini kəskin azaltması məzənnədə müəyyən sabitliyə səbəb olsa da, iqtisadi aktivliyi azaldıb, vətəndaşların daha da yoxsullaşması riskini artırıb. Dördüncü, əsas problem güvənsizlikdir, vətəndaşlar da, biznes də gələcəyə güvənmir. Beşinci, təcili struktur, hüquq, idarəetmə və sistem islahatları olmalıdır. Nəhayət, inflyasiyanın azalacağını deyiblər, amma bunu sərt pul siyasəti və alıcılıq qabiliyyətinin azalması ilə izah ediblər”.

Natiq Cəfərli

Natiq Cəfərli bildirib ki, Dünya Bankının hesabatındakı qeydləri illərdir müstəqil iqtisadçılar problem olaraq qaldırır, ancaq hökumət reaksiya vermir:

“Hörmətli hökumət, biz düşmən dəyirmanına su tökürük, iki eşşəyin arpasını bölə bilmirik, qərəzliyik, bəs sizin ən yaxşı tərəfdaşlarınızdan biri və tez-tez istinad etdiyiniz Dünya Bankına nə sözünüz?! Bircə deməyin ki, onlar da “erməni lobbisinə” işləyir, bu “arqumentiniz” çoxdan çürüyüb. Dünya Bankı Ermənistanı da ciddi tənqid edib-edir, bu lobbi zalım uşağı manyakdır ki, pul verib özlərini də tənqid etdirsinlər?!”.

Ana səhifəXəbərlərDünya Bankı: Orta illik inflyasiya 5 faizədək azalacaq