Dünya Bankı millətlərin sərvətini hesablayıb

”Azərbaycanda adambaşına düşən milli sərvətin dəyəri 85,341 min dollar olub”

Source:


”Azərbaycanda adambaşına düşən milli sərvətin dəyəri 85,341 min dollar olub”

Dünya Bankı “Millətlərin Sərvəti – 2018: Dayanıqlı gələcəyin qurulması” adlı hesabatını

açıqlayıb

.

Hesabatda son 20 ildə dünyada rifah səviyyəsinin yüksəldiyi qeyd olunub, eyni zamanda, bildirilib ki, 20-dən çox ölkədə əhalinin müxtəlif qrupları üzrə adambaşına düşən gəlir bu göstərici üzrə azalıb və ya dəyişməyib.

Sənəddə 1995-2014-cü illər ərzində 141 ölkədə insanların rifah səviyyəsi üzrə göstəricilər yer alıb.

“Norveç adambaşına düşən sərvətin dəyərinə görə 1 mln. 614,756 min dollarla birinci, Qambia Respublikası isə 5,208 min dollarla sonuncu pillədə qərarlaşıb”.

Azərbaycanda isə 2014-cü ildə adambaşına düşən sərvətin dəyəri 85,341 min dollar təşkil edib. 2014-cü ildə Azərbaycanda adambaşına düşən xalis xarici aktivlərin dəyəri 7,384 min dollara bərabər olub.

İqtisadçı Rövşən Ağayev Meydan TV-yə deyib ki, Azərbaycanda milli sərvət ölçülmür:

“Dünya Bankının bu hesabatından bir az şübhəli qaldım. Xarici xalis aktivlərin mənası odur ki, əhaliyə xaricdən çatan vəsaitlərlə, bizim xaricdən aldığımız borclarla xaricilərin bizə borcları arasındakı fərqi göstərir. Məntiqdən belə çıxır ki, yalnız əhalinin sərvətlərini yox, bütövlükdə ölkə üzrə sərvətləri ölçüb”.

R.Ağayev Dövlət Statikstika Komitəsinin milli sərvəti ölçmədiyini deyib:

“Ona görə Dünya Bankının bu barədə rəqəmi mənim üçün sual yaradır, yəni hardan alırlar? O zaman Dövlət Statistika Komitəsi yalan danışır, milli sərvəti ölçürlər, amma ictimailəşdirmirlər, beynəlxalq təşkilatlara verirlər? Bu mənada Dünya Bankının Azərbaycanla bağlı rəqəmin mötəbərliliyinə heç nə deyə bilmərəm, çünki statistikanı haradan aldıqları, bu sərvətlərin tərkibinə nələr daxildir, sırf ev təsərrüfatlarının payı daxildir, yoxsa bütövlükdə ölkə üzrə sərvətləri, bilinmir”.

İqtisadçı bildirib ki, Azərbaycanın rəsmi statistikası milli sərvətin uçotunu aparmır, əhalinin müxtəlif gəlirlilik qrupları üzrə sərvət paylaşımını statistik olaraq müayinə etmir:

“Bizim rəsmi statistika əhalinin sosial qeyri-bərabərliyini yalnız gəlirlər əsasında təqdim edir. Bu statistikanın nə qədər etibarlı olduğunu müəyyən etmək üçün rəqəmlərə diqqət edin: ölkədə ən yoxsul 20 faiz əhalinin adambaşına gəliri ən zəngin 20 faiz əhalinin gəlirindən cəmi 2.2 dəfə azdı. Yəni, bu statistikaya görə yoxsul əhali ayda adambaşına 180 manat, varlı insanlar 400 manat qazana bilir. Təsəvvür edin ki, ölkədə bir tərəfdə sərvətinin dəyəri milyardlarla ölçülən onlarla, milyonlarla ölçülən yüzlərlə ailə təsərrüfatı var, o biri tərəfdə gündəlik çörək pulu uğrunda mübarizə aparan on minlərlə ailə”.

Rövşən Ağayev

Rövşən Ağayev sual edir ki, Azərbaycanda sərvətlərin bölgüsündə bərabərsizliyin real miqyasını təsəvvür etmək üçün hansı hipotezalardan, informasiyalardan çıxış etmək olar? Ümumiyyətlə milli sərvətin özəl sektora (ev təsərrüfatları və biznes) aid olan hissəsinin ehtimal olunan real dəyəri nə qədər ola bilər?.

“Hazırda hətta inkişaf etmiş ölkələrdə də sərvət bölgüsündə bərabərsizlik qalmaqdadır. Məsələn, məşhur fransız iqtisadçı Tomas Pikketinin məlumatına görə, hazırda Fransada milli sərvətin 60 faizi ən zəngin 10 faiz əhali qrupunun əlində cəmlənir, ən yoxsul 50 faiz sərvətlərin 4%-nə, 40% orta təbəqə isə sərvətlərin 36%-nə sahibdir. Göründüyü kimi inkişaf etmiş ölkələrin əsas özəlliyi orta təbəqənin sərvətdə ciddi bir paya malik olmasıdı. Amma əlbəttə ki, ötən 100 ildə inkişaf etmiş ölkələrdə sərvətin dəyəri on dəfələrlə artdığı üçün kasıb 50 faizin adambaşına düşən sərvətin dəyəri yoxsul ölkələrin eyni qrupuna aid göstəricidən əhəmiyyətli dərəcədə çoxdur. Azərbaycan üçün belə bir statistikanın mövcudluğu bizə yuxu kimi görünür. Normalda ölkənin vergi sisteminin və daşınmaz əmlak üzrə reyestrin məlumatları həm biznes, həm də qeyri-biznes təyinatlı daşınmaz əmlakın (bina və tikililər, həmçinin torpaq) dəyəri haqda real məlumatları əldə etməyə imkan verməlidir. Amma bir şərtlə ki, bütün daşınmaz əmlakın bazar dəyəri müəyyən edilmiş olsun. Çox təəssüf ki, Azərbaycanda əmlakın bazar dəyərini müəyyən edən mexanizmlər tətbiq edilmir: yaşayış fondu (həm torpaq, həm də tikililər) sahə ölçüsünə görə, qeyri-yaşayış təyinatlı əsas fondlar (həmçinin binalar) qalıq dəyəri əsasında müəyyən edilir”- iqtisadçı fikrini tamamlayıb.

Ana səhifəXəbərlərDünya Bankı millətlərin sərvətini hesablayıb