Dünəndən bugünə Azərbaycan Silahlı Qüvvələri: 1918-2018


İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd olunur. Bu tarix 1998-ci ildən Silahlı Qüvvələr Günü kimi rəsmiləşdirilib. Meydan TV ötən 100 ilə nəzər salıb. Materialda silahlı qüvvələrin tarixi, müstəqilliyin bərpasından sonrakı illərdə Azərbaycan ordusunun vəziyyəti təsvir edilib. Həmçinin atəşkəs dövrünün qurbanlarından, satqın adı altında cəzalandırılan şəxslərin sonrakı müəmmalı taleyindən, eləcə də müdafiə sektoru-media münasibətlərindən də söz açılıb.


Ordunun yaranması

Müsəlman Şərqində ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu 1918-ci ildə, müstəqillikdən az sonra milli hökumətin qərarı ilə formalaşdırılmış bir ordudur. 1918-ci ildə yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. 1918-ci il iyunun 26-da hökumətin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı və onun ştat cədvəlində dəyişiklik edildi. General-leytenant Əlağa Şıxlinski korpusun komandiri kimi vəzifəsini davam etdirdi. Məhz həmin gün – iyunun 26-sı Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən Silahlı Qüvvələr günü elan edilib və bayram kimi qeyd edilir.

23 aylıq hakimiyyət dövründə Gəncə Hərbi Məktəbi fəaliyyətə başladı, türk və rus zabitlərinin köməkliyi ilə piyada və atlı polklar, artilleriya briqadası, diviziyası yaradıldı. Cümhuriyyət parlamenti 9 qanunvericilik aktını müzakirə etdi, hökumətin qərarı ilə çağırışçılar üçün yaş senzi 19 yaşa endirildi. 1919-cu ilin sonuna olan məlumatlara görə, Azərbaycan Ordusunun ümumi şəxsi heyətinin sayı 20 mindən yuxarı idi. 1918-ci ilin oktyabrında Nazirlər Kabineti Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul etdi. 1918-ci ilin dekabr ayının 26-da artelleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da rus general-leytenantı Əliağa Şixlinski onun müavini təyin edildi. 1919-cu ildə Bakı hərbi limanının formalaşdırılmasına başlanıldı. Həmin ilin payızında təyyarə dəstəsinin, zirehli avtomobillər taqımının, mövqe batareyasının ştatlarının formalaşdırılmasına başlanıldı. Hökumət 1920-ci ilin yanvarında hərbi sənaye kompleksinin yaradılması haqqında qanun layihəsini, Gəncədə tikiləcək hərbi zavodunun smetasını və ştatını hazırlamışdı. 1920-ci ilin fevralında parlament hərbi zavodun tikilməsi və onun üçün 670 milyon vəsaitin ayrılması haqqında qanun qəbul etdi.


Sovet dövrü

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin Rusiya tərəfindən işğalından sonra ordu quruculuğu prosesi yarımçıq qaldı. Bundan sonra isə ordu hissələri ləğv edildi və maddi-texniki hərbi baza dağıdıldı, milli ordu quruculuğu tamamilə dayandırıldı. 70 illik Rusiya istilası dövründə Azərbaycan vətəndaşları Sovet İttifaqının müxtəlif hərbi hissələrində xidmət etdilər. 1971-ci ilin iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Bürosunun qərarı ilə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı və bu, cümhuriyyət dövründən sonrakı illərdə Azərbaycan vətəndaşlarının zabit ixtisaslarına yiyələnməsi istiqamətində əsas addım hesab edilir.


Müstəqilliyin bərpasından sonra

Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra

1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti ordu yaradılması haqqında qanun qəbul etdi. O zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18 110 saylı hərbi hissəsinin bazasında Silahlı Qüvvələrin ilk motoatıcı briqadası formalaşdırıldı.

 Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. Azərbaycan Silahlı Qüvvələrinin qurulması dövrü Azərbaycan və Ermənistan arasında alovlanan müharibə dövrünə düşür.

Bu qısa dövrdə Azərbaycan Silahlı Qüvvələrində 9 dəfə müdafiə naziri dəyişib.

–  Valeh Bərşadlı (5 sentyabr 1991 – 11 dekabr 1991)

– Tacəddin Mehdiyev (11 dekabr 1991 – 17 fevral 1992)

– Şahin Musayev (yanvar 1992 – 24 fevral 1992)

– Tahir Əliyev (24 fevral 1992 – 16 mart 1992)

– Rahim Qazıyev (17 mart 1992 – 20 fevral 1993)

–  Dadaş Rzayev (20 fevral 1993 – 17 iyun 1993)

–  Səfər Əbiyev (17 iyun 1993 – avqust 1993)

–  Vahid Musayev (13 avqust 1993 – 25 avqust 1993)

–  Məmmədrəfi Məmmədov (2 sentyabr 1993 – 6 fevral 1995).

1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanması Azərbaycana imkan verdi ki, ordu quruculuğuna başlasın. 1995-ci ilin fevralında müdafiə naziri Məmmədrəfi Məmmədovu Səfər Əbiyev əvəzlədi və bununla da Azərbaycan tarixinin ən uzun müddətli (19 il!) müdafiə naziri işə başladı.

Bu dövrdə Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici ölkələrin, xüsusilə də Türkiyə ordusu ilə xüsusi əlaqələri yaransa da, bu, çox da intensiv xarakter almadı. 1999-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində durum getdikcə pisləşdi: müxtəlif xəstəliklərdən ölən əsgərlərin fotoları qəzet səhifələrini bürüdü, bu barədə yazan jurnalistləri zorla hərbi xidmətə göndərildilər, Müdafiə Nazirliyi davamlı olaraq ordu mövzusunu işıqlandıran  jurnalistlərlə bağlı məhkəmə iddiası qaldırmağa başladı (

Zamin Hacı, Eynulla Fətullayev

).

2002-2008-ci illərdə Azərbaycanın NATO ilə, xüsusi ilə onun iki aparıcı dövləti olan ABŞ və Türkiyə ilə hərbi əməkdaşlığı maksimum səviyyədə gücləndi. Azərbaycanın hərbi büdcəsi qismən artırıldı. Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Avropa Komandanlığı ilə Azərbaycan Müdafiə Nazirliyi arasında xüsusi əməkdaşlıq sənədləri imzalandı. ABŞ Xəzərdə Azərbaycanın Hərbi Qüvvələrinin və Hərbi Hava Qüvvələrinin müasirləşdirilməsi ilə bağlı maliyyə yardımları göstərdi. Nəticədə Azərbaycan Xəzərdə hərbi müşahidə imkanları baxımından lider ölkəyə çevrilmək şansı əldə etdi. Silahlı Qüvvələrinin müasirləşdirilməsi istiqamətində Azərbaycan NATO ilə xeyli sayda sənədlərə imza atdı.

2008-ci ildə Azərbaycan özünün Milli Təhlükəsizlik Konsepsiyasını qəbul etdi ki, bu sənəddə əsasən ölkənin Avro-atlantik məkana inteqrasiyasının üstünlüyündən danışılırdı.

2008-ci ildə Rusiyanın Gürcüstan ərazilərini işğal etməsindən sonra Cənubi Qafqazda hərbi-siyasi vəziyyət dəyişildi. Azərbaycan rəsmiləri ölkənin xarici siyasətinə korrektələr olacağını açıq bəyan edirdilər.

2008-2013-cü illərdə Azərbaycan tədricən NATO ölkələri ilə əlaqələri kəsməyə başladı. Daha çox Rusiyayönümlü hərbi siyasətin yürüdülməsinə başlanıldı. Azərbaycan Müdafiə Nazirliyinin Pentaqonla hərbi əməkdaşlığı demək olar ki, dayandırıldı, “Xəzərin mühafizəsi” proqramı tam donduruldu. Azərbaycan Silahlı Qüvvələrində bir sıra NATO qaydaları ləğv edildi. 2010-cu ildə qəbul edilmiş Hərbi Doktrina artıq öz məzmununa görə 2008-ci ildə qəbul olunmuş Milli Təhlüksizlik Konsepsiyasından fərqlənirdi və daha çox Azərbaycanın neytral mövqeyinə, orduda daha çox Azərbaycansayağı islahatların həyata keçiriləcəyinə işarə edirdi. Bunun ardınca Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv oldu.

Bu dövr Azərbaycan Silahlı Qüvvələrinin büdcəsinin kəskin artımı kimi qeyd oluna bilər. Hərbi xərclər dəfələrlə artırıldı, nəticədə Azərbaycan zabitlərinin məvacibləri artırıldı. Buna baxmayaraq,

Silahlı Qüvvələrdə ciddi problemlər yaşanmağa başlandı. Müdafiə Nazirliyi qeyri-hökümət təşkilatlarına və mətbuata qarşı aqressivləşdi, tənqidi məqalələr yazanlara, tənqidi fikirlər səsləndirənlərə qarşı təzyiqlər başladı, əsgər ölümlərinin sayı artdı, ordudaxili narazılıqlar çoxaldı. Nəticədə cəmiyyətdə Silahlı Qüvvələrin rəhbərliyinə qarşı kəskin etirazlar başladı. 2013-cü ildə Bakı şəhərində “Əsgər ölümlərinə son” devizi altında etiraz aksiyaları keçirildi. Həmin aksiyanın təşkilatçıları hesab olunan (?) nəfər gənc həbs olundu. Bütün bunların və digər amillərin nəticəsində 2013-cü ilin sonlarında müdafiə naziri Səfər Əbiyev 19 il sahibləndiyi vəzifəsindən uzaqlaşdırıldı və onun yerinə Daxili Qoşunların komandanı Zakir Həsənov təyin edildi. Aksiya iştirakçıları sonralar prezidentin Əfv sərəncamları ilə azad olunsalar da, onlardan biri – İlkin Rüstəmov hələ də həbsdədir.

Zakir Həsənov dövründə Azərbaycan Silahlı Qüvvələrində 100-dən artıq yüksək vəzifəli zabit vəzifədən çıxarıldı, onlarla hərbi qulluqçu həbs olundu. Rusiyayönümlü hərbi siyasət daha aşkar həyata keçirilməyə başladı: Azərbaycan və Rusiya arasında ümumi həcmi 4 milyard dollardan yuxarı olan hərbi-texniki əməkdaşlıq haqqında müqavilə bağlandı. Azərbaycan İsraildən də 1.7 milyard dollarlıq silah və hərbi texnika aldı. 2013-2015-ci illərdə Azərbaycanın müdafiə xərcləri ən yüksək səviyyəsinə çatdı və bunun nəticəsində hərbi hissələrin yenidən qurulması, təmiri, infratrukturun yenilənməsi istiqamətində tədbirlər həyata keçirildi. Silahlı Qüvvələrə minlərlə müddətdən artıq hərbi xidmət qulluqçuları cəlb olundu. Lakin 2016-2017-ci illərdə Azərbaycanın hərbi xərclərinin dəyəri kəskin aşağı düşdü və bu da manatın dəyərinin aşağı düşməsi ilə əlaqədardı. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin sosial təminatında ciddi problemlər ortaya çıxdı. 2015-ci ildən bu yana hərbi qulluqçuların məvaciblərinin artırılması prosesi dayandırıldı.

„Xəzər“ Hərbi Tədqiqatlar İnstitutunun rəyinə görə, 100 illik tarixi olan ordunun hələ də aydın quruculuq planı yoxdur;

–      2014-cü ildən etibarən ordu mövzusunda ictimai müzakirələrə, mətbuat məqalələrinə, araşdırmalara əsas etibarilə qeyri-rəsmi senzura tətbiq edilib;

–      ordu ilə bağlı korrupsiya və rüşvət ittihamları davam edir;

–      əsgər ölümlərinin sayında kəskin artım var və rəsmi statistika ictimaiyyətdən hələ də gizlədilir;

–      Silahlı Qüvvələrin kadrları ilə bağlı durum qeyri-qənaətbəxşdir;

–      hesabatlılıq və şəffaflıq yoxdur;

–      hərbi qanunvericilkdə problemlər qalmaqda davam edir;

–      NATO ilə hərbi əməkdaşlıq formal xarakter daşımağa başlayıb.

24 illik atəşkəs dövrünün ən vacib məqamı 2016-cı ilin aprel ayında cəbhə xəttində baş verənlər oldu. 4 günlük hərbi toqquşma zamanı Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 2000 hektar ərazini işğaldan azad etdiyini bəyan edib. Amma bu döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrin 90 nəfərdən artıq hərbi qulluqçusunu itirib. Digər vacib məqam isə, 2017-ci ilin mayında rəsmi qurumların “ordudakı xəyanətkar qrup” barəsində açıqlaması ilə bağlıdır. Üstündən bir ildən də artıq vaxt keçməsinə baxmayaraq, bu barədə cəmiyyətə hər hansı geniş, dolğun məlumat verilməyib. Mətbuatda bu məsələ ilə bağlı xeyli sayda məqalələr dərc olunub, bir neçə “xəyanətkar” zabitin öldürüldüyü bildirilib. Rəsmi qurumlar bu mövzuda müəmmalı susqunluğunu davam etdirir.

2017-ci ildə bu istiqamətdə vəziyyət daha da pisləşdi. Qeyri-hökumət strukturlarının, xüsusulə də medianın təhlükəsizlik və müdafiə sektoruna girişi ciddi şəkildə məhdudlaşdırıldı və jurnalistlər hüquq-mühafizə orqanları tərəfindən tez-tez sorğu-sual edilməyə başladılar. Bu prosesin nəticəsində ordu cəmiyyətə tam qapadıldı və nəticədə orduda vəziyyət, xüsusilə də hərbi qulluqçular arasındakı münasibətlər gərginləşdi, baş verən cinayətlər, cəzalandırılma prosesi, rüşvət və korrupsiyanın vəziyyəti qapalı saxlanıldı, nəticədə hərbi qulluqçuların sosial durumu olduqca gərginləşdi, əsgər ölümləri, xüsusən də səbəbi bəlli olmayan ölümlərin sayı artdı.

Bu gün Azərbaycan ordusu həm də bir cəza yeri hesab olunur. Cəmiyyətdə öz fəallığı ilə seçilən gənclər cəza növü olaraq hərbi xidmətə göndərilir (

Ülvi Həsənli, Ruslan Əsəd

)

Hazırda əsgər ölümlərinin statistikası cəmiyyətdən tam olaraq gizlədilir və indiyə qədər bu istiqamətdə dövlət strukturları tərəfindən hər hansı məlumatlar verilməyib.

„Xəzər“ Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, 1994-2016-cı illər arasında Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin 2 minə yaxın hərbi qulluqçusu həyatını itirib və ya yaralanıb.  Sözügedən 22 illik müddətdə ən azı 785 Azərbaycan hərbçisi erməni gülləsindən ölüb, yaralananların ümumi sayı isə 850 nəfərdən yuxarıdır. 125-dən artıq Azərbaycan hərbçisi mina partlayışından vəfat edib. 210-dan artıq hərbi qulluqçu isə mina partlayışından yaralanıb. Bundan başqa, sözgüdən müddətdə Azərbaycanın 70-dən artıq mülki vətəndaşı yaralanıb, həmin dövrdə həlak olan mülki vətəndaşların sayı isə 30-dan yuxarıdır. Mina partlayışından ölən mülkilərin sayı 35 nəfər, yaralananların sayı isə 52 nəfərdir. Qeyd edilən dövrdə Azərbaycanın 10 mülki vətəndaşı girov götürülüb, sonradan qaytarılıb.

22 ildə Azərbaycan Silahlı Qüvvələrinin 30-dan artıq hərbi qulluqçusu əsir götürülüb və onlardan 5-i 3-cü ölkəyə göndərilib, qalanları isə müxtəlif vaxtlarda Azərbaycana qaytarılıblar.

2017-ci ildə isə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ən azı 59 hərbi qulluqçu vəfat edib. Dünyasını dəyişənlərin 19 nəfəri döyüş, 40 nəfəri isə qeyri-döyüş itkisidir.

Diqqətçəkən məqamlardan biri Müdafiə Nazirliyinin və digər hərbi strukturların cəmiyyət qarşısında hər hansı hesabatlılığının olmamasıdır. İndiyə qədər Milli Məclis qarşısında, onun təhlükəsizlik və müdafiə sektoruna cavabdeh olan komitə və komissiyaları qarşısında Müdafiə Nazirliyinin ictimai yük daşıyacaq hesabatı baş verməyib. Silahlı Qüvvələrlə bağlı qəbul edilən qərarlar, hərbi büdcənin formalaşdırılması ilə bağlı proseslər, silah alışı ilə bağlı verilən qərarlar hakimiyyətdəki kiçik qrupun nəzarəti və diqtəsi altında həyata keçirilir və cəmiyyət strukturları bu prosesdən tamamilə kənar saxlanılır.

Azərbaycan prezidenti İlham Əliyev həm də 15 ildir Ali Baş Komandandır. Ötən 4 seçkidə verdiyi vədlərin əsasını Qarabağ probleminin həlli təşkil etsə də, bugünədək işğal altında olan rayonlardan heç biri geri qaytarılmayıb.

Ana səhifəVideoDünəndən bugünə Azərbaycan Silahlı Qüvvələri: 1918-2018