Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycandakı xarici ölkə səfirliklərindən birinə qarşı mümkün hücumla əlaqədar üç Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb.
DTX-nın məlumatında hücumun hansı səfirliyə qarşı planlaşdırıldığı açıqlanmayıb. Saxlanılan şəxslərdən birinin 26, digərinin isə 21 yaşının olduğu bildirilir.
Qurum onların dini motivlər zəminində terror aktı törətməyə hazırlaşdıqlarına dair şübhələrin mövcud olduğunu qeyd edir.
Məlumatda iddia olunur ki, saxlanılan şəxslər İŞİD-in “Vilayəti-Xorasan” adlı qruplaşması ilə əlaqədə olublar və qrup halında səfirliyə hücum məqsədilə silah kimi istifadə edilə bilən əşyalar əldə ediblər.
Qurumun bildirdiyinə görə, şübhəlilər səfirliyin yerləşdiyi əraziyə yaxınlaşdıqları zaman saxlanılıblar.
Saxlanılanların qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq maddələri ilə təqsirləndirildiyi və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi bildirilir.