DTX rəisinin biznes maraqlarını təmsil edən şəxs 3 milyonluq tender qazandı

Foto: ChatGpt

Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti Bakının mərkəzində yerləşən eyni ünvandakı ofis sahələrini eyni şirkətdən “Faktor Qrup-S-1” QSC-dən “Bir mənbə” metodu ilə icarəyə götürüb. Müqavilələrin ümumi dəyəri 2 milyon 957 min 447,2 manatdır.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlara əsasən, satınalmalar son 1 ay içində həyata keçirilib.

Portal məlumatlarına əsasən, agentlik 23 yanvar 2026-cı ildə “Faktor Qrup-S-1” QSC ilə 1 illik ofis icarəsi müqaviləsi bağlayıb.

Beləliklə, eyni şirkət qısa müddət ərzində iki dövlət qurumuna eyni ünvandan təxminən 3 milyon manatlıq ofis icarəyə verib.

Hər iki satınalma “bir mənbə” üsulu ilə həyata keçirilib. Bu üsul dövlət satınalmaları haqqında qanunvericiliyə əsasən müəyyən hallarda, məsələn, alternativ təchizatçı olmadıqda və ya təcili ehtiyac yarandıqda tətbiq edilir.

“Bir mənbədən” satınalma metodu rəqabət olmadan birbaşa bir şirkətlə müqavilə bağlanması deməkdir, belə halda detallar ictimaiyyətə açıqlanmır.

Eyni şirkətin qısa zaman intervalında iki böyük dövlət qurumu ilə eyni ünvana dair müqavilə bağlaması isə satınalmanın əsaslandırılması və bazar alternativlərinin olub-olmaması ilə bağlı suallar yaradır.

Meydan TV-nin daha əvvəl dərc etdiyi araşdırmada “Faktor Qrup-S-1” Qapalı Səhmdar Cəmiyyətinin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin biznes maraqlarını təmsil etdiyi bildirilən Hüseyn Yaşar oğlu Məmmədova məxsus olduğu ortaya qoyulub.

Ana səhifəXəbərlərDTX rəisinin biznes maraqlarını təmsil edən şəxs 3 milyonluq tender qazandı