Məlumatda baş redaktorun istintaq materiallarının detalları açıqlanıb
Dövlət Təhlükəsizlik Xidməti (DTX) “reallıq.info” saytının baş redaktoru İkram Rəhimov barəsində məlumat paylaşıb. Məlumatda istintaq materiallarının detalları
açıqlanıb.
Baş redaktorun Meydan TV-yə göndərdiyi
məktubundan
sonraya təsadüf edən bu məlumatda bildirilir ki, “bəzi informasiya saytlarında qeyd olunan tədbirlərin mahiyyətini təhrif edən məlumatlara rast gəlinir”.
DTX mətbuat xidmətinin açıqlamasında qeyd olunur ki, İkram Rafiq oğlu Rəhimovun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri araşdırılıb. Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Məlumatda deyilir ki, İkram Rəhimova elan edilən ittihama əsasən, o, 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Elxan Dadaşovdan mətbuatda sahibkarlıq fəaliyyəti zamanı qanunsuzluqlara yol verdiyinə dair məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.
İttihama əsasən, İkram Rəhimov zərərçəkmiş Zakir Hüseynovdan barəsində mətbuatda şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 2016-2018-ci illər ərzində müxtəlif vaxtlarda mütəmadi olaraq pul vəsaiti tələb edərək alıb.
“İkram Rəhimov 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Rafiq Ədilovdan davamlı olaraq mətbuatda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.
Daha sonra, İkram Rəhimov 2017-ci ilin dekabr ayında fərdi sahibkar Cabir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.
Bundan əlavə, İkram Rəhimov 2018-ci ildə zərərçəkmiş Azər Mirzəyevdən, guya müxtəlif qanunsuz əməllərə yol verdiyinə dair mətbuatda məlumatlar yayacağı hədəsi ilə müxtəlif tarixlərdə pul vəsaiti tələb edərək alıb,”- məlumatda vurğulanır.
İkram Rəhimov isə həbsinin sifarişli olduğunu, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov haqqında yazdığı tənqidi yazıdan sonra saxlanıldığını bildirir.
İkram Rəhimov 2018-ci il oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb. Baş redaktor ittihamları rədd edir.