Marat Ueldanov yarışda qida təşkili məsələləri ilə məşğul olub
Rusiya vətəndaşı Marat Ueldanov (Qalustyan) 2016-cı il iyunun 9-dan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. Bu barədə “Rusarminfo”ya Marat Ueldanovun bacısı Mariana Mirzoyan məlumat verib.
Avstriyanın Do&co şirkətinin əməkdaşı olan Ueldanov Bakıda keçirilən “Formula 1” yarışları zamanı qida təşkili məsələləri ilə məşğul olub.
Bacısı bildirib ki, Marat 1982-ci ildə Bakıda anadan olub: “Pasportuna erməni soyadı yox, həyat yoldaşının soyadı yazılıb. O, 2015-ci ilin martında Birinci Avropa Oyunlarında çalışıb. 2016-cı il iyunun 6-da çalışdığı Do&co şirkəti vasitəsilə Bakıya göndərilib. Bakıya gələndən sonra onunla əlaqə qurmaq mümükün olmayıb” – deyə bacısı bildirib.
Sonradan məlum olub ki, iyunun 9-da Marat və iş yoldaşı Yelena Makarenko həbs olunub. 15 gündən sonra Yelenanı saxlanma təcridxanasından azad ediblər və o, Moskvaya qayıdıb.
Bacısı bildirib ki, Marat Bakıda doğulub və kimsə onun erməni olması barədə məlumat verib.
Mariana qardaşının həbsi ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib.Səfirlikdən Marianaya bildiriblər ki, “erməni olması onun müdafiəsini çətinləşdirir”.
Səfirlikdən APA-ya bildirilib ki, bu il iyunun 23-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən AR Cinayət Məcəlləsinin 234.4.3 maddəsi üzrə (külli miqdarda narkotikin əldə edilməsi və saxlanması) ittiham edilən Rusiya vətəndaşı M.V. Ueldanovun saxlanılması və istintaq təcridxanasında yerləşdirilməsi ilə bağlı Azərbaycan XİN-dən nota daxil olub: “Bir neçə gün sonra Mariana Mirzoyan adlı şəxs səfirliyə müraciət edərək saxlanılan şəxsin onun qardaşı olduğunu və gerçək familiyasının Qalustyan olduğunu deyib. O bildirib ki, qardaşı narkotiklərin qeyri-qanuni dövriyyəsinə görə yox, casusluq şübhəsi əsasında həbs edilib”.
Səfirlik bildirir ki, dərhal Azərbaycanın səlahiyyətli orqanlarına müraciət edilib: “Müraciət müvafiq izahın əldə edilməsi və konsulluq şöbəsi əməkdaşlarının vətəndaşla görüşünə icazə verilməsi ilə bağlı olub. Bununla bağlı Azərbaycan tərəfinə iyulun 5-də nota göndərilib”.
Azərbaycan DTX-dan Marat Ueldanovun həbsi ilə bağlı şərh almaq mümkün olmayıb.