Deputat Fazil Mustafaya qarşı silahlı sui-qəsd cəhdindən sonra hadisə ilə bağlı rəsmi açıqlamaları tənqid edən ictimai fəallar Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb.
Hadisədən bir gün sonra – martın 29-da ictimai fəal Sahilə Cabbar Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb. O deyir ki, idarədə onlarla şəxsin eyni səbəbdən çağırıldığını görüb.
“Məni sadəcə olaraq Fazil Mustafa ilə bağlı yazdığım ironik statusa görə çağırmışdılar və əllərində qalaq-qalaq skrinşotlar var idi. Biz getdiyimizdə gözləmə zalında bir xeyli adam var idi və onları da eyni məqsədlə çağırmışdılar. Hətta hər hansısa bir statusu “like” edənləri belə yığıb doldurmuşdular “şahidlər otağına”.
Aprelin 13-də “Demokratiya 1918” Hərəkatının üzvü Samir Axundzadə də Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. Fəal bildirib ki, onu Fazil Mustafa ilə bağlı yazdığı statusa görə dəvət etdiklərini bildirsələr də, çağırılmasına əsas səbəb inanclı şəxslərinin həbsini tənqid etməsi olub:
“Fazil Mustafa ilə bağlı yazdığım ironik statusa görə çağırıldığımı bildirdilər və dedilər ki, sən bununla İran agenturasına köməklik edirsən, onlar bu status vasitəsilə səndən istifadə edə bilərlər. Bundan başqa, sən insanların fikrini İran agenturasına qarşı dəyişdirə bilərsən”.
Hüquqşunas Səməd Rəhimli deyir ki, nə Dövlət Təhlükəsizliyi Xidməti, nə də Daxili İşlər Nazirliyi vətəndaşları xəbərdarlıq etmək məqsədilə çağıra bilər.
Fəallar hesab edir ki, ayrı-ayrı şəxslərin düşüncələrini ifadə etdikləri üçün xəbərdarlıq məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılması cəmiyyətə qorxu və təşviş toxumlarını səpmək məqsədi güdür:
“Onları daim nəzarət altında saxlamaq istəyirlər. Məndən qabaq da bir neçə nəfər bu məsələyə görə DTX-ya çağırılıb. Mənə görə qorxu mühiti yaratmaq istəyirlər. Ölkə tam bir totalitarizmə doğru gedir”.
“Bunlar sadəcə nəsə demək istəyənlərin gözündə qorxu yaratmaq üçün görülən tədbirlərdir və bunların heç bir əsası yoxdur. Hətta çağrılanlar heç biri rəsmi bildiriş olmadan, təhdid olunaraq çağırılırlar”.
Martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında silahlı hücum olduğu bildirilir. Ona “Kalaşnikov” konstruksiyalı avtomat silahdan atəş açıldığı deyilir. DTX silahlı hücumu terror aktı adlandırıb və istintaqın ilkin rəyinə əsaslanaraq hadisədə İran izi göründüyünü bildirib. Bununla yanaşı, ölkədə inanclı şəxslər kütləvi həbs edilir. Həbs olunanların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülsə də, bəzi media orqanları onları İran casus şəbəkəsinin üzvləri kimi təqdim edir.