"Orxan Camalovun “Meşə qardaşları” ilə də əlaqəsi olub"
2014-cü ildə Azərbaycanı tərk edərək “İŞİD” terror təşkilatının Suriyadakı silahlı qruplaşmasına qoşulmaqda ittiham olunan Orxan Camalovun saxlanıldığı deyilir.
Bu barədə Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat
yayıb
.
DTX rəsmi məlumatında Orxan Camalovun əvvəllər məhkum olunduğunu qeyd edib: "O, Zaqatala rayon sakini İlqar Mollaçiyevin rəhbəri olduğu “Meşə qardaşları” adlı qanunsuz silahlı birləşməsi ilə əlaqəli olub və əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvana baxış keçirilərkən əl qumbaraları, müxtəlif çaplı patronlar aşkarlandığına görə müvafiq cinayət işi üzrə məhkum olunub. Orxan Camalov azadlığa çıxdıqdan sonra “Hanzala” ləqəbli Şamil adlı şəxsin dəvəti və köməyi ilə 2014-cü ilin avqust ayında Türkiyəyə, oradan isə qanunsuz yollarla Suriyanın Rakka şəhərinə gedib. Orxan Camalovun orada “İŞİD” terror təşkilatına tabe olan “Azəri camaatı” adlı qanunsuz silahlı birləşməyə qoşulmasına, həmin cinayətkar qrupun tərkibində təlimlərdə və silahlı münaqişələrdə iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib".
Məlumatda Orxan Camalovun Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə iştirak etmə) və 283-1.3-cü (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə məqsədilə yaradılmış qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi bildirilib.
"Orxan Camalov dindirilmə zamanı din adı altında aldadılaraq həmin bölgəyə getdiyini, orada baş verən hadisələrin dinin əsl mahiyyətinə zidd olduğunu və törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiyini deyib", – DTX-nin açıqlamasında belə deyilir.