Onlar külli miqdarda narkotik vasitə keçirməkdə şübhəli biliniblər
Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Təhlükəsizliyi Xidmətinin Xəzər dənizində əməliyyat keçirdiyi bildirilir.
Bu barədə iyunun 25-də hər iki qurumun yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, dövlət sərhədini pozmaqla Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri saxlanılıb:
“Xəzər dənizinin Xızı rayonu ərazisində sahildən 500 metr məsafədə Şorabad qəsəbəsi istiqamətində sürətlə hərəkət edən 2 ədəd naməlum üzmə vasitəsi müşahidə edilib. Aşkarlanmış hədəflərin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb”.
Məlumatda sərhədi pozanlara silah tətbiq edildiyi bildirilir:
“Əməliyyat-axtarış tədbirləri və uzun sürən təqiblər nəticəsində saat 02:48-də sərhədçilərin qanuni tələblərinə tabesizlik göstərərək narkotik vasitələri dənizə atıb ərazidən uzaqlaşmağa cəhd edən sərhəd pozucularının saxlanılması məqsədi ilə “Dövlət sərhədi haqqında” Qanunun tələblərinə uyğun olaraq silah tətbiq edilib. Nəticədə layner tipli itisürətli üzmə vasitələrindən biri 2 nəfər heyət üzvü ilə birlikdə, ikinci üzmə vasitəsinin isə heyət üzvlərindən biri saxlanılsa da, digəri itkin düşüb. Gəmi heyəti tərəfindən yaralı sərhəd pozucularına ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslaşmış tibb müəssisəsinə təxliyə ediliblər”.
“Saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları Gülüstan əyalətinin Bender-Türkmən şəhər sakinləri 1984-cü il təvəllüdlü Behman Qasim, 1983-cü il təvəllüdlü Nuri Nurməmməd Bəhrəmxalid, 1984-cü il təvəllüdlü Rəhim Ounek Anna olduqları, dövlət sərhədini narkotik vasitələri qeyri-qanuni yolla ölkə ərazisinə keçirmək məqsədi ilə pozduqları müəyyən edilib. İranın mütəşəkkil qaçaqmalçı qrupunu qarşılamaq niyyəti ilə həmin əraziyə dənizin sahilinə gəlmiş Azərbaycan vətəndaşları 1982-ci il təvəllüdlü Elxan Əliyev və 1976-cı il təvəllüdlü Esmira Məmmədova saxlanılıb”, – deyə əlavə olunub.
Həmçinin qeyd olunur ki, hazırda Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri və dalğıclar tərəfindən digər itkin düşmüş sərhəd pozucusu İran vətəndaşı 1985-ci il təvəllüdlü Həmid Vəkilinin və dənizə atılmış digər maddi sübutların axtarışı həyata keçirilir.