DSX-nin çavuşu vəfat edib

Foto: DSX

Hərbi qulluqçunun ölümü ilə bağlı detallar açıqlanmayıb

Fevralın 3-də Dövlət Sərhəd Xidmətinin (DSX) müddətdən artıq həqiqi hərbi qulluqçusu, çavuş Ceyhun Nabatəlizadənin qeyri-döyüş şəraitində vəfat etdiyi bildirilir.

DSX-nin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda deyilir ki, hadisə Yevlax şəhərində yerləşən hərbi hissədə baş verib.

“Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri hadisə yerinə ezam olunub”, – məlumatda deyilir.

Həmçinin çavuşun vəfatıyla əlaqədar prokurorluğun araşdırma apardığı qeyd olunub.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) yanvarın 30-da yaydığı hesabatda bildirilir ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 110 nəfərdən artıqdır.

Bildirilir ki, onlardan 85 nəfər qeyri-döyüş şəraitində həlak olub, 12 nəfər intihar edib.

2021-ci ilin dekabrında açıqlanan son rəsmi məlumata görə, işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub.

109 hərbi qulluqçu və 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

2020-ci il senytabrın 27-də Ermənistan-Azərbaycan silahlı qüvvələri arasında başlayan müharibə 44 gün çəkib.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Bu müharibə zamanı Azərbaycanın 3 min hərbi qulluqçu, 100 civarında mülki şəxs itirdiyi açıqlanıb. Həmin günlər mülki şəxslərin, əsasən, Gəncə şəhəri, Bərdə və Tərtər ( Yevlaxla qonşudurlar) rayonlarına atılan bombalardan həlak olduğu bildirilmişdi.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ana səhifəSosialDSX-nin çavuşu vəfat edib