Azərbaycan və Ermənistan bir-birini atəş açmaqda günahlandırır

DSX bildirir ki, hadisə ilə bağlı Rusiya sərhədçiləri Azərbaycanlı həmkarlarına müraciət edib.

Source: https://jam-news.net/az


DSX: "Azərbaycan sərhədçiləri təmkinlik nümayiş etdirib və cavab atəşi açmayıblar"

“Aprelin 21-i axşam saalarında Azərbaycan-Ermənistan dövlət sərhədində, daha dəqiq Zəngilanın Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub”.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) aprelin 22-də yaydığı açıqlamada belə deyilir.

Bildirilir ki, bu, Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 21-də Zəngəzur vilayətinə səfərindən sonra olub.

DSX bildirir ki, hadisə ilə bağlı Rusiya sərhədçiləri Azərbaycanlı həmkarlarına müraciət edib.

Təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqları bildirilir: “Onlar bizdən hadisəyə reaksiya verilməməsini xahiş ediblər. Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilib və cavab atəşi açılmayıb. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilib”.

DSX qeyd edir ki, eyni zamanda, həmin gün Qubadlı rayonunun Şurnuxu kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndirib: “Rəsmi olaraq bildiririk ki, bu cür təxribat halları gələcəkdə bir daha təkrarlandığı halda tərəfimizdən ən kəskin cavab tədbirləri görüləcək”.

Qarşı tərəf isə əksini söyləyir. Dağlıq Qarabağdakı tanınmayan separatçı qurum açıqlama verərək Azərbaycanın "təxribatçı və aqressiv" hərəkətlərini kəskin pislədiyini

bildirib

.

Açıqlamada deyilir ki, Azərbaycanın silahlı qüvvələri aprelin 20-də Xankəndi, eləcə də Əsgəran rayonunun Şoş və Mxitaraşen məntəqələri istiqamətində atəş açıb: “Atəş nəticəsində Xankəndində yaşayış evinin damı zədələnib”.

Azərbaycan Ermənistan silahlı qüvvələri arasında 2020-ci il sentyabrın 27-də döyüşlər başlayıb.

44 günlük müharibədə Azərbaycan işğal altında olan rayonlarının 7-ni azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında müharibənin bitməsi ilə bağlı razılaşma imzalanıb.

Razılaşmaya əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasətAzərbaycan və Ermənistan bir-birini atəş açmaqda günahlandırır