DSX: “6 İran vətəndaşı Azərbaycanla sərhədi pozmağa cəhd edib”

Foto: DSX

Sərhəd Xidməti əməliyyatda PUA-dan istifadə etdiyini açıqlayıb

Aprelin 4-də saat 20:45 radələrində 6 İran vətəndaşı Cəbrayıl rayonunun Şıxalıağalı kəndi yaxınlığındakı dövlət sərhədini pozarkən sərhədçilərə atəş açıb.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

DSX sərhədi pozanlardan birinin zərərsizləşdirildiyini bildirib: “Digər 5 nəfər ərazinin sıx qamışlıq, havanın qaranlıq olmasından istifadə edərək ərazidən uzaqlaşıb və qaçmağa müvəffəq olub”.

Saxlanılan sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı, 1996-cı il təvəllüdlü Behnam Balai olduğu qeyd edilib:

“Onda AKM tipli “Kalaşnikov” avtomatı, 3 ədəd bağlamada çəkisi 32 kiloqram 270 qram külli miqdarda narkotik vasitə aşkarlanıb”.

“Hadisə yerindən uzaqlaşan digər sərhəd pozucularının saxlanılması məqsədilə pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə xüsusi axtarış qruplarının həyata keçirdiyi intensiv tədbirlər nəticəsində Məhəmməd Zarehi Tağı da saxlanılıb”, – deyə açıqlamada vurğulanır.

Bildirilir ki, hadisə barədə İran tərəfi məlumatlandırılıb və cinayət işi açılıb.

Ana səhifəXəbərlərDSX: “6 İran vətəndaşı Azərbaycanla sərhədi pozmağa cəhd edib”