Keçmiş sədr isə maliyyə nazirinin müavini təyin olunub
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Bu barədə DSMF məlumat yayıb.
Zəka Mirzəyev 1978-ci ildə anadan olub. 2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb. 2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.
Aprelin 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Qabil oğlu Məmişov vəzifəsindən çıxarılaraq Prezidentin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib.
Prezidentin imzaladığı digər sərəncamla isə Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilərək maliyyə nazirinin birinci müavini təyin edilmişdi.