DSK: Azərbaycanda narkomanların sayı artıb

Foto: Meydan.TV

Səhiyyə mərkəzlərində qeydiyyatda olan alkoqol aludəçilərinin sayında isə son zamanlar azalma müşahidə edilib

Azərbaycanda narkomaniya diaqnozu qoyulan insanların sayı artaraq 5 min 964 nəfər olub.

Dövlət Statistika Komitəsinin (DSK) səhiyyəyə dair açıqladığı ötən ilin göstəricilərində belə deyilir.

2019-cu ildə narkomaniya diaqnozu qoyulan insanların sayı 2 min 831, 2020-ci ildə 2 min 723 nəfər oluib. 2021-ci ilin göstəriciləri (5 min 964 nəfər) ən son açıqlanan saydan 2 dəfə artıqdır.

DSK-nın məlumatından aydın olur ki, bu gün Azərbaycanda hər 100 min nəfərə düşən narkomaniya xəstələrinin sayı 29-dan 60-a yüksəlib. Hazırda Azərbaycan xəstəxanalarında 35 min 232 narkomaniya xəstəsi qeydiyyatdadır.

Narkotik və psixoaktiv maddələrdən istifadə nəticəsində yaranan psixi və davranış pozuntuları hallarında da kəskin artım var. 2021-ci ildə 568 hal qeydə alınıb. Ötən il isə bu rəqəm 5 dəfə artaraq 2 min 418 olub.

2021-ci ildə narkotiklə bağlı cinayət sayında da artım olub. Qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsinə, daşınmasına, saxlanmasına və satılmasına görə baş verən cinayətlər bir il içərisində 4 min 832-dən 8 min 42-ə yüksəlib. Rəqəmlərdən aydın olur ki, bir il ərzində iki dəfəyə yaxın artım qeydə alınıb.

Dövlət Statistika Komitəsi
Foto: Meydan tv

Ötən il narkotiklərlə bağlı cinayət olaylarında 6 min 500-ə yaxın şəxs məhkum edilib. 2020-ci ildə bu göstərici 4 min 200 nəfər olub.

Komitə bildirir ki, 2021-ci ildə 439 nəfərə ilk dəfə alkoqolizm və alkoqol psixozu diaqnozu qoyulub. 2020-ci ilədək isə bu rəqəm hər dəfə 500 nəfərdən çox olub.

Səhiyyə mərkəzlərində qeydiyyatda olan alkoqol aludəçilərinin sayında isə son zamanlar azalma müşahidə edilib. Məsələn, 2021-ci ilin sonunda xəstəxanalarda 10 min 514 şəxs alkoqolizm və alkoqol psixozu diaqnozu ilə qeydiyyatda olub. 2018-ci ildə bu rəqəm 20 mindən çox imiş. Hazırkı rəqəmlərdən aydın olur ki, Azərbaycanda əhalinin hər 100 min nəfərinə 105 alkoqolizm və alkoqol psixozu diaqnozlu xəstə düşür. 2019-cu ilədək bu göstərici 200-dən artıq olub.

Son illərdə sərxoş vəziyyətdə cinayət törədənlərin də sayında azalma qeydə alınıb. Məsələn, 2021-ci ildə sərxoş vəziyyətdə cinayət törədənlərin sayı 199 nəfər olub. 2020-ci ildə bu rəqəm 263, 2019-cu ildə 600-dən yuxarı olub.

Ana səhifəSosialDSK: Azərbaycanda narkomanların sayı artıb