DSK: Azərbaycana ən çox Rusiyadan, Türkiyədən və Hindistandan turist gəlib

Qafqaz turizmi. Mənbə: Sotnikov Misha/shutterstock

Əvvəlki illə müqayisədə ölkəyə gələnlərin sayı artıb

Bu ilin ilk yarısında Azərbaycana 179 ölkədən 1 milyon 231 min nəfərdən çox turist gəlib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34 faiz artım deməkdir.

Gələnlərin çoxu, 29,2 faizi Rusiyadan, 17,3 faizi Türkiyədən, 9,7 faizi Hindistandan olanlardır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir.

Bildirilir ki, ölkəyə gələn turistlərin 8,7 faizi İran, 4,1 faizi Gürcüstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 3,1 faizi Qazaxıstan, 2,5 faizi Pakistan gəlib.

Yerdə qalanlardan 1,7 faizi Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər biri 1,3 faiz olmaqla Çin, Küveyt və Türkmənistan, 1,1 faizi Belarusdan gələnlərdir.

2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 49 faiz artaraq, 200 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 30 faiz artaraq 46,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 22,3 faiz artaraq 472,8 min nəfər olub.

DSK bildirir ki, gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,5 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

Ən son iyunun 24-də Baş nazir Əli Əsədovun imzaladığı qərarla Azərbaycanın quru sərhədləri oktyabrın 1-dək uzadılıb.

Ölkənin sərhədləri 4 ildən artıqdır ki, qapalıdır. Bu da gələn turist sayının azalmasına təsir edir.

İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalır:


“Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər”.

Vüqar Bayramov
Foto: Meydan TV

Müstəqil ekspertlər, iqtisadçılar, müxalifət partiyaları da dəfələrlə açıqlamalarında quru sərhədlərin bağlı qalmasının həm ölkənin turizm sektoruna, həm də insanların cibinə mənfi təsir etdiyini açıqlayıb. Belə ki, hava nəqliyyatı baha olduğundan ölkəyə gələn turistlər çox pul xərcləməli olur, bu da gələnlərin sayına mənfi təsir edir. Eyni zamandan, sərhədlərin bağlı olması Azərbaycan vətəndaşlarının da ölkədən çıxmaq üçün daha çox pul xərcləmələrinə gətirir.

Koronavirus pandemiyası dünyada 2019-cu ilin sonundan yayılmağa başlayıb. Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın əvvəlindən elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb. Sonradan dəfələrlə karantin rejiminin vaxtı uzadılıb.

Azərbaycanda isə sərhədin bağlı qalması əsasən COVİD 19 pandemiyası ilə əlaqələndirilir. Prezident İlham Əliyev isə bu barədə ən son açıqlamasında bağlı sərhədi təhlükəsizliklə əlaqələndirmişdi.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan edib.

Müstəqil ekspertlər Azərbaycanda sərhədin bağlı olmasının COVİD-lə bağlı olmadığını, altında başqa məqsədlər olduğunu söyləyir.

Ana səhifəSosialDSK: Azərbaycana ən çox Rusiyadan, Türkiyədən və Hindistandan turist gəlib