Mart ayının sərnişindaşıma göstəricisi son 2 ilin eyni ayının orta göstəricisindən 17 faiz azdır
Dövlət Statustika Komitəsi 2020-ci ilin ilk 3 ayının sosial-iqtisadi yekunları ilə bağlı hesabat açıqlayıb.
Hesabatdan görünür ki, martda turizm və restoran sektorunda yaranan əlavə dəyərin həcmi 76 mln. manat olub. Bu, 2019-cu ilin mart ayına nisbətən 2.1 dəfə (87 mln. manat), 2018-ci ilin mart ayı ilə müqayisədə isə 2.2 dəfə (93 mln. manat) azdır.
3 ayın yekunlarına görə, 2020-ci ilin yanvar-martında turizm və ictimai-iaşə sektoru real ifadədə ötən ilin eyni dövrünə nisbətən 14 faiz kiçilib.
İqtisadçı Rövşən Ağayev deyir ki, martda rəsmi şəkildə sərt karantin rejimi tətbiq edilməsə də, insanların kütləvi yerlərdən və tədbirlərdən özlərini mümkün qədər uzaq tutmağa çalışmasının, kütləvi məclis və mərasimlərin təxirə salınmasının nəticələri özünü göstərib:
“Çox güman ki, bu azalmada əsas rolu şadlıq və mərasim evlərinin fəaliyyətinin məhdudlaşması həlledici rol oynayıb”.
Sərnişindaşımada da azalma özünü göstərib. Statistika Komitəsinin məlumatında bildirilir ki, 2018 və 2019-cu illərdə marta ayında nəqliyyat sektorunda sərnişin daşıma dövriyyəsi 156-157 mln. nəfər təşkil etdiyi halda, bu ilin martında 130 mln. nəfər qeydə alınıb.
2020-ci ilin mart ayının sərnişindaşıma göstəricisi son 2 ilin eyni ayının orta göstəricisindən 26 mln. nəfər və ya 17 faiz azdır.
Rövşən Ağayev deyir ki, çox heyf komitə elektrik enerjisi, qaz və su istehlakı barədə hər hansı məlumat vermir: “Hazırda bu məlumatlar iqtisadiyyata baş verən prosesələri daha dəqiq izləməyə imkan verən əsas mənbələrdən biridir”.
İqtisadçı əlavə edir ki, iqtisadi perspektivləri qiymətləndirərkən realist olmaq lazımdır. Çünki 2020-ci ilin ciddi iqtisadi daralma ilə başa çatacağı artıq aydın görünür. Hətta BVF-nin 3 faizlik kiçilmə proqnozunun reallaşması belə ağır sosial-iqtisadi nəticələr doğuracaq:
“Sayı 100 milyonlarla ölçülən işsizlər və yoxsul ordusuna on milyonlarla yeniləri qoşulacaq. Amma bir məqamı unutmamaq lazım: hətta ən nikbin ssenaridə 2021-ci ildə 4-5 faiz artım olsa belə, dünya iqtisadiyyatı hələ 2019-cu ildəki səviyyəyəni bərpa edəcək. Qaldığı yerdən böyümək, böhranaqədərki qlobal tələb səviyyəsini bərpa etmək üçün 2022-ci ili gözləmək lazım olacaq”.
Rövşən Ağayev deyir ki, iqtisadiyyat insan davranışları üzərində bərqərardır. Yeni alışqanlıq, vərdiş və çəkingənlikləri, yeni oyun qaydalarını göz önündə tutası olsaq, bərpa prosesinin dərhal baş verəcəyi ilə bağlı optimist gözləntiləri bir kənar qoymaq lazım gəlir:
Nə qədər realist olsaq, yaşayış və düzənimizin yoluna düşməsi zamanı üzləşə biləcəyimiz potensial risk və çətinlikləri bir o qədər səbrlə qarşılaya biləcəyik”.
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 155 minə yaxın şəxsin vəfat etdiyi
bildirilir
. Dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülüb. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.
Martın 29-dan da xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərməyə başlayıb. Martın 31-dən aprelin 20-nə kimi metroda fəaliyyət tamamilə dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.
Aprelin 2-də isə ayın 5-i saat 00:00-dan 20 aprel saat 00:00-dək hərəkət məhdudiyyəti ilə bağlı növbəti qərar qəbul
edildi
. Yeni qərara əsasən, sadə insanlar yalnız 3 halda evdən çıxa biləcəklər. Tibbi zərurət yarandıqda, ərzaq almaq üçün, poçt xidmətlərindən istifadəyə görə, yaxın qohumunun dəfnində iştirak etmək üçün. Üstəlik, onlar yaşayış yerini tərk etmək üçün icazə almaq üçün 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər. Yalnız izin verildikdən sonra çıxa biləcəklər.
Yoluxanların sayına gəlincə, 17 aprel tarixli məlumata görə, Azərbaycanda hazırda 1340 nəfər koronavirus infeksiyasına yoluxub:
“Onlardan 528 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər ölüb, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.
Operativ Qərargah bildirib ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılıb.