Yusif Məmmədov

Mənbə: Meydan TV

Başlıq: Yusif Məmmədov

“Döyüşdə yaralanıb, rütubətli daxmada ac canıyla mücadilədədir”

Məqalə yeniləndi:  22 Fevral 2021

Ana İkinci Qarabağ Müharibəsində yaralanmış gənc övladına dövlət qayğısının olmamasından gileylidir

“Övladımın halını gördükcə ürəyim param-parça olur. Üstəlik, maddi imkansızlıq üzündən əziyyət çətinlik çəkirik. Oğlum döyüşdə ağır yaralanıb, bircə əməliyyatını dövlət edib. Hospitaldan evə buraxılandan bütün əziyyəti, xərci mənim üstümdədir. Qapısını döydüyüm qurumlar da oğluma kömək etmədi”.

Bunu Meydan TV-yə Göyçay rayonu, Mallı-Şıxlı kənd sakini Maygül Məmmədova deyir. Maygül xanımın 19 yaşlı oğlu Yusif Məmmədov Cəlilabadda həqiqi hərbi xidmətdə olarkən, İkinci Qarabağ Müharibəsi başlayan ilk gündən Murovdağa döyüşə göndərilib. 3 gün sonra – sentyabrın 30-da onurğasından qəlpə yaraları alıb. Əvvəl Gəncədəki, sonra Bakıdakı Hərbi Hospitala götürülüb. Əməliyyat olunandan sonra evə buraxılıb. Aylardır ki, yarımcan vəziyyətdə olan gənc çox şəraitsiz, rütubətli bir otaqda həyatla mücadilə edir.

Maygül Məmmədova və Yusif Məmmədov

Maygül Məmmədova və Yusif Məmmədov

Mənbə: Meydan TV

“Deyir, ana, heç kimdən imdad umma...”

Ananın deməsinə görə, o gündən Yusifin sonrakı taleyi ilə maraqlanan olmayıb:

“Yusif belindən qəlpə yaraları alıb, yerimə qabiliyyətini itirib, qucağımızda daşıyırıq. Bununla belə, onu Hərbi Hospitaldan 1 aylıq məzuniyyətə buraxıblar, ordudan tərxis etməyiblər. Deyiblər, 1 aydan sonra hospitala qaytarılmalıdır, əlillik üçün sənədləri hazırlanmalıdır. Özünü fiziki idarə edə bilmədiyi üçün yəqin ki, 1-ci qrup əlillik təyin olunacaq. Hazırda müalicəsiylə, qidalanmasıyla təkbaşına məşğul oluram, heç bir qurumdan kömək yoxdur. Həyat yoldaşımı çoxdan itirmişəm, Yusifdən başqa daha üç övladım var. Qızlarım ailəlidir, digər oğlum isə Yusifdən kiçikdir, orda-burda fəhləlik edir, qəpik-quruş qazanır, çörəyimizi alır... Bütün bu çətinliklərə baxmayaraq, Yusifi dindirəndə deyir, ana, döyüşdyüm üçün peşman deyiləm, Vətən sağ olsun. Deyir, ana, heç kimin qapısına getmə, heç kimdən yardım istəmə, mən ona görə döyüşməmişəm ki, mənə görə kimdənsə kömək istəyəsən...”

Məmmədovların evi

Məmmədovların evi

Mənbə: Meydan TV

“Prezidentə şikayət yazdım, başçı qapıya gəldi”

Yusifin onurğasında əməliyyat aparılıb, çanaq orqanları funksiyasını itirib:

“Tamamilə yeriyə bilmir. Çarpayıdan qucağımda götürüb tualetə aparıram... Özüm çimizdirirəm. Göyçay Rayon İcra Hakimiyyətinə gedirdim, başçının qəbuluna düşmək istəyirdim, deyirdilər, icra başçısı Mehdi Səlimzadə heç kimi qəbul eləmir. Deyirdim, axı, bu uşaq döyüşüb, üstümə yarımcan gəlib, niyə bir dəfə qapını açıb vəziyyətiylə maraqlanmırsız? Gəlin bircə gün onun yatdığı otaqda qalın, görüm o nəmişliyə, havasızlığa davam gətirərsizmi? Torpaq döşəmənin üstündə gəzə bilərsizmi? Dam örtüyü dağılmış evin içinə yağan yağış sularına dözə bilərsizmi? Niyə soruşmursuz ki, yaralanıb evə buraxılandan sonra bu uşağın vəziyyəti necə oldu, öldü, qaldı? Dedilər: “Narahat olma, get evə, prezident özü nə lazımdırsa, edəcək”. Axırda götürüb İlham Əliyevə yazdım, laqeyd münasibətdən gileyləndim, bir də baxdım ki, başçı gəlib, qapıdadır. Rayonun bir neçə məmuruyla, bələdiyyə sədri ilə gəlmişdi. Dedim, yəqin uşağa köməyə gəliblər, bəlkə yarımçıq qalan evin tikintisinin başa çatdırılmasına göstəriş verəcək, eləcə, “sağ ol ki, bizim üçün döyüşmüsən” deyib, getdilər. Bircə arada icra nümayəndəsi ərzaq gətirir, başqa heç bir məmurdan köməklik görməmişik”.

"Gəlin bircə gün onun yatdığı otaqda qalın, görüm o nəmişliyə, havasızlığa davam gətirərsizmi?"

"Gəlin bircə gün onun yatdığı otaqda qalın, görüm o nəmişliyə, havasızlığa davam gətirərsizmi?"

Mənbə: Meydan TV

Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, fevralın 11-də Mehdi Səlimzadə İkinci Qarabağ Savaşında yaralanmış əsgər Yusif Məmmədovun yaşadığı ünvanda olub, ona baş çəkib, problemlərilə maraqlanıb. Qurumdan bildirilib ki, bundan əvvəl də icra başçısı bir neçə qazi ailəsində olub.

Yazı dərcə hazırlanarkən Maygül Məmmədova Meydan TV ilə əlaqə saxlayaraq bildirib ki, Yusif hərbi xidmətə getməmişdən əvvəl qardaşıyla birlikdə yalnız hörgü işlərini apara bildiyi evin bir otağına köçürülüb. Həmin otaq ayrı-ayrı adamların köməkliyi ilə düzəldilib. Ana Meydan TV vasitəsilə də həmin şəxslərə təşəkkürünü çatdırmaq istəyib.

"Bircə arada icra nümayəndəsi ərzaq gətirir, başqa heç bir məmurdan köməklik görməmişik"

"Bircə arada icra nümayəndəsi ərzaq gətirir, başqa heç bir məmurdan köməklik görməmişik"

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  22 Fevral 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/12lsir

Ən çox baxılan