”Döyüş vaxtı Lələ-təpəni götürən oğul Elnur Əliyevdir” (VİDEO)

“Elnur aprelin 1-də gecə saat 9 radələrində mənə zəng edib dedi: “Vəziyyət heç də yaxşı deyil. Özünüzdən muğayat olun. Ehtiyatlı olun”.  Ondan sonra danışmamışıq. Səhər saat 10-dək ondan heç bir xəbər ala bilmədim. Oğlum da hərbçidir, səhər saat 10-da getdim onun yanına, o da dedi ki, Enur əmidən xəbər yoxdu, narahatam. Hardasa 12-1 radələrində xəbər gəldi ki, Elnuru vurublar”.

Bu sözləri şəhid Elnur Əliyevin bibisi oğlu Mərdan Əliyev deyir. Onun sözlərinə görə,

Elnurun işi döyüşmək deyilmiş: “O, piyada qoşunun zabiti idi, səfərbərlik və komplektləşdirmə şöbəsinin rəisi idi. Mənə çatan məlumata görə,  o özü deyib ki, bir füzulili kimi hücum dəstəsini mən yaradıram, seçdiyim oğlanlarla da gedib postu götürəcəm. Fəxr edirəm ki, o, gedib həmin postu götürüb. Bu gün Lələ-təpə deyilən yeri götürən oğul Elnur Əliyevdir. O, mənim qucağımda böyüyüb. Təkcə dayım oğlu deyil, həm də qardaşımdı. Biz bir yerdə yaşamışıq”.

Şəhidin qardaşı Nurlan Əliyev də qardaşının yolunu davam etdirmək fikrindədir: “Mən qardaşımla fəxr edirəm. Şəhidlik ən uca zirvədir, Vətən sağ olsun. Bu gün də hamımız onun getdiyi yolu davam etdirməyə hazırıq”.

1976-cı il təvəllüdlü Elnur Adil oğlu Əliyev 1991-ci ildə  orta məktəbin 9-cu sinifini bitirib və C.Naxçıvanski adına hərbi məktəbə daxil olub. 1998-ci ildə isə H.Əliyev adına Ali Hərbi Məktəbi bitirib. 1998-2008-ci illərdən Qərb bölgəsində xidmət edib. Son 2 ildə Füzuli şəhərində fəaliyyət göstərib. Ailəlidir, 2 oğlu var.

Ana səhifəVideo”Döyüş vaxtı Lələ-təpəni götürən oğul Elnur Əliyevdir” (VİDEO)