Vətəndəki əhvalatlarım davam edir. Yayın isti günlərində gecənin ortasına kimi hamı açıq havada olur. Bu günlərdə gecə yarısı bulvardan avtobus dayanacağına gedəndə, yolda yenidən bir əşşədü-p..des ifadə eşitdim. İki qaqa, əllərində iPhone-filan, yolla gedə-gedə danışırdılar, biri o birisinə deyirdi: “Mən, ümumiyyətlə, avropalaşmağın əleyhinəyəm”.
Məni təəccübləndirmək çətindir, amma zövq almaq tam başqadır – bunu eşidəndə çoxçalarlı hisslər keçirdim. Əladı, qaqalarımız artıq AzTV-ni birbaşa küçədə translasiya edirlər, özü də tranzistorsuz-zadsız. Yüz dəfə demişdim ki, AzTV-nin yerdəki real mücəssiməsi boş fiziki illuziyadır, əslində AzTV-ni ruhlar idarə edir, bu kanal birbaşa bizim varlığımızın yaradıcısı və idarəçi, ifadəçisi və keçiricisidir, kimsə inanmırdı, gülürdü camaatımız.
Əla, demək qaqalar “avropalaşmağın” əleyhinədir, belə deyək, bir növ “alternativ sivilizasiya” arzusundadır. Təxminən Qumilyov-zad kimi, hələ bəlkə sorsan, üstündən ərz edər ki, Osvald Spengler çoxdan deyib ki, “Avropanın qürubu” baş verib, sən hardasan? Vallah deyər, bunlardan nə desən çıxar, birdən biri durub deyər ki, vapşe mədəniyyətlə sivilizasiyanı definisiya etmək lazımdı-zad, qalarsan ortalıqda. Tutalım ki, əgər sivilizasiya “pasledni madel maşında” (iPhon, bütün texnoloji yeniliklər və s.) gəzməkdisə – o heç, onu edirik, lazımdı. Burada yalnız istehlakçı olmağımız da heç nə, boş şeydi. Amma mədəniyyətə qalanda, bu başqa şeydi, qaqa, biz o Avropadakıların tayı döörük, bizim qiryətimiz-zadımız var e, məsəltün, məhlədəki lüboy qıza biz “atveçatuq”. Şübhəsiz, o evin qarşısında gənc oğlanı qızla öpüşdüyü üçün bıçaqlayıb öldürən qaqa da, onun hərəkətini bəyənənlər də hesab edir ki, “mühafizəkar dəyərlər” uğrunda edib bunu, eləmi?
Anlayıram ki, məntiq-filan-zad axtarmaq lap sonuncu söhbətdi, mənasızlığın axırıdı, amma özüm-özümdən soruşmaq istəyirəm ki, görən o qaqa avropalaşmağı burada harada görüb ki, hələ bir əleyhinədir də? Qaqa hardadı o “avropalaşma”, vallah, denən, bir biz də görək, bəlkə bizim ölkədə nə bilim, azad media var, yoxsa sosial rifah? Bəlkə azad seçki-zad var, ya da keyfiyyətli təhsili və ya Avropadakı səhiyyə xidməti? Bəlkə real, əlin bir işarəsi ilə susdurulmayacaq ciddi bir vətəndaş cəmiyyəti var, bizim xəbərimiz yoxdu? Bəlkə şəffaf bir hakimiyyət və hesabatlı məmur yığınağı var, biz bilmirik?
Yaxşı, bunlar cəhənnəm, sizə bunlar nə lazım, onda bəlkə heç olmazsa, mülkiyyətin toxunulmazlığı var bizdə, onlarda olan kimi? “Avropalaşma” daha necə olur, oradakı cəmiyyətinin təməl bazisləri bunlardır, daha elm və texnologiyadan, bərabərlikdən, tərəqqindən-filandan heç danışmıram da. Tamam, “Bəyin oğurlanması” filmindəki “səni görməsələr, yaxşıdı” ifadəsi kimi – “avropalaşma” qaqa, feodal cəmiyyətinin ən aşağı təbəqəsində yaşa, məmurlar otursun sənin başında, bananı da bir əldən al, almanı da, nə sığortan olsun, nə də sosial rifahın. Təhsil də ki, sənə heç dünəndən gərək deyil. Bütün günü də elə qərbin texnologiyasının yaratdığı sosial şəbəkələrdə bir tərəfdən abstrakt “qiryət”dən danış, eyni zamanda da inbox’da qız tutmağa çalış.
Mənə maraqlı olan bizim insanlarda az qala total hala çevrilmiş şəxsiyyətin (problemsiz) ikiləşməsi fenomenidir. Adi halda bu, bir şəxsin iki və daha çox müxtəlif şəxsiyyətlərə və ya egolarında baş verən bir ruhi fenomen kimi izah edilir. Dünya psixiatriyası bu fenomenin tədqiqinə uzun əsrlər sərf edib. Bir çox pasientlərdə bu hal dərin depressiya, depersonalizasiyaya, dərin təşviş hissinə (bu bəzən bir neçə dərin hissin – qorxu, kədər, untanc, günah və s. kombinasiyasından ibarət olur), intihar cəhdlərinə gətirir. Amma deyəsən, bütün bunların bizimkilərə əsla dəxli yoxdur. Bu bizimkilər deyilənlər heç bir koqnitiv dissonans hissi keçirmədən, ictimai olaraq qiryət-filan, ana-bacıdan-zaddan danışıb, elə paralel olaraq danışdığının əksini də etməyə cəhd göstərə bilərlər, bütün bunların da heç bir əlavə təsirləri olmaz. Tam harmoniyadadırlar özləri üçün. Ksenofobiya da, homofobiya da, yaltaqlıq da, “qiryət” da bunlarda. Bunlar paralel olaraq həm “qiryətdi” ola bilər, həm də eyni zamanda “baz”. Elə bu günlərdə özünə ziyalı-şair-zad deyən bir “ağsaqqal” dayday TV-də bir müğənni xanımla dava saldı, davanı da salıbanı, handan bir üzr də istədi, sonra da məlum oldu ki, müəllim olduğu dövrdə bir şagirdini zorlayıbmış.
İndi də TV-də hamıya “qiryət” dərsi keçir. Pakizə. Gözəl. İnanın, o xanımla da heç bir problemi olmayacaq, görərsiniz, əslində onlar dost olmalıdırlar və olacaqlar da, onların bir yerdə yenidən TV-də çıxış edən gününə çox qalmayıb, düşünürəm. Və bu da istisna-müstəsna-filan deyil, az qala ümumi haldır.
Bunların sinir sistemi nə güclü imiş, ulu Tanrım? Heç psixoloji zərbə-filan almırmış bunlar, nə də əsəb gərginliyi keçirmirmiş belə ikiləşmədən? Bizim əhalimizin demək olar ki, çox böyük bir hissəsi bu fenomenə artıq yoluxub və koqnitiv dissonans effekti bunlar üçün yad bir şeydi.
Doğrudur, bu haqda bir zamanlar bu problematikadan yazan amerikalı müəllif Truddi Chase, özünün məşhur “When rabbit howls” (“Dovşan ulayan zaman”) əsərində şəxsiyyətin ikiləşməsi məsələsini, sadəcə olaraq insan şüurunun variasiyalarından biri kimi (bizimkilərdə olan kimi heç bir disharmoniyasız versiyanı) nəzərdən keçirir. Amma elə oradaca bu variasiyaların əsasən uşaqlıqda alnmış dərin psixoloji zərbələr və zorakılıqdan qaynaqlandığını deyir.
Əslində, isə şəxsiyyətin ikiləşməsi zamanı insanın ciddi psixoloji köməyə ehtiyacı var. Belə insanlar müalicə olunmalıdır. Əks halda, bu pis nəticələr verə bilər və gördüyünüz kimi verib artıq – belə desək “dovşanlar ulayır” ətrafınızda. Ətrafınıza bir nəzər salın – buna əmin olacaqsınız.
Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyini əks etdirir…