Dövrümüzün despotları üçün 8 qayda

Manipulyativ seçkilərin keçirilməsi istənilən avtoritar və buna meyilli hökumətlər üçün önəmlidir

Source: Meydan TV


Manipulyativ seçkilərin keçirilməsi istənilən avtoritar və buna meyilli hökumətlər üçün önəmlidir

Yaşadığımız dövrün hələ də postmodern olub-olmadığı və ya postmodernizmin bitib-bitməyidi diskussiyaları davam etsə də, siyasi nəzəriyyəçilər adətən filosoflar və mədəniyyətşünasların bu diskussiyalarında iştirak etmirlər. Beləliklə, yeni dövrün avtoritar hakimiyyətlərinə “postmodern despotizmlər” adını vermək olar. Bu yazıda siyasi proseslərlə maraqlanan hər kəs üçün “postmodern despotizmlərin” əsas xüsusiyyətlərini nəzərdən keçirəcəm.


Onların nəyə ehtiyacları var, nəyə ehtiyacları yoxdur?

1)

İdeologiya, ya kimlik

? Postmodern dövr böyük ideologiyaların sonu, post-ideoloji dövr kimi təqdim edilir. Bu dövr üçün ciddi sağ və sol dixotomiyası o qədər də vacib deyil. Avtoritar, yarım-avtoritar hökumətlər də indiki dövrdə konkret radikal və ya nifrət saçan siyasi ideologiya ilə çıxış etmirlər. Azərbaycan, Türkmənistan, Rusiya və bir çox digər misallar göstərir ki, bu hökumətlərin ümumi narrativləri (hekayələri) olsa da, bu, tam anlamda siyasi ideologiya deyil, daha çox post-ideologiyadır. Məsələn, Rusiyada mövcüd olan “böyük Rusiya”, “rus dünyası” düşüncəsi, və ya Türkiyədə dominant olan “xilaskar, Osmanlının varisi Türkiyə” diskursu konservatizmə yaxın olsa da, tam olaraq bu siyasi ideologiyanın klassik mənada tərəfdaşı sayıla bilməz.

Bunun əvəzinə, ön planda olan

kimlik



ənənəvi

mentallıqdır. “Böyük rus dünyasının” bir hissəsi olduqdan sonra, sənin ideoloji kimliyin o qədər də vacib olmur. Sən sosialist də ola bilərsən, liberal da, Sovetlər üçün darıxa da, ona nifrət də edə bilərsən. Bu, o qədər də önəmli deyil. Önəmli olan sənin konstruksiya olunmuş kimliyindir ki, ona sidq ürəkdən inanmalısan. Bundan əlavə, ənənəvi dəyərlərə də istinad tez-tez edilir. Məsələn, 90-cı illərdə Rusiyada tez-tez qəribə performanslar olurdu. Bir dəfə məşhur incəsənət adamı boks əlcəklərində Yeltsini döyüşə çağırmışdı. Kreativ üsyan normallaşmış praktikaya çevrilmişdi. Ancaq indiki dövrdə bu cür praktikalar qəbul edilmir: “Pussy Riot” keysi Rusiya hökumətinin kilsə vasitəsi ilə ənənəvi dəyərləri yayması göstəricidir. Ona görə də, hökuməti tənqid edənlərə “bunlar əxlaqsızlıq yaymaq istəyir” hekayəsi də kifayət qədər yayğındır.

2)

Dinə qarşı sekulyar mövqe, yoxsa dindən istifadə

? Müasir avtoritar və ya avtoritarlığa meyilli hökumətlər dinə qarşı radikal mövqe tutmurlar. Dindən ənənəvi dəyərlərin bir parçası kimi iqtidarlar tərəfindən lazım olan kimliklərin yaradılması üçün istifadə olunur. Məsələn, avtoritarlığa meyilli Orban hökuməti xristian kimliyini Macarıstana “təhlükə törədən müsəlman miqrantlardan” qorumaq üçün işə salır. Bu, həm yerli səviyyədə, həm də beynəlxalq səviyyədə konservativ mövqelərdə olan elektoratın və partiyaların ən azı dəstəyini qazandırır. Bu praktikaların eybəcər variantını Azərbaycanda görə bilərik – xristian din xadimləri belə höküməti tərifləməyə məcbur qalırlar. Azərbaycanda olan “dini dözümlülük” diskursu və bu diskursa uyğun gəlməyənlərin radikal ekslyüziyası (siyasiləşmiş şiə dindarlar qrupları, Yahova Şahidləri dini sektasının üzvləri) da bu qəbildəndir. “Biz dini alət edirik, bizimlə razışlaşmayan isə cəzalanacaq” – məntiq budur.

3)

Güclü ordu, ya teatr?

Bir çox avtoritar iqtidar güclü ordu ideyasından daha çox teatrlaşdırılmış şəkildə istifadə edirlər. Gi Debor öz “Göstəri Toplumu” əsərində yazırdı ki, müasir cəmiyyətlər teatrlaşmış cəmiyyətlərdir – dövlət institutları, ənənələr daha çox karnaval, teatrlaşdırılmış oyun mahiyyəti daşıyır. Eyni ilə paradlar, seremoniyalar bu qəbildəndir. Bircə 9 Mayı xatırlayın – Rusiyada hər il keçirilən iri parad insanların kimliklərini gücləndirir, möhkəmləndirir, hegemoniya ilə özünü assosiyasiya etmək ilə zövq (psixoanalitiklər demiş,

jouissance

) yaşadır. Azərbaycanda keçən il keçirilmiş paradı xatırlayın – bir çox müxalifət düşüncəli insan bu paraddan zövq aldı, iştirak etdi və militarist diskursu dəstəklədi.

4)

Birbaşa zorakılıq, yoxsa nəzarət?

Mişel Fuko öz əsərlərində bu məsələni kifayət qədər araşdırıb. Onun fikrincə, Qərbi Avropa güc münasibətləri birbaşa zorakılıqdan (feodalizm) insanı hər yerdən görünən edən nəzarət (

panoptikon

) və bədəninin məktəblər, xəstəxanalar (

bio-siyasət

), ruhi dispanserlər və ordu vasitəsi ilə tərbiyə edilməsi taktikasına keçiblər. Deyəsən, yavaş-yavaş avtoritar hökumətlər də birbaşa zorakılıq əvəzinə nəzarət taktikası seçiblər. Məsələn, Rusiyada və Çində internet istifadəçiləri üzərində nəzarətin kifayət qədər gücləndirilməsi bu faktorlar arasındadır. Bəs Azərbaycanda vəziyyət necədir? Görünən odur ki, Azərbaycanda rejim daha çox birbaşa zorakılıq texnikası ilə hərəkət etməyə hələ ki davam edir. Ancaq sosial şəbəkələri idarə etmək, qeydiyyatı şəxsiyyət vəsiqəsi ilə aparmaq kimi (cəfəng olsa belə) təkliflərini də unutmayın!

5)

Açıq, ya qapalı sərhədlər?

Viza alıb oxumağa getmək istəyirsiz? Avtoritarizm buna əngəl deyil. Avtoritar hökumətlər dövrümüzdə qapalı siyasət yürütmürlər. Şimali Koreya, təbii ki, unikal misaldır, ancaq digər despotik hökumətlər sərhədləri açmağa, turist cəlb etməyə, ölkəni hər cür reklam etməyə meyillidirlər. Azərbaycanın Avroviziyadan müxtəlif idman oyunları qədər gələn yolu bunun misalıdır. Bunun həm iqtisadi, həm də (post) ideoloji qazancları görünür. Beləliklə, avtoritar hökumətlər xarici auditoriyanı da nəzərə alırlar, özlərini müxtəlif üsullar ilə reklam etməyə cəhd edirlər.

6)

Müxalifəti məhv etmək, yoxsa müxalifəti parça-parça etmək?

Günümüzün avtoritar hökumətləri müxalifətin varlığından çox da narahat deyillər. Müxalifətin olması həm daxili, həm xarici auditoriya üçün “bizdə hər şey normaldır!” mesajını vermək üçün önəmlidir. Müxalifət fiziki olaraq məhv edilmir, adətən müxalif liderlər həbs edilmir. Ancaq hökumətlər müxalifətin parçalanmış vəziyyətdə qalmasında maraqlı olurlar. Post-marksist hegemoniya nəzəriyyəçisi Ernesto Laklanunun (Ernesto Laclau) danışdığı “zəncirvari bərabərlik” (

chains of equivalence

) bir neçə siyasi aktorun bir yerə gəlib ümumi düşmənə qarşı birləşməsini ehtiva edir. Hökumətlər bunun qarşısını alaraq, “zəncirvari ayrılmaların” (

chains of difference

) müxtəlif üsullar ilə yaradılmasında maraqlı olurlar. 19 yanvar mitinqini xatırlayın – o gün AXCP və ReAL birləşməsi kifayət qədər pozitiv və produktiv mesaj ötürməyə nail olmuşdu, ancaq ümumi birlikdən söhbət gedə bilməz.

7)

Susdurulmuş cəmiyyət, yoxsa daimi təbliğat?

Daimi təbliğat, ümumi düşmənin yaradılması, cəmiyyətin bu cür nöqtələr üzərindən birləşdirilməsi və real siyasi mübarizədən uzaqlaşdırılması avtoritar praktikalardandır. Macarıstan hökuməti Corc Soros (George Soros) simasının hər seçki öncəsi aktuallaşdırılması, süni olaraq ona qarşı nifrətin yaradılması, hər yerdə şəkillərinin asılması, hər qəzetin üz qabığında iri şəklinin olması bu qəbildəndir. Təbii ki, gündəlik təbliğat bütün müxalifət güclərinin əslində Soros tərəfindən maliyyələşdirilməsini də hər gün təkrar edir. Orbanın uğurlu avtoritar siyasəti Türkiyədən tutmuş Rusiyaya qədər iri coğrafiyaları əhatə edən “Soros qorxusu” kartının oynanılması ilə nəticələnib. Daimi təbliğatın, o cümlədən Soros mövzusunun da ara-sıra qarardılmasını Azərbaycanda da asanlıqla hər axşam xəbərlərində müşahidə etmək olar. Azərbaycanda isə tez-tez “Sosos rolunu” erməni lobbisi, “Qərbdən maliyyələşmə” hekayələri oynayır. Beləliklə, müxalifət gücləri bu yolla marginallaşdırılır, ancaq fiziki və hüquqi olaraq mövcudluqları davam etdirilir.

8)

Tam avtoritarlıq, yoxsa fake seçkilərin qazandırdığı legitimlik

? Çin və Şimali Koreya kimi misalları çıxsaq, postmodern avtoritarlar legitimlik və fake seçkilərin həvəskarlarıdırlar. İstər Ərdoğan, istərsə də Berdiməhəmmədov – heç biri seçkilər institutunu ləğv etməyə çalışmır. Əksinə, saxtakarlıq, təbliğat və sair yollar ilə legitimliyin qazanılması əsasən xarici, amma həm də daxili auditoriyaya təqdim edilir. Azərbaycanda keçirilmiş 2018-ci il Prezident seçkilərdə ikinci yerin Zahid Oruc tərəfindən tutulması da bu legitimliyin necə qazanılmasını göstərir. Beləliklə, manipulyativ seçkilərin keçirilməsi istənilən avtoritar və buna meyilli hökumətlər üçün önəmlidir.

Ana səhifəXəbərlərDövrümüzün despotları üçün 8 qayda