Dövlətimizin daxili düşmənləri

Rəsmi təbliğat xalqı dövləti sevməyə çağırır

Source:
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Rəsmi təbliğat xalqı dövləti sevməyə çağırır. Dövlət cihazı ilə toqquşmamış, başı-bədəni bu toqquşmada zədələnməmiş vətəndaş dövləti sevməyə çalışır.

Bəzi sadəlövh vətəndaşlar hətta bu dövləti sevməyi bacarır da! Onunla fəxr edir, torpağı uğrunda özü və övladı canından da keçir.

Dövlət və onun cihazı ilə toqquşana qədər…

Toqquşandan sonra isə çarəsiz vətəndaşların nəsibi olur bu dövlətə lənət yağdırmaq, nifrət bəsləmək, başını götürüb qürbətə üz tutmaq… Yunis Səfərov kimi çarə tapanlara isə güllə atmaq.

Sıravi vətəndaşın dövlət qulluqçularına qarşı onların ədalətsiz və həyasız əməlləri müqabilində hansısa zorakılıq törətməsinin təməlində həmin bu dövlət qulluqçusunun Azərbaycan Respublikasının Konstitusiyasına zamin olan möhtərəm Prezident cənabları tərəfindən vaxtında lazımi qulaqburması almaması, vətəndaşların dövlətə təsir imkanlarının sıfra endirilməsi durur.

Demək istəyirəm ki, əgər Elmar Vəliyevdən Prezident Administrasiyasına Gəncədən sel kimi gələn şikayət ərizələrinin heç olmasa onda biri Prezidentə çatdırılsaydı və izah edilsəydi ki, bu qaba məmurun ipi çəkilməsə, növbəti hadisə sui-qəsd olacaq və əgər möhtərəm cənabları bu izahatı nəzərə alıb icra başçısına heç olmasa töhmət versəydi, cox güman ki, Elmar müəllim bu gün hələ də sağ və səlamət öz vəzifəsini icra edəcəkdi. Sadəcə bir az harınlıq və qabalıq payını azaldacaqdı.

Çatdırmadılar, izah etmədilər, acıqlanmadı, töhmət vermədi, güllə atıldı və Gəncəyə çaxnaşma düşdü. Ortada hələlik beş meyid var, Allah davamından qorusun.

Bu vəziyyətə görə məsuliyyət daşıyanlardan və ya məsuliyyətdən qaçmağa çalışanlardan soruşmaq istəyirəm: bunumu istəyirdiniz? Nə üçün sizinlə insan dilində danışanları anlamaq istəmirsiniz? Nə üçün adi vətəndaşı harın və qaba məmurun ayağına verirsiniz? Anlayıram ki, pula görə bunu edirsiniz. Lakin mən yenə soruşuram: qorxmursunuz?

Çar Nikolay qorxmurdu, əl-Qəzzafi qorxmurdu, Səddam heç qorxmurdu, kommunistlər anlamırdı…

Bu dövlətin təməlini Ulu öndər necə qoyubsa, onu heç cür mədəni və səmərəli bir şəkilə salmaq mümkün olmur. Quba iğtişaşı, İsmayıllı iğtişaşı, ardınca Gəncə iğtişaşı…

Hakimiyyət nə isə anladımı, ibrət götürdümü? Əsla, yox. Görünür, növbə Bakınındır. Əhalisinin sayı dörd milyona çatan Bakının. Hansı Daxili Qoşunlar Bakını ram edəcək, vuracaq, əzəcək, güllələyəcək? Hakimiyyət Bakıda 20 Yanvar cinayətini təkrar edib Qorbaçovun faşist əməllərinə bəraətmi vermək istəyir?

Kimin naminə? Oğru, dələduz, harın və həyasız məmur təbəqəsinin maddi maraqları naminə. Bu maddi maraqlar naminə dövlət cihazı hər gün, hər saat minlərlə vətəndaşın bütün hüquqlarını həyasızlıqla pozur və tapdalayır.

Vətəndaşa qalır dövlətə lənət oxumaq, nifrət bəsləmək, ya cəlai-vətən olmaq, ya da qisas üçün fürsət gözləmək.

20 yaşımdan, yəni yarım əsrdir Siyavuş Dadaşı tanıyıram. Nadir mədəniyyət və bilik sahibi öz elm dünyasında yaşayır, karyera, şöhrət və zənginliklə əsla maraqlanmır. Professor memar İnşaat İnstitutunda dərs deyir və elmi kitablar yazır. Dahi Xudu Məmmədovun yetirməsi Azərbaycanın miniatür sənətinin nəzəriyyəsi, memarlığın nəzəri qavranması barədə iki kitab yazıb və nəşr edib… İndi üçüncü kitabnı yazır, türk xalça sənətinin nəzəri qavranması barəsində olacaq. Heç nəyə iddia etmir, o qədər zəngin daxili dünyası var ki, nə təltifə, nə tərifə ehtiyacı var.

Məncə, vətənini və xalqını sevən dövlət Siyavuş Dadaşı milli sərvət elan edib onu göylərə qaldırmalıydı, onun kitablarını dünya dillərinə tərcümə və çap etməliydi, onu müstəsna qayğı ilə əhatə etməliydi, axı professor nadir azərbaycanlı alimlərdəndir ki, özünün dünyada bənzərsiz nəzəriyyəsi var.

Siyavuş müəllim Dadaş deyil, Dadaşyan olsaydı, indi bütün dünya ondan, onun nəzəriyyələrindən danışardı. Lakin Siyavuş Dadaş azərbaycanlıdır, bizim dövlət isə dollar və avrodan savayı heç nəyi sevmir.

Köklü bakılı Siyavuş Dadaş Akademik Dram Teatrının arxasında babadanqalma ikimərtəbəli evində yaşayırdı. Dövlət onun evini söküb əvəzində ona rəsmi sənəd əsasında xeyli pul ödədi. Dünyanın həlləm-qəlləm işlərindən tam bixəbər professor üz tutdu “Yevropa-Nyu” rieltor şirkətinə, bu şirkət də ona bir neçə mənzil göstərdi və nəhayətdə professorun ailəsi Yasamal rayonunda Vergilər Nazirliyindən bir az aşağıda yerləşən bir binada dördotaqlı mənzili bəyəndi. Mənzilin sahibi Bağırov Çingiz Cavad oğlu bir maliyyə arayışı yazdı ki, professordan 165 min manat (həmin vaxt 220 min ABŞ dolları) alıb, öz mənzilini satır ona, rieltor şirkətinin hüquqşünası da şirkətin möhürünü alqı-satqı sənədinə vurub imzasını atdı və “Xeyirli olsun” dedi. Professor orderi soruşanda ona izah etdilər ki, bina kooperativdir, Bakı Şəhər İcra Hakimiyyəti onu “tanımır” və buna görə binadakı mənzillərə order vermirlər, lakin hər şey tədricən düzələcək. Professor eşitmişdi ki, belə vəziyyət Bakıda əsla nadir deyil, odur ki, duyuq düşmədi.

Onu kooperativə üzv qəbul edib keçmiş ev sahibini üzvlükdən çıxaranda professorun xatircəmliyi bir az da artdı.

Professor sevincək köçdü bu mənzilə və onu zövqlə bəzəyib xanımı və oğlu ilə başladı orada şad və xürrəm yaşamağa. Üç il yaşayandan sonra onun qapısını bir kişi döydü və dedi ki, “çıx mənim mənzilimdən”.

Məlum oldu ki, həmin bina Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) işçiləri üçün tikilməyə başlayanda bu kişinin mərhum atası Babayev Mikayıl orada mühasib işləyirmiş. Ev hazır olandan sonra Babayevlər ailəsi bu mənzildə yaşamış, 2010-cu ildə isə sahibliyə iddia edən oğul Babayev Ruslanın ərizəsində utancaqlıqla qeyd edildiyi kimi, “digər mənzilə” köçmüşdür. 2010-cu ildən 2017-ci ilə kimi nə bu kişi, nə də onun ailə üzvləri bu mənzildə kimin yaşaması ilə maraqlanmayıblar. Yalnız 2017-ci ildə, kooperativin sədri həbs edildikdən sonra “ayılıb” öz mənzillərinə “baş çəkmək” istəyəndə biliblər ki, dələduzluqda suçlanan kooperativ sədri onların mənzilini hansısa professor Siyavuş Dadaşa satıb. Sədr artıq saxlanılıb. Baş Prokuroluq nəzdində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi qanunsuz olaraq 15 (on beş) mənzili satmış Məmmədov Emil Eldar oğlunu həbs edib. Deyilənə görə, onun xalqdan çaldığı pulun məbləği bir neçə milyonu ötür, odur ki, hüquq-mühafizə qurumları onunla milyonçuya layiq olan hörmətlə davranırlar.

Sözsüz ki, bu işdə mütəşəkkil dələduzluq danılmazdır və mənim rəyimə görə, 7 il öz mənzili ilə “maraqlanmayan” ev sahibi Ruslanın bu şəbəkədə iştirakı istisna deyil. İstisna deyil, lakin bu bağlılığı sübut etmək heç kəsə, nə məhkəməyə, nə də istintaqa maraqlı deyil.

Bu, professor Siyavuş Dadaşa maraqlıdır, lakin o, xəfiyyə deyil və sadəlövhlüklə dövlətin himayəsinə ümid edir. Mən isə düşünürəm ki, cox əbəs yerə. Zira bu dövlət vicdanlı vətəndaşları daim oğru və dələduzların ayağına verir.

İndi evin orderli sahibi məhkəmədən tələb edib ki, onun qanuni mülkiyyətinin qaytarılması təmin edilsin. Yasamal rayon və Bakı Apelyasiya məhkəmələri bu iddianın təmin edilməsi üçün müsbət qərar qəbul ediblər.

Professor Siyavuş Dadaş Ali Məhkəməyə ümid edir.

Memarlığı, o, məndən yüz dəfə yaxşı bilir. Lakin mən də nəyi isə ondan yaxşı bilirəm. Hakimiyyətdəkiləri ondan daha yaxşı tanıdığım üçün belə öncəgörməyə cəsarətim çatır ki, Ali Məhkəmə də professorun əleyhinə qərar verəcək. 76 yaşlı möhtərəm professoru, onun xanımını və oğlunu 220 min dollara aldıqları mənzildən çölə atacaqlar. Bundan sonra 7 il qeybə çəkilmiş mənzil sahibi ya özü oraya köçəcək, ya da, xatadan uzaq, onu dübarə satıb vicdansız dələduzlar üçün behişt mühiti yaratmış hökumətimizə alqış deyəcək.

Nə üçün mən dələduzluq məsələsində onun qurbanı olmuş minlərlə sadəlövh vətəndaşı deyil, ilk növbədə, dövləti (oxu – onu idarə edənləri) müqəssir sayıram? Çox sadə səbəbə görə: məhz dövlət öz olan və olmayan qanunları ilə dədəduzluq üçün münbit zəmin yaratmışdır.

Qanunun aliliyi hökm sürən dövlətlərdə belə dələduzluq mümkün deyil. Uzağa getməyək, qonşu Gürcüstanda rəsmi dövlət qeydiyyatından keçməmiş heç nə, nə torpaq sahəsi, nə də ev və ya mənzil satıla bilməz. Mənzil almaq istəyirsən, bəyənmisən, buyur, gir İnternetdə asılmış dövlət qeydiyyatına, orada mənzilin, evin və torpağın qanuni sahibi, onun statusu göstərilir. Bu olmasa, bir kvadratmetr mənzil və torpaq satıla və alına bilməz.

Bizdə isə dələduzları himayə edən dövlət idarəçiləri qəsdən dərəbəylik mühiti yaradıb. BŞİH çoxmərtəbəli binaları “tanımır”, Fövqəladə Hallar Nazirliyi hazır binalara hansısa arayışı vermir, buna görə binalar on illərlə qazsız qalır, DİN müstəntiqləri banklara girov qoyulmuş mənzillərin “instintaq işi”ni illərlə “aparır” ki, onlara çatası “qanuni” haqqı tikinti şirkətinin sahibindən qoparsın, məhkəmələr dələduzluq biznesində iştirak edib öz “qazanc” payını alır…

Xülasə, əsl Azərbaycan qəsbkarlığı və biabırçılığı hökm sürür. Nəticədə isə uduzan Azərbaycan vətəndaşıdır, onun vətənə inam və sevgisidir.

Professor Siyavuş Dadaşın və dələduzların toruna düşüb var-yoxunu itirmiş minlərlə sadə vətəndaşın işinə baxan hakimlər bu cinayətə çox soyuqqanlı yanaşırlar. Qəssab kəsiləsi qoyuna necə yanaşırsa, bizim hakimlər də bu zavallı və köməksiz Azərbaycan vətəndaşlarına eynilə yanaşırlar. Artıq bir kimsəsiz qadını bu binada halal puluna aldığı mənzildən çölə atıblar. Məhkəmə+dələduzlar+BŞİH+vətəndaşların hüquqi cahilliyi konveyeri işləyir, növbədə onlarla dələduzluq qurbanları durur. Əminəm ki, onları da çölə atacaqlar.

Dünyada heç kəs professora və onun ailəsinə, yüzlərlə və minlərlə dövlətin himayə etdiyi dələduzluq qurbanlarına kömək etməyəcək, necə ki, 600 min qarabağlıya heç kəs Qarabağı qaytarmır və heç qaytarmaq niyyətində deyil.


Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəDövlətimizin daxili düşmənləri