”Dövlətə xəyanətdə suçlananları əməkdaşlığa cəlb edirdik”

MTN-nin hədə-qorxu ilə pul almaqda təqsirləndirilən polkovniki məhkəmədə ifadə verib

Source:
MTN
MTN


MTN-nin hədə-qorxu ilə pul almaqda təqsirləndirilən polkovniki məhkəmədə ifadə verib

“İstintaq orqanı təzyiq altında barəmdə həbs-qətimkan tədbiri seçib”. Bu sözləri ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərov deyib.

Aprelin 14-də Bakı Hərbi Məhkəməsində polkovnikin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Vidadi Əzizov təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırıb. Hakim həmin mülki iddianı icraatına götürüb və məhkəmə istintaqı zamanı araşdırılacağını bildirib.

Daha sonra Mirəziz Əsgərovun vəkili Fazil Nəhmətov vəsatətlə çıxış edib. O bildirib ki, istintaq zamanı müstəntiq faktları saxtalaşdırıb, Mirəziz Əsgərovun xeyrinə olan sübutlara qanunsuz olaraq xitam verib. O, cinayət işinin ibtidia istintaqa qaytarılmasını istəyib.

Vidadi Əzizov isə bildirib ki, istintaq orqanı ona qarşı qərəzli olub. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra məhkəmə istintaqı başlanıb və dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən Mirəziz Əsgərov bildirib ki, ona qarşı irəli sürülən ittiham əsassızdır.

Polkovnikin sözlərinə görə, işlədiyi müddətdə rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılıb:

“2012-ci ilin fevral ayında Vidadi adlı şəxsin xarici ölkə vətəndaşları ilə danışması, onlarla casusluq əməkdaşlığı etməsi barədə əməliyyat siqnalı daxil olub. Onun həmin şəxslərlə hərbi texnika və digər məsələlər ətrafında danışmasını müəyyən etdik. Bu məlumatı yerində təhlil etdik və dərhal əməliyyat tədbirləri keçirdik. Həmin il ölkəmizdə böyük beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulurdu. Bu tədbirin pozulması üçün maraqlı ölkələr var idi. Bizdə bu əks tədbirlərin qarşısını almaq üçün mühüm əməliyyat tədbirləri görürdük. Həmin dövrdə Vidadi Əzizovun xarici ölkə vətəndaşı ilə əlaqəsi üzə çıxmışdı. Bununla əlaqədar araşdırma aparmalıydıq. Onun telefonunun dinlənilməsi üçün Baş Prokurorluğa müraciət etdik. Baş prokurorun müavini Rüstəm Usubovun imzası ilə məhkəməyə təqdimat verildi və Əzizovun telefonunun dinlənilməsi haqda qərar qəbul edildi. Bundan sonra agentura əməliyyat tədbirləri həyata keçirildi. Həmin vaxtda da məlum Quba və İsmayıllı hadisələri olmuşdu. Vidadi Əzizovun Moskvada olan bir nəfərlə telefon danışığında müəyyən etdik ki, bu hadisələrin miqyasını ölkədə genişləndirmək, Bakı və Bakıətrafı rayonlarda da törədilməsi üçün külli miqdarda pul göndəriləcək. Bu haqda MTN rəhbərliyinə məlumat verdik, Vidadi Əzizov tam nəzarətdə saxlanıldı. Bu əməliyyatlara MTN-in 4 strukturu nəzarət edirdi. Mənim burada hər hansı səlahiyyətli şəxs olmağım mümkün deyildi. Çünki 4 strukturun keçirdiyi əməliyyata ya MTN rəhbəri, ya da onun müavinlərindən biri nəzarət edirdi.

Əməliyyat tədbirləri ilə müəyyən etdik ki, “Zaminbank”dan Vidadi Əzizov 9447 manat pul çıxaracaq. Həmçinin müəyyən etmişdik ki, orada ona qarşı quldurluq olacaq. Bu quldurluğun qarşısını almaq üçün Vidadi Əzizovun həbs olunmasını qərara aldıq. Mən və işçim Rəşad Əhmədov bankın Nərimanov filialının qarşısına gedən zaman bizə “geri çəkil, əməliyyatı xüsusi təyinatlılar keçirəcək” komandası verildi. Mən bunun səbəbini öyrənmək üçün idarə rəisi Aydın Manafovla əlaqə saxladım. O da xüsusi təyinatlıların əməliyyat keçirdiyini təsdiqlədi. Biz filialın qarşısında olanda onlar artıq əməliyyatı keçirmişdi, Vidadi Əzizovu həbs eləmişdilər. Əzizovun həyat yoldaşı da orada olub. Həyat yoldaşını MTN-ə aparmaq üçün maşın olmadığından idarə rəisi ilə əlaqə saxladım, bildirdim ki, qadının izahatını almışıq, kimliyini müəyyən etmişik, lazım olsa, MTN-ə dəvət edib dindirə bilərik. İdarə rəisi razılaşdı, bundan sonra qadın sərbəst buraxıldı. Vidadi Əzizov xüsusi təyinatlıların müşayiəti ilə MTN-ə gətirildi. MTN-də xüsusi təyinatlıların əlində olan sellofan torba Aydın Manafovun otağına qoyuldu. Vidadi Əzizov isə mənim xidməti otağımda sorğu-sual edildi. Sorğu-sualdan sonra Aydın Manafov mənə dedi ki, MTN rəhbərinin göstərişi var, Vidadi Əzizovun sərbəst buraxılması üçün sənədləri hazırlayım. Sellofan torbanı da mənə verdi ki, Vidadi Əzizovun özünə qaytarım. Mən həmin vaxt torbaya baxmamışam, içində də nə olduğunu bilməmişəm.

Vidadi Əzizovun bir beynəlxalq şəbəkəyə qoşulub, 550 milyonluq sənədə imza atdığı barədə məlumat daxil olmuşdu. Həmin vəsait Moskvadan keçirilib, İrana aparılmalıydı. Həmin dövrdə İran blokada vəziyyətində idi. Bu vəsait İranda müəyyən adamlara lazım idi. Bu işin icraçılarından bir nəfər İranda həbs olunaraq edam edilib, bir nəfər isə Türkiyə vətəndaşı Amerikada həbs olunub. Bu məsələləri mən qapalı məhkəmədə geniş danışacam.

Vidadi Əzizovun sahibkarlıq fəaliyyətilə məşğul olmasını təsdiqləyən heç bir sübut yoxdur. Ondan hədə-qorxu yolu ilə 40 min manat almağım haqda ittihamda yazılanlar yalandır”.

Dövlət ittihamçısının “Vidadi Əzizov dövlətə xəyanət etmişdisə, onu niyə buraxırdınız” sualına Mirəziz Əsgərov belə cavab verib:

“Vidadi Əzizov vaxtından əvvəl saxlanılmışdı. Ona dövlətə xəyanət ittihamı verilməli idi. Bu da ağır ittihamdı. Adətən dövlətə xəyanətdə suçlanan şəxsi dərhal həbs eləmirdik, bir xeyli müddət araşdırma aparırdıq. Onların arasında islah olunanlar olurdu, belələrini həbs eləmirdik. Əksinə, onları əməkdaşlığa cəlb edirdik. Bu adamları casusluğa cəlb edənlərə qarşı elə onların özləri vasitəsilə mübarizə aparırdıq. Həkimləri, müəllimləri bu işə cəlb edə bilməzdik ki”.

Məhkəmə prosesi aprelin 28-də davam edəcək.

İttihama görə, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb. Daha sonra Əsgərov Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb, amma son nəticədə 40 min manat alıb.

Ana səhifəXəbərlər”Dövlətə xəyanətdə suçlananları əməkdaşlığa cəlb edirdik”