Dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı ilə bağlı həbs qərarı çıxarılıb (yenilənib)

Foto: İqbal Əbilovun şəxsi arxivindən

Yerli mətbuatda İqbal Əbilovun qapalı keçirilən məhkəmə prosesində səsləndirilmiş ittihamlarla bağlı məlumatlar yer alıb. İddiaya görə, məhkəmə prosesində İqbal Əbilovun Yerevan Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının rəhbəri və Ermənistanda fəaliyyət göstərən Şərqşünaslıq İnstitutunun direktoru Garnik Serboviçlə “Skype” vasitəsilə danışması fakt kimi göstərilir. İddia olunur ki, Ermənistan xüsusi xidmət orqanlarının nəzarətində Azərbaycanın ərazi bütövlüyü əleyhinə məqsədyönlü iş aparan Asatrian Garnik Seroboviç ilə gizli danışıqlar və sövdələşmələr aparılıb.

Həmin mənbələrə əsasən, Əbilovun xarici xüsusi xidmət orqanlarının nümayəndələri ilə birgə müxtəlif ölkələrdə olan pozucu qüvvələri cəlb etməklə Azərbaycanın ərazi bütövlüyü əleyhinə qondarma təşkilatın fəaliyyətini təşkil etməsinə, həmçinin Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli Vardan Voskanyan və digərlərinin Azərbaycana qarşı düşmənçilik fəaliyyəti həyata keçirməsinə kömək etməsinə də şübhələr var.

Dövlət Təhlükəsizlik Xidməti Əbilovun işinə rəsmi münasibət bildirməyib. Bundan başqa, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi jurnalistlərin və yaxınlarının iştirakı olmadan bağlı qapılar arxasında keçirilib.

İqbal Əbilovun atası isə “Turan”a açıqlamasında oğlunun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi ilə bağlı deyilənləri yalan adlandırıb.

Onun sözlərinə görə, İ.Əbilov həqiqətən də Qarnik Asatryanla əlaqə saxlayıb, lakin bunlar sırf elmi əlaqələr olub.

“Bu, iki şərqşünasın ünsiyyəti idi”, – deyə Şahin Əbilov vurğulayıb.

O, qapalı məhkəmə prosesinin materiallarının mediaya sızmasından təəccübləndiyini bildirib.

Bizə cinayət işinin məzmunu və məhkəmədə baş verənlər barədə danışmaq qadağandır, eyni zamanda mətbuatda oğluma qarşı ittihamlarla təhrif olunmuş məlumatlar yer alır. Biz bunu ictimaiyyəti çaşdırmaq və oğlumun həbsinə haqq qazandırmaq cəhdi kimi qiymətləndiririk”, – deyə Ş.Əbilov bildirib.


İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda ittiham olunur

Azərbaycandakı milli azlıqlar, o cümlədən talışlarla bağlı araşdırma aparan tədqiqatçı İqbal Əbilov haqqında həbs qərarı çıxarılıb. İyulun 24-də Səbail Rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Özü də milliyyətcə talış olan İqbal Əbilovə qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.

İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumatlara görə, İqbal Əbilov bu ittihamlarla razılaşmır, özünü təqsirli bilmir. O, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Azərbaycan vətəndaşı olan İqbal Əbilov uzun illərdir Belarusda yaşayır. Yaxınlarının bildirdiyinə görə, o, iyunda Azərbaycana qohumlarından birinin toyuna görə gəlib:

“İyunun 27-də qayıdanda hava limanında onu buraxmayıblar. Üstəlik, pasportunu və telefonunu da əlindən alıblar. İyulun 22-də onu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Masallı şöbəsinə çağırıblar, deyiblər ki, pasportu və telefonu qaytaracaqlar. Bundan sonra ondan xəbər çıxmayıb”.

Yaxınları deyir ki, onun Bakıya – DTX-ya gətirilməsi barədə ailə üzvlərinə məlumat verməyiblər. Onun yerini, niyə saxlandığını öyrənmək üçün Ombudsman Aparatına müraciət ediblər. Bu yolla İqbal Əbilovun dövlətə xəyanət və mili zəmində ədavət salmağa yönəlik hərəkətlər ittihamı ilə saxlandığını öyrəniblər.

İqbal Əbilov Latviyada qeydiyyatdan keçmiş Talış Milli Akademiyasının təsisçilərindən biridir.

Ana səhifəSiyasətDövlətə xəyanətdə ittiham olunan tədqiqatçı ilə bağlı həbs qərarı çıxarılıb (yenilənib)