Sərdar Babayev özünü “İranla gərginləşən münasibətlərin qurbanı” sayır
Dövlətə xəyanətdə ittiham olunan ilahiyyatçı Sərdar Babayev yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq. Onun işi üzrə istintaq tamamlanıb və cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İlahiyyatçının işinə Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.
Sərdar Babayevin həbs olunması haqda qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib.
1974-cü il təvəllüdlü Sərdar Babayev 2017-ci ilin fevralında da həbs olunmuş, Cinayət Məcəlləsinin 168-1.3.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsilə 3 il azadlıqdan məhrum edilmişdi.
O zaman iddia olunurdu ki, Sərdar Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.
Müdafiə tərəfi isə bildirirdi ki, Sərdar Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.
Üstəlik, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxs də xaricidə dini təhsil alıb. Bundan başqa, həmin məhdudlaşdırıcı maddə 2017-ci ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.
Sərdar Babayevin 3 il azadlıqdan məhrum edilməsilə əlaqədar Avropa Məhkəməsinə şikayət olunub. Avropa Məhkəməsi də həmin şikayət üzrə Azərbaycan hökumətinə suallar ünvanlayıb. Hazırda kommunikasiya mərhələsində olan sözügedən şikayətdə ilahiyyatçının vəkili ona münasibətdə İnsan Haqları və Əsas Azadlıqlara dair Avropa Konvensiyasının 9-cu (dini etiqad azadlığı) və 14-cü (ayrı-seçkiliyin yolverilməzliyi) maddələrinin pozulduğunu göstərib.
Dövlətə xəyanət ittihamına gəlincə, Sərdar Babayev 2021-ci il oktyabrın 19-dan bu ittihamla həbsdədir. O, İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, onların göstərişlərini yerinə yetirərək Azərbaycan əleyhinə fəaliyyətdə ittiham olunur.
Lakin ilahiyyatçı özünü təqsirli bilmir və həbsini siyasi motivli hesab edir. Ailə üzvlərinin sözlərinə görə, Sərdar Babayev özünü İranla Azərbaycan arasında gərginləşən münasibətlərin repressiya qurbanı hesab edir: “İttihamları qətiyyən qəbul etmir. Bu səbəbdən istintaqda ifadə verməkdən də imtina edib”.