”Yaşadığımız yer günü-gündən xəstəlik yuvasına çevrilir”
Sabunçunun Muxtarov qəsəbəsinin sakinləri şikayətçidir. 10 ildən artıqdır ki, aidiyyatı qurumların onlarla maraqlanmadığını, yaşadıqları qəsəbənin günü-gündən xəstəlik yuvasına çevrildiyini deyirlər:
“Burda bir dənə də ev tapmazsan ki, zirzəmisinə mazutlu su dolmasın. Küçələr zibilxanaya çevrilib. Elə ətrafdan gələn üfunətli iy vəziyyətin acınacaqlı olduğunu deyir. Atılmış bir qəsəbədir. Baxan, maraqlanan yoxdur”, – deyir qəsəbə sakini Rauf Əliyev.
“Qorxumuzdan uşaqlarımızı çölə-bayıra da buraxa bilmirik”
Neft milyonçusu Murtuza Muxtarovun adını daşıyan qəsəbədə hər addımbaşı neft buruqları gözə dəyir. Neft qoxuyan dar küçələr, neft gölməçələrinə açılan qapılar, yaranmış zibilliklər… Sakinlər bu ərazidən neft çıxarılmasına qarşı deyil. Tək istəkləri hökumətin milyonlarla gəlir götürdüyü ərazini təmiz saxlamasıdır:
“Heç olmasa tökdüklərini yığsınlar. Az qala hər qapının ağzında zibilxana yaranıb. Qorxumuzdan uşaqlarımızı çölə-bayıra da buraxa bilmirik. Hamısı xəstəlikdir, antisanitariyadır. Çölə qoymuruq, mikrob evimizin içinə girir. Evlərin zirzəmisi hamısı mazutdur. Birazdan torpaq saxlamayacaq, çökəcəyik yerin altına. Tələb edirik, bizim də səsimizi eşitsinlər. Biz də azərbaycanlıyıq”, – deyir Gülçöhrə Məmmədova.
“Zibil əlindən lap təngə gəlmişik”
Rauf Əliyev deyir ki, yayda iydən, qışda isə palçıq əlindən təngə gəlirlər:
“Yayda palçıqdan canımız qurtarır. Ancaq əvəzində iy, ağcaqanad mövsümü gəlir. Qəsəbədən milyonlar götürürlər, ancaq onun mində bir hissəsini xərcləyib bura asfalt çəkmirlər. Və yaxud onun çox az hissəsini xərcləyib buradakı zibillikləri təmizləmir, gölməçələri qurutmurlar. Deyiləsi dərd deyil, inanın. Uşağı belimizdə məktəbə aparırıq. Ağzımızı şərflə bağlayıb küçəyə çıxırıq. Zibil əlindən isə lap təngə gəlmişik”.
“Bizdə elə qəsəbə yoxdur!”
Məsələyə münasibət öyrənmək üçün Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətindən bildirdilər ki, Sabunçu rayonunda Murtuza Muxtarov adına qəsəbə yoxdur.
“Siz bir xəritəyə baxın. Elə bir qəsəbə var? Bizdə var Balaxanı, Ramana, Zabrat, Sabunçu, Bakıxanov, Nardaran, Bilgəh, Pirşağı və Kürdəxanı. Muxtarov qəsəbəsi yoxdur”.
“Orada yaşayan əhaliyə sənəd veririk, vəssəlam”
Bir müddət öncə həmin qəsəbə ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən Azadlıq Radiosuna da bildirmişdilər ki, qəsəbə Sabunçu ilə Ramana qəsəbələrinin arasında yerləşir. Ona görə də hər iki qəsəbəyə aid sayılır. Sabunçu qəsəbə nümayəndəliyi isə Muxtarov qəsəbəsinin onlara aidiyyatı olmadığını deyir. Ramana qəsəbəsinin icra strukturları isə bildirir ki, bura Ramana ərazisi deyil, mədəndir. Sadəcə, orda yaşayan əhali sənədə görə onlara müraciət edir.
İndi icra strukturlarının imtina etdiyi qəsəbənin sakinləri ümidini yalnız prezident İlham Əliyevə bağlayıb. Deyirlər, onlara kömək etsə-etsə, İlham Əliyev edə bilər:
“Cənab prezident, xahiş edirik, vəziyyətimizi nəzərə alın. Bu cür şəraitdə yaşamaq çətindir. Uşaqlarımızın vaxtaşırı xəstələnməsi, oynamağa yerlərinin olmaması, palçıq, pis qoxu və zibillik bizi məhv edir. Bizim durumumuza bir çarə tapın”.