Binə sakinləri nəqliyyatdan şikayətçidir
Binə qəsəbəsinin sakinlərinin avtobus problemi var. Onlar qəsəbədən şəhərə cəmi bircə avtobusun işlədiyini, onun da basabas olduğunu deyirlər.
Binə sakini 27 yaşlı Səlimə Tağıyeva deyir ki, sonuncu dəfə marşurtdan nə vaxt istifadə etdiyini xatırlamır. Basabas olduğundan taksi ilə getməli olur:
“Yaxşı ki, Qara Qarayev və Koroğlu metrostansiyası çıxışlarından qəsəbəyə adambaşına bir manata taksilər işləyir. Camaat onlardan istifadə edir. Yoxsa bu soyuğun günündə saatlarla gözləməli olarıq. Xüsusən də axşamlar avtobusun dayanacağında bilirsiniz nə qədər adam olur? Küçədən keçənlər təəccüblə baxırlar ki, görəsən nə baş verib?”
“Heç bir ölkədə insanlar bu cür təhqir olunmur”
20 minə yaxın əhalisi olan “Sovxoz” adlı yerdən və Binə qəsəbəsindən Qara Qarayev metrostansiyasına bir, 160 nömrəli marşrut işləyir. Sakinlər marşurtun böyüklüyü, rahatlığının normal olduğunu deyirlər. Tək problem avtobuslar arasındakı intervaldır. Avtobus gec-gec gəldiyindən nəinki yer tapıb oturmaq, ümumiyyətlə, yer tapıb ayaq üstə durmaq da mümkün deyil:
“Söz deyəndə də deyirlər: “Bilirsiniz biz bir günə nə qədər plan veririk? Tez-tez necə işləyək? Bizim planımız, vaxtımız var”. Bəs, burda yaşayanlar insan deyil? Bilirsiniz işə gedib-gəlməyə nə qədər əziyyət çəkirik? Heç bir ölkədə insanlar bu cür təhqir olunmur. Zülm çəkirik”, – deyir 42 yaşlı qəsəbə sakini Qoşqar Əliyev.
“Sürücülər boyunlarına yüklənən gündəlik planı ödəyə bilmək üçün intervalı uzadırlar”
Sakinlərin problemləri ilə bağlı yazmadıqları qurum qalmayıb. Nəqliyyat Nazirliyi, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət ediblər. Buna baxmayaraq problemlərinin olduğu kimi qaldığını deyirlər.
Səlimə Tağıyeva yaranmış vəziyyətdə sürücüləri günahkar saymır. Deyir bəlkə də bu problemin ən günahsız tərəfi onlardır: “Hər şey onların üstündədi: benzin, təmir, gündəlik plan. Nəzərə alın ki, Binənin yolları da yaxşı gündə deyil. Maşınlar tez-tez xarab olur. Üstəlik, özlərinə də pul qalmalıdır axı. Hələ bir tərəfdən də basabasa görə millət sürücünü söyür. Boyunlarına yüklənən gündəlik planı ödəyə bilmək üçün intervalı uzadırlar. Təsəvvür edin, gündəlik planı ödəyə bilmədiyi üçün 9 avtobus çıxdı xətdən. Bundan sonra vəziyyət daha da ağırlaşdı. Fikirləşirəm ki, problemi kökündən həll etmək lazımdır. Şəhərdəki bəzi avtobuslar kimi 160-ın sürücüləri də aylıq maaşla işləsələr problem avtomatik həllini tapar. Heç ikinci avtobus ayırmağa da ehtiyac qalmaz. Yox, əgər kart sisteminə keçmək 1-2 ilə çəkəcəksə, bizim günahımız nədir? Ya əlavə avtobus ayırsınlar, ya da 160 nömrəli avtobusları artırıb ara məsafəni azaltsınlar. Biz də bu ölkənin vətəndaşıyıq, işə rahat gedib-gəlmək istəyirik”.
“Dövlət zəhmət çəkib problemimizi həll etsin”
Sakinlərin əksəriyyəti çıxış yolunu 1 manatlıq taksilərdə arayır. Qoşqar Əliyev isə deyir ki, buna imkanı çatmayanlar da var: “Məsələn, şəhərdə işləyib ayda 300 manat alan rahat gedib-gələ bilmək üçün ayda taksilərə azı 60 manat verməlidir. Hələ bu metroya qədər olan qiymətdir. Ordan şəhərə kim bilir neçə marşurt dəyişəcək. 300 manatın 100-nü yola verəndə özünə nə qalır? Nə mənası var gedib-gəlməyin? Dövlət zəhmət çəkib problemimizi həll etsin”.
Rəsmi münasibət: “Problemin səbəbi yolların bərbad olmasıdır”
Məsələyə münasibət öyrənmək üçün gün ərzində Nəqliyyat Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmadı. Ancaq mart ayında 160 nömrəli avtobusun tabe olduğu “Ayşən” MMC-nin direktoru Zabir Hüseynov anspress.com-a avtobusların vaxtında işləyə bilmədiyini təsdiqləyib. Gecikməyə səbəb kimi yolları göstərib: “Yollar bərbaddır. İri çuxurlar yaranıb. Biz ora daş alıb tökmək, yolu təmir etmək istədik. Lakin Binə kənd İcra nümayəndəsi bizə imkan vermədi. Bu həqiqətən də biabırçılıqdır. 30 avtobus olsa da, işləyə bilmirik”.
Binə kənd Bələdiyyəsinin sədri Hacı Habil Həmidov isə ən geci 3-4 günə problemi həll edəcəyinə söz verib.
Həmin vaxtdan 9 ay ötüb. Ancaq Binə sakinlərinin problemi həllini tapmayıb. Əksinə, 9 avtobusun xəttən ayrılması ilə daha da pisləşib…