Bəzi qurumlar əmək müqaviləsini yeniləmir, bəzisi də məvacibi azaldır
Devalvasiyadan sonra dövlət və özəl sektorda ixtisarlar başlayıb. Mediada gedən xəbərlərdən bəlli olur ki, ilk olaraq kommunal xidmət sektorunda işçilərin sayını azaldıblar. Məsələn, yanvarın ikinci ongünlüyündə “Azərişıq” ASC-də kütləvi ixtisarlara start verilib. İşçilərə əmək müqaviləsinin vaxtının uzadılmayacağı ilə bağlı xəbərdarlıq edilib.
Mətbuatın yazdığına görə, “Azərişıq” ASC-nin sədri Baba Rzayev qurumun Şirvan, Hacıqabul, Lənkəran və digər rayonlarının idarələrində ixtisar aparıb. Lakin işçilərin bundan xəbəri olmayıb. Onlar səhər işə gedərkən işdən çıxarıldıqlarını biliblər.
“Azəriqaz” İstehsalat Birliyində də ixtisarlara başlanıb. İxtisardan əvvəl isə fəhlə və mühəndis heyəti imtahana cəlb edilib. Fəhlələrin imtahan keçid balı mühəndislərin keçid balından yüksək olub. Keçid balını toplaya bilməyənlər ixtisara düşüb. Qurum indiyədək 250-ə yaxın işçisini ixtisara salıb.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyevin sözlərinə görə, təşkilata müraciət edən işçilər onlara məcburi ərizə yazdırdıqlarını deyiblər: “Əslində bu imtahanlar qeyri-qanunidir. Yəni Əmək Məcəlləsində belə imtahanların keçirilməsi qeyd edilməyib. Digər tərəfdən, təcrübələr göstərir ki, fəhlələrin keçid balının yüksək olması ixtisarların çox olması üçün bəhanədir”.
Onu da xatırladaq ki, ötən ilin sonlarında birliyin rayon şöbələri ləğv edilib, əvəzində isə Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradılıb. Ləğv olunan qurumların əksər işçiləri də ixtisara düşənlər sırasındadır.
SOCAR-ın açıqlamasında deyilir ki, işdən çıxanlara əməkhaqqının 5 misli qədər kompensasiya verilir. Kompensasiyadan imtina edən işçilərə Dövlət Neft Şirkətinin İnsan Resursları Departamenti tərəfindən vakant yerlər təklif olunacaq. Həmçinin “SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulmaları da təklif ediləcək. Bu proqrama qoşulan işçilərə bir il müddətində əmək haqqının 50 faizi ödənilir, eləcə də il ərzində vakant işlər təklif edilir. Amma hər bir halda ixtisara düşən qaz işçilərinin sayı onlarladır.
A.Quliyev təklif edir ki, onlarla mütəxəssisi işdən çıxarmaqdansa, qurumun vəzifəli şəxslərdən birini işdən çıxarmaq olar: “Qurumun vəzifəli şəxsləri on fəhlənin maaşını alır. Eyni səlahiyyəti yerinə yetirən məmur ixtisara salınmalıdır”.
“Azəristiliktəhcizat” da ixtisarlara başlayır. Bu barədə qurumda çalışanlar məlumat veriblər.
Onların sözlərinə görə, hələlik əməkhaqqı azaldılıb. Məsələn, qazaqxanalarda çalışan operatorların maaşı iki dəfə azaldılıb.
Ekspertlərin fikrincə, il ərzində mənzil istismar sahələrinin (MİS) ləğvi də reallaşacaq. Onların həyata keçirdikləri funksiyaları ASAN Xidmət, bələdiyyələr və yeni yaradılan mənzil müştərək cəmiyyətləri yerinə yetirəcək. Artıq 20-ə yaxın mənzil müştərək cəmiyyəti qeydiyyatdan keçib. 2009-cu ildə qəbul edilən Mənzil Məcəlləsində də MİC-lərin ləğvi nəzərdə tutulub. Bu qurum ləğv edilsə, 500 nəfər də iş axtaranların sırasında olacaq.
Bu arada, Səhiyyə və Təhsil nazirlikləri ixtisarların olmayacağını açıqlayırlar. Amma ekspertlərə görə, Kənd Təsərrüfatı, Rabitə və Yüksək Texnologiyalar, İqtisadiyyat, Nəqliyyat və digər nazirliklərdə ixtisarlar gözlənilir. SOCAR isə ixtisarların sayına görə liderliyi əldən verməyəcək.
Özəl sektora gəldikdə isə artıq paytaxtın ticarət sektoru böhranla üzləşib. Mağazaların əksəriyyəti bağlanıb. Ötən həftə maşın ehtiyatları bazarında, “Binə” ticarət mərkəzində icarə haqlarının azaldılması tələbi ilə keçirilən aksiyalar da bunu sübut edir.
Hələlik isə devalvasiya hər kəsin cibinə təsir edir. Yay aylarınadək bahalaşma və ixtisarlar vəd edildiyindən çoxu gözləmə mövqeyindədir.