Yüz kərə yazmışam ki, dövlətin möhkəmliyinin təməli ədalətdir
Azərbaycan dövlətinin pulu başından aşır. Azərbaycan kəndlisi pulsuzluqdan fəryad çəkir. Azərbaycan dövləti səhərdən axşamadək kənd təsərrüfatına qayğıdan dəm vurur. Azərbaycan əhalisinin əsas ərzağı xaricdən gəlir.
Bu ərzağı Azərbaycan kəndlisi istehsal edə bilərdi, lakin edə bilmir.
Niyə? İstehsalı başlamaq və aparmaq üçün maya gərəkdir. Azərbaycan kəndlisinin pul vəsaiti qıtdır, yoxudur.
Mədəni ölkələrdə kəndli maya üçün pulu bankdan ala bilər. Mədəni ölkələrdə. Azərbaycan mədəni ölkə deyil, barbar ölkədir. Əgər kimsə bu sözlərimi təhqir sayıb üstümə gəlmək istəsə, tək bir Tərtər işinin adını çəkib onu susdura bilərəm. Lakin dövlətimizdə biabırçı əməllər bir deyil, on deyil, minlərlədir.
Dövlət statistikası göstərir ki, əhalini yedirtmək üçün Azərbaycan ildən ilə artan həcmdə xaricdən ət və taxıl idxal edir. Dövlət tükənən nefti satıb istehsalı tükənməz olan ət və taxıl alır. Bu, dövlət rəhbərliyinin qabiliyyətinin, xalqın gələcəyinə münasibətinin parlaq sübutudur.
Belə məntiqsiz siyasətin maddi və sinfi izahı var.
Maddi izah ondan ibarətdir ki, Azərbaycanda Heydər Əliyev hakimiyyətə gələndən və dövlət cihazı üzərində sərt nəzarət maşınını qurandan sonra ölkədə ən çox istehlak olunan malları idxal edən insanlar təyin edildilər. Kəmaləddin Heydərovun gömrüyünə tapşırıldı ki, bu insanların idxal inhisarını göz bəbəyi kimi qorusun. O da Ulu öndərin tapşırığını canla-başla icra etdi.
Beləliklə, Azərbaycanda qara camaatın idxal mafiyası adlandırdığı bir zümrə təşəkkül tapdı. İdxal mafiyası milyardlara sahibdir və öz mövqelərini qorumaq üçün min bir tədbirə əl atır.
O cümlədən onun idxal inhisarına ziyan gətirə biləcək yerli istehsalı boğur. Azərbaycan kəndlisinə taxıl və ət istehsal etmək üçün lazım olan pulu, torpağı, suyu və gübrəni əlçatmaz edir.
Uzağa getməyim, bu xalqa və dövlətə ağır ziyan gətirən siyasətin nümunəsini göstərim. Təbii ki, mən kənd təsərrüfatına dövlət qayğısı barədə laqqırtıya fikir vermədən, həyatdan yazacağam.
Bir insan ömrünün iyirmi ilini sərf edib müəyyən bir məbləğ toplayır və qərara alır ki, bu pulu sərmayə kimi fermer təsərrüfatına qoysun. Gedir kəndistanda torpaq alır, 200 min manat xərcləyib yüz baş mal üçün möhkəm bir daş tövlə, yem ambarı, yaşayış üçün üçotaqlı ev tikir. Ona qalır heyvan alıb tövləyə salsın və başlasın onu kökəltməyə. Nəzəriyyəni oxuyub, bütün dünyada bu iş böyük gəlir gətirir. Yerli əhalidən də başbilən iki nəfəri işə götürür.
Yüz baş heyvan almaq üçün banklara müraciət edir. Yüz min manat kredit istəyir. Heç bir bank ona kredit vermir. Niyə? İzah edim, ancaq gülməyin.
Təsəvvür edin ki, bu fermer səliqəli geyimdə, boynuna qalstuk bağlamış mədəni bir bank işçisi ilə söhbət edir və kredit istəyini ona bildirir, deyir ki, borcun müqabilində dəyəri iki yüz min manat olan fermasını və qiyməti azı yüz min manat olan şəhər mənzilini girov qoymağa hazırdır. Bank işçisi soruşur: “Sizin başqa biznesiniz var?” Fermer təəccüblənir və soruşur: “Bu sualın mənası nədir?” Bank işçisi izah edir: “Bankların siyasəti indi elədir ki, biz yüz min manatlıq kreditə görə heç bir milyon manatlıq girov da götürmürük. Kənd təsərrüfatı yüksək riski olan sahədir, heyvanlara xəstəlik düşə bilər, qırılarlar, krediti qaytarmaq üçün sizin fermanı satışa çıxarsaq, ona alıcı tapammarıq. Bu səbəbdən qərara gəlmişik ki, yalnız digər biznesi olan kəndliyə kredit verək”.
Fermer dərin fikrə gedir, sonra soruşur: “Azərbaycan kəndlisinin əkin-biçindən başqa nə biznesi ola bilər?” Bank işçisi deyir ki, “Azərbaycan banklarının siyasəti belədir”.
Fermer deyir ki: “Bəli, mən sıravi Azərbaycan fermeri kimi Moskvada Tverskoy küçəsində iri bir mağaza sahibiyəm, Dubayda zərgərlik dükanım var, Amerikanın Atlanta şəhərində üç restoran işlədirəm, Bakıda isə dilxoşluq üçün mikrorayon bazarını saxlayıram. Aylıq dövriyyəm otuz milyondur, bu səbəbdən gəlib sizin bankdan yüz min manat kredit istəyirəm”.
Bank işçisi anlayır ki, fermer çarəsizlikdən bu acı zarafatı edir, əsl mədəni bank işçisi kimi bu kəndliyə baş qoşmur və onun durub getməsini gözləyir.
Bəli, bu kəndliyə münasibətin maddi cəhətidir. Kəndliyə ona görə borc pul vermirlər ki, idxal mafiyasının inhisarçı bazarına girə bilməsin.
Kağızda kənd əhlinə milyardlar verilir. Lakin bu milyardlar çatır kəndlıdən alınıb məmurlara verilmiş torpaqlarda qurulmuş aqropark adlanan təsərrüfatlara, həşərat kimi dövlətin canına daraşmış tüfeyli məmur zümrəsinə. Bəsdir ki, oğulları üçün Londonda yüzlərlə milyon funt sterlinqlik cahi-cəlallı həyat qurmuş iki kənd təsərrüfatı nazirinin adını çəkək.
Lakin işlərin belə gedişinin sinfi cəhəti də var. Kənd əhli nə qədər kəmsavad olsa da, millətin saf və çağlar qaynağı məhz kənddə yerləşir. Tüfeyli hakim zümrə qara camaatdan, sadə xalqdan ciddi qorxur və çalışır ki, bu xalq yerli-dibli olmasın, yoxa çıxsın. Sovet əyyamında deyildiyi kimi, “kəndlini bir sinif kimi ləğv etmək istəyirlər”.
Dərindən düşünəndə, kəndli kimə gərəkdir? Ərzağı xaricdən gətirib yaxşı qazanmaq mümkündür. Bəs pul haradandır? Əlbəttə, neftdən və qazdan.
Bizim hakimiyyət elə belə də düşünür. Hakimiyyət əmindir ki, avam camaatı Qarabağ zəfəri, idman yarışları, konsertlərlə yola vermək olacaq.
Yüz kərə yazmışam ki, dövlətin möhkəmliyinin təməli ədalətdir. Ədalət olmayan yerdə ən möhkəm dövlət belə yıxılır. Necə ki, ədalətsizlik ucbatından SSRİ çökdü. Necə ki, Tunisdə arabası ilə küçədə dolaşıb göyərti satan kasıb Muhamməd Buazizinin ruzisini əlindən alanda üstünə benzin töküb yandırdı, öldü, fəqət milyonlarla tunisli küçələrə axışıb zalım Zeynalabidin diktaturasına son qoydu.
İranda əxlaq polisi sadə bir gənc qız Məhsa Əminini döyüb öldürdü, xalq aylardır üsyan edir, hakimiyyət beş yüz vətəndaşı qətlə yetirib, xeyri yoxdur, üsyan heç cür səngimir.
Bizim əhalinin analoqu olmayan səbrinə və dözümünə öyrəşmiş tamahkar və acgöz hakimiyyətimiz bir gün gözünü açıb görəcək ki, Azərbaycan xalqı heç də analoqu olmayan xalq deyil, lap adicə xalqdır, üsyan da edə bilir, haqqı naminə qan da tökməyi bacarır.
Bu, baş versə, kimsə tapılacaqmı ki, indiki özündən xeyli razı hakimiyyət başçılarından soruşsun: “Bunu istəyirdiniz?”