Baş katib: “Müharibədən zərər çəkmiş Avropada sülhü bərpa etməkdən və üzv dövlətimiz Ukraynanı dəstəkləməkdən vacib nə ola bilər?”
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı dövlət və hökumət başçılarının sammitinin keçirilməsini təklif edib.
Baş katib mayın 20-də Avropa Şurası Nazirlər Komitəsinin sessiyasında bu haqda çıxışında deyib.
“Avropa Şurasının dövlət və hökumət başçılarının 4-cü Zirvə toplantısının vaxtı çatıb. Bəli, bunun üçün gündəlik lazımdır. Amma müharibədən zərər çəkmiş Avropada sülhü bərpa etməkdən və üzv dövlətimiz Ukraynanı dəstəkləməkdən vacib nə ola bilər? Biz Avropaya inteqrasiya proseslərində Rusiyanın təcavüzündən birbaşa təsirlənmiş ölkələrə, çox vaxt Aİ-dən kənardan dəstək verməliyikmi? Yoxsa Rusiya və Belarusda vətəndaş cəmiyyəti, onların siyasi liderləri tərəfindən həyata keçirilən sərt işğalçılıq siyasəti ilə razılaşmayanlara səlahiyyət vermək?” – deyə Peyçinoviç-Buriç suallarını səsləndirib.
Ancaq Baş katib sammitin nə vaxt və harada keçirilə biləcəyini dəqiqləşdirməyib.
Avropa Şurasının tarixində üzv dövlətlərin liderlərinin üç zirvə görüşü olub. Birincisi 1993-cü ildə Berlin divarının yıxılmasından və Mərkəzi və Şərqi Avropada yeni demokratiyaların yaranmasından sonra Vyanada keçirilib. İkincisi insan hüquqlarının müdafiəsinə yeni təkan vermək üçün 1997-ci ildə Strasburqda keçirilib. Sammitdə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının təyin edilməsi barədə qərar qəbul edilib. Üçüncü sammit 2005-ci ilin mayında Varşavada baş tutub. O zamankı 46 üzv dövlətin rəhbərləri Şuranın insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin qorunması və təşviqi üzrə əsas missiyasını gücləndirmək üçün bəyannamə və fəaliyyət planı qəbul edərək təşkilatın prioritetlərinə yenidən baxıblar.