“Dövlət Toxum Fondu da Taxıl Fondu kimi xaricdən məhsul idxalında maraqlı olacaq”

Vahid Məhərrəmov: “Toxumçuluğu inkişaf etdirmək üçün Genetika İnstitutunun maddi-texniki bazasını və elmi potensialını gücləndirmək lazımdır”

Source:


Vahid Məhərrəmov: “Toxumçuluğu inkişaf etdirmək üçün Genetika İnstitutunun maddi-texniki bazasını və elmi potensialını gücləndirmək lazımdır”

Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılacaq.

Nazirlər Kabineti isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar toxumların istehsalının vətədarükünün həyata keçirilməsi üçün “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsullarıilə etibarlı təminatına dair Dövlət Proqramı”nın xərcləri bölgüsündən Kənd Təsərrüfatı Nazirliyinə  10 milyon manat ayırmalı, habelə sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Sərəncamı Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bir müddət əvvəl Taxıl Fondunun yaradılması haqqında sərəncamı xatırlatdı: “Əslində Taxıl Fondu bəziləri üçün xaricdən buğda idxal etmək imkanı verdi. Bununla da yerli istehsala fikir verilmədi. Ümumiyyətlə, ilkin mərhələdə daxili istehsal hesabına fonda min ton buğda qəbul edilmişdisə, sonrakı illərdə fond fermerlərdən 1 kiloqram da buğda qəbul etmədi. Nəticədə idxal artdı, istehsal isə azaldı”.

Vahid Məhərrəmov hesab edir ki, büdcə hesabına fond yaradılması daxili istehsalın stimullaşdırılmasına istiqamətlənməlidir. “Biz uzun müddətdir toxumçuluqda ciddi problemin olduğunu deyirik. Bu, o demək deyil ki, indi fond yaradılsın. Əlbəttə, yenə fonda xaricdən toxum idxal olunacaq və istehsalçılara veriləcək. Bu mənada toxumçuluğu fond vasitəsilə inkişaf etdirmək mümkün deyil. Toxumçuluğu inkişaf etdirmək üçün Genetika və Seleksiya İnstitutunun maddi-texniki bazasını və elmi potensialını gücləndirmək lazımdır. Alimlərimiz yerli şəraitə uyğun yeni sortlar yaradıb, onları rayonlaşdırmalıdır. Həmin sortlardan toxum materialı kimi istifadə edərək, müasir tələblərə cavab verən məhsul istehsal olunmalıdır. Söhbət həm ətraf mühitə davamlı, həm də yüksək məhsuldarlı sortlardan gedir. Demək istəyirəm ki, daxili istehsal hesabına bunları həyata keçirmək mümkündür”.

V.Məhərrəmovun sözlərinə görə, Dövlət Toxum Fondu da Taxıl Fondu kimi daha çox xaricdən məhsul idxalında maraqlı olacaq: “Uzun müddətdir, dövlət toxumçuluğun inkişafı üçün subsidiya ayırıb və subsidiya da xərclənib. Amma bu gün Azərbaycanda müasir tələblərə cavab verən toxum materialı yoxdur. Bu mənada indiki  halda da heç nə dəyişməyəcək. Çünki həmin məmurlar, həmin alimlər və həmin vəziyyətdir. Problem ondadır ki, sərəncam bir sənəd kimi vəziyyəti dəyişmir. Vəziyyəti dəyişmək üçün bu sahəyə kompleks şəkildə yanaşılmalıdır”.

Ekspertin fikrincə, birinci növbədə elmi potensialın hansı səviyyədə olması müəyyənləşməlidir: “Əgər elmi potensialı artırmaq üçün addımlar lazımdırsa, o həyata keçirilməlidir. Ola bilsin, xaricdən alimlər də cəlb olunmalıdır. Təəssüf ki, müstəqillik əldə etdikdən sonra bu sahə başlı-başına buraxılıb. Azərbaycandan fərqli olaraq qonşu ölkələrdə bu sahənin maddi-texniki və elmi bazası gücləndirilib, yaxşı nəticələr əldə ediblər. Bizdə isə reaksiya verməklə, yaxud hansısa sənəd ortaya qoyub ictimaiyyətə işin görüntüsünü yaratmaq kimi təqdim edirlər”.

Ana səhifəXəbərlər“Dövlət Toxum Fondu da Taxıl Fondu kimi xaricdən məhsul idxalında maraqlı olacaq”