Ramin Hacılı: Görünür, bu məhkəmə sistemindəki islahatların nəticəsidir.
Balakən rayonunda 2018-ci il iyunun 4-də dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilərək saxlanılan “Azərbaycan-Avropa Hərəkatı”nın rəhbəri Ramin Hacılı bu gün azadlığa buraxılıb.
Bu barədə Ramin Hacılı “Facebook” səhifəsində məlumat yayıb.
R. Hacılı ONA-ya açıqlamasında bir neçə gün əvvəl Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunduğunu bildirib: “Hər dəfə mənim həbsimi uzadırdılar. Nəhayət məhkəmə qərar verdi ki, mən azadlığa çıxmalıyam. Görünür, bu məhkəmə sistemindəki islahatların nəticəsidir”.
İyunun 30-da onun həbs müddəti
uzadılmışdı.
Rəsmi məlumatda bildirilmişdi ki, Ramil Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf edib.
Bundan əvvəl, 2017-ci ilin oktyabrında Ramin Hacılı 2 il sınaq müddəti təyin edilməklə şərti cəza alıb. O, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilirdi.