Dövlət saytlarında problem yaranıb

Osman Gündüz: ”İndiki vəziyyət xoşagələn olmadığından ciddi açıqlama olmalıdır”

Source:
Osman Gündüz


Osman Gündüz: ”İndiki vəziyyət xoşagələn olmadığından ciddi açıqlama olmalıdır”

Fevralın 22-də səhər saatlarında

gov.az

 İnternet domeni bloklanıb. Heç bir rəsmi sayt açılmayıb. Rəsmi versiya “texniki profilaktika” adlandırılıb.  Lakin öncədən profilaktika barədə məlumat verilməyib.

“Turan” İA-nın məlumatına görə, sonuncu dəfə hökumət saytlarının bloklanması 2012-ci il yanvarın 16-da baş verib. Buna görə məsuliyyəti “AzerianCyberArmy” haker qruplaşması öz üzərinə götürmüşdü.

Özlərini “islamçı veb-mühəndislər” kimi təqdim edən hakerlər hakimiyyəti ABŞ, Qərb və İsraillə əməkdaşlıqda ittiham edərək, Azərbaycanda “ərəb baharı”nın təkrarlanacağı ilə hədələmişdilər.

O zaman İT mütəxəssisləri müəyyən etmişdilər ki, hücum İran ərazisindəki İP-ünvandan edilib.

İş belə gətirib ki, gov.az-ın indi bloklanması da prezident İlham Əliyevin fevralın 23-də İrana rəsmi səfəri ərəfəsində baş verib.

“Turan” bildirir ki, bundan öncə rəsmi İran radiosu Azərbaycanı şiə müsəlmanların amansız təqib olunmasında ittiham edib.

Azərbaycan prezidentinin 2004-cü il 5 noyabr tarixli fərmanına əsasən, ölkənin dövlət saytları “onların təhlükəsizliyinin səmərəli müdafiəsi məqsədilə” Dövlət Obyektlərinin Xüsusi Mühafizə Xidmətinin xüsusi serverində yerləşdirilib. Bu, Azərbaycanın dövlət saytlarına erməni hakerlərin kiber hücumlarından sonra edilib.

2012-ci ilin yanvarında dövlət saytlarına hücumdan sonra İnternet təhlükəsizliyi sahəsində amerikalı mütəxəssis Erik Conson Turan-a bildirib ki, “AzerianCyberArmy” haker qrupunun hücumu softların (proqram təminatı kompleksi) vaxtlı-vaxtında yenilənməməsinin nəticəsi ola bilər.

Consonun sözlərinə görə, softlar hər gün yenilənməlidir.

“Təcrübə göstərir ki, windows proqramlarının çoxu müdafiə olunmayıb və yenilənmir ki, bu da softların hakerlər üçün açıq olmasına gətirib çıxarır”, – o qeyd edib.

Ekspert həmçinin bildirib ki, haker proqramlarının sayı xeyli artıb: “Əvvəllər bu hücum alətləri məhdud sayda insanın əlində idisə, indi onların sayı az qala 10 dəfə artıb”.

Haker hücumlarının sayı bütün dünyada gündən-günə artır, buna görə serverlərin və saytların təhlükəsizliyi məsələsinə ciddi diqqət yetirilməlidir.

“Təkcə dövlət resurslarına deyil, şəxsi saytlara da hücumlar artacaq”, – Conson belə proqnozlaşdırır.

Consonun fikrincə, hücumun arxasında İran kimi böyük qüvvələrin durduğunu demək olmaz. Saytlara hücum virtual müharibənin nəticəsi ola bilər ki, burada da hədəf İsraillə yaxşı münasibəti olan ölkələr ola bilər.

Sonda ekspert təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmağı və bunun üçün həm dövlətin, həm də özəl İnternet resursları sahiblərinin vəsait xərcləməkdən çəkinməməsini tövsiyə edib.

XDMX-dan verilən məlumata görə, problem hazırda serverdə aparılan profilaktik işlərlə bağlıdır. Qeyd edilib ki, qısa zamanda problem aradan qaldırılacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən də məsələyə münasibət bildirilib. Qeyd olunub ki, ümumilikdə, ölkədə internetlə bağlı heç bir problem yoxdur, dövlət qurumlarının rəsmi saytlarına girişdə yaranan problemlər isə aparılan profilaktik işlərlə bağlıdır.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti mövcud vəziyyəti Meydan TV-yə şərh edib.

Osman Gündüz bildirib ki, əvvəlki illərdən fərqli olaraq bütün dövlət qurumlarının saytları Azərbaycanda yerləşib. 5-10 il əvvəl hərəsi bir xarici ölkənin serverindəydi: “Prezidentin fərmanıyla dövlət qurumlarının internet resurslarının təhlükəsizliyinə Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və Təhlükəsizliyi Dövlət Agentliyi cavabdehdir. İndi nə baş veribsə, bu serverdə olub. Rəsmi açıqlama verilir ki, yenilənmə və profilaktika işləri aparılırmış. Ancaq bu cür işlər qısa müddətli olur, bu dəfə uzun çəkdi, hesab edirəm ki, düzgün deyil. Çünki “İnformasiya əldə olunması” haqqında qanuna görə dövlət qurumları internet resurlarının daimi və müntəzəm fəaliyyətini təmin etməlidir. Yəni vətəndaşlar üçün informasiyalar əlçatan olmalıdır. İndiki vəziyyət xoşagələn olmadığından ciddi açıqlama olmalıdır”.

Ana səhifəXəbərlərDövlət saytlarında problem yaranıb