”Zerkalnı” nömrələr və sürücülük vəsiqəsi bahalaşdı, bir sıra sahələr və xidmətlər üzrə dövlət rüsumu bahalaşdı
Avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunan rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət rüsumu artırılıb. Bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib.
Dəyişikliyə əsasən, 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1500 manatdan 2000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 2500 manatdan 3000 manata qaldırılıb.
100, 200, 300, 400, 500, 600, 700, 800, 900 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1000 manatdan 1500 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 1500 manatdan 2000 manata, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 500 manatdan 1000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 1000 manatdan 1500 manata çatdırılıb.
Dəyişiklik layihəsinə əsasən, dövlət rüsumlarının Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.
Digər dəyişikliklərdən biri isə sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu artırılması ilə bağlıdır. Layihəyə əsasən, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum 39% artırılır. Belə ki, dəyişiklik təsdiq olunanandan sonra avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumu 18 manatdan 25 manata qaldırılacaq. Bundan başqa, avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu isə 17 manatdan 25 manata qaldırılıb.
Dəyişiklik layihəsində daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün də dövlət rüsumları artırılıb.
Dəyişikliyə əsasən, müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə, rüsum 200 manatdan 250 manatadək artırılır. Dövlət rüsumu Bakı şəhəri üzrə 100 faiz, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faiz, digər regionlar üzrə isə 50 faiz məbləğində ödənilir.
Sənədə görə müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə, o cümlədən yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün dövlət rüsumu 20 manat səviyyəsində saxlanılıb. Qanun layihəsinin məqsədi daşınmaz əmlakın özgəninkiləşdirilməsi üzrə müqavilələrin təsdiqi üçün rüsumların regionların iqtisadi aktivliyinə uyğun olaraq diferensiallaşdırılmasıdır.
Qüvvədə olan qanuna görə, Bakı şəhəri üzrə rüsum 200 manat, digər şəhər və rayonlar üzrə isə 80 manatdır.
Layihəyə əsasən, qanunun 10.1-ci maddəsinin (Daşınmaz əmlakın (torpaq sahələri və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, əmlak kompleksi kimi müəssisələr) və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün) 1.2-ci hissəsində (müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə) nəzərdə tutulan rüsum 200 manatdan 250 manata qaldırılıb.