“Dövlət Rəsul Cəfərova qarşı cığallıq edir”

Xalid Bağırov: “Dövlət vətəndaşı qoymadığı qaydalara əməl etmədiyinə görə cəzalandıra bilməz”

Source:

Xalid Bağırov: “Dövlət vətəndaşı qoymadığı qaydalara əməl etmədiyinə görə cəzalandıra bilməz”

“Artıq 3 aydır ki, məhkəməyə yığışanlar hüquq adına rəzalətə və cəfəngiyata şahidlik edirlər. Bu cəfəngiyatın adı Rəsul Cəfərovun ittiham olunmasıdır. İnanmıram ki, hakimlər tərkibi qarışıq bu məhkəmədə iştirak edən şəxlərdən kimsə, o cümlədən dövlət ittihamçısının özü də, onun çıxışında Rəsul Cəfərovun nəyə görə ittiham olunmasından bir şeylər anlaya bildi. Məhz bu səbəbdən idi ki, dövlət ittihamçısının səsi məhkəmədə çox nadir halda eşidlməsi mümkün olan səviyyəyə qalxdı”.

Bu sözləri hüquqşünas Xalid Bağırov hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində çıxarılmış məhkəmə hökmünü şərh edərkən deyib. Öz Facebook səhifəsində bu barədə yazan vəkil dediklərini belə əsaslandırıb:

“Bu ittihamın həqiqətən də cəfəngiyatdan başqa bir şey olmadığını anlamaq üçün baxaq görək Rəsul Cəfərov nədə ittiham olunur.

Rəsul Cəfərova verilən ittihamlardan biri ondan ibarətdir ki, onun təsis etdiyi QHT hüquqi şəxs olaraq qeydiyyatdan keçmədiyinə baxmayaraq,  fəaliyyət göstərib və qrant alaraq layihələr həyata keçirib. Onun bu fəaliyyəti qanunsuz sahibkarlıq olub.

Dövlət ittihamçısının Dövlət adından səsləndirdiyi bu ittihamı, qanunsuz və əsassız olmasından əvvəl cığalçılıqdan başqa bir şey deyil. Dövlət vətəndaşına qarşı cığalçı və ikiüzlü ola bilməz.



Bu gün Azərbaycanda qeydiyyat QHT-lər üçün məcburi deyil”

Dövlət adına danışmaq səlahiyyəti olan, dövlətin QHT siyasətinin əsas siması olan, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Avropa Şurasının, Venesiya Komissiyasının qanunvericiliklə bağlı rəyinə münasibət bildirərkən qeyd edir ki, «Bu gün Azərbaycanda qeydiyyat QHT-lər üçün məcburi deyil. Onlar qeydiyyata alına da bilərlər, qeydiyyatsız fəaliyyət göstərə də bilərlər. Bu, Azərbaycan qanunvericiliyində qadağan edilmir.»




.


http://old.yap.org.az/view.php?lang=az&menu=1&id=21081

;

Və yaxud Azərbaycan höküməti Azərbaycan dövləti adına İsmayıl İsmayılovun Avropa İnsan Hüquqları Məhkəməsindəki şikayətinə cavab verərkən bildirir ki, Azərbaycanda hüquqi şəxs statusuna malik olmama birliyi öz fəaliyyətini davam etdirməkdən saxlamır.



http://hudoc.echr.coe.int/sites/eng/Pages/search.aspx…

 (bax qərarın 44-cü bəndi)

O zaman necə olur ki, dövlət bir yandan deyir ki, hüquqi şəxs kimi qeydiyyata alınmama birliyin fəaliyyət göstərməsinə mane olmur və bunu hətta Venesiya Komissiyası, Avropa Məhkəməsi kimi ən yüksək təmsil olunmağa çalışdığı bir təsisatlarda edir, amma sonra da dönüb QHT-si qeydiyyatdan keçməsə də, fəaliyyət göstərdiyi üçün Rəsul Cəfərovu ittiham edir və həbs edir? Belə olan təqdirdə dövlətin bu ittihamını cığalçılıqdan başqa necə adlandırmaq olar?”

Xalid Bağırov deyir ki, ittiham nə qədər qeydiyyatdan keçməyən QHT-nin fəaliyyətini “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 16-cı maddəsi ilə qadağan hesab etsə də, deyilənlər həmin madddə əksini tapmır: “Maddə 16.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Maddə 16.2. Qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir.

Bəlkə mən oxuya bilmirəm. Sizdən soruşuram, burda harda yazılıb ki, qeydiyyatdan keçməyən QHT-nin fəaliyyəti qadağandır?

Əksinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1.-ci maddəsi var və orda açıq-aşkar deyilir ki, Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Göründüyü kimi qanun kommersiya təşkilatları, xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filiallarının hüquqi şəxsi kimi qeydiyyatdan keçmədiyi təqdirdə fəaliyyətini qadağan etsə də, yerli QHT-lər barədə susur və belə qadağan müəyyən etmir”.


Konstitusiya deyir ki…

Hüquqşünas Konstutusiya ilə də dediklərini əsaslandırır: “Azərbaycan Respublikasında Konstitusiya adlanan bir Əsas qanun da var və onun 71-ci maddəsinin IX hissəsində deyilir: Azərbaycan adlı məmləkətdə hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.

O zaman ittihamın sözündən belə çıxır ki, Rəsul Cəfərov bu ölkədə “hər kəs”-ə aid deyil. Durub bunu belə də desinlər, işimizi bilək. Bilək ki, kimlər bu ölkədə “hər kəs”-ə aiddir, kimlər yox. Biz vəkillər də işimizi ona uyğun quraq”.

Rəsul Cəfərov həm də, onda ittiham olunur ki, o aldığı qrantları qeydiyyatdan keçirmədən xərclədiyi üçün həmin qrantlar əsasında fəaliyyəti də qanunsuz kommersiya fəaliyyəti olub. Xalid Bağırov deyir ki, istənilən hüquqşünas bu yanaşmanı ən azından istehza dolu gülüşlü qarşılayar: “Çünki hər bir hüquqşünas bilir (və ya bilməlidir) ki, müqavilə əsasında yaranan hüquq münasibətlərinin məzmunu müqavilənin şərtləri ilə müəyyən edilir. Belə müqavilələrin qeydə alınıb alınmaması heç bir halda həmin müqavilələrin məzmununu dəyişə bilməz. Çünki hüquqi təbiətinə görə müqavilələrin qeydiyyatının təyinatı yanlız belə münasibətlərin mövcudluğunu fiksə etməkdən ibarətdər, onların məzmununu müəyyən etməkdən deyil. Bunu əksini iddia etmək hüquq adına rəzalətdir.

Yəqin bir az ağır dildə yazdım. Onda hər kəsin anlayacağı dildə yazım bunun əksini iddia etmək, yəni ittihamın ortaya qoyduğu yanaşma ilə razılaşmaq eyni ilə ona oxşayır ki, bir kişi bir qadınla ailə qurursa və nikahını qeyd etdirmirsə, o zaman o qadın dönüb olur fahişə. Azərbaycanda ittiham artıq bu dərəcədə hüquqi rəzalətə gəlib çatıb”.


“Dövlətin Rəsul Cəfərova qarşı cığallığı bununla bitmir”

“Rəsul Cəfərovun təsis etdiyi “İnsan hüquqları Klubu” İctimai Birliyi hüquqi şəxs kimi qeydiyyata alınmadığı üçün R.Cəfərov bütün fəaliyyətini fiziki şəxs olaraq həyata keçirib. Bütün aldığı qrantlar da fiziki şəxs olaraq onun hesabına daxil olub.

Çox təəssüf ki, dövlətin Rəsul Cəfərova qarşı cığallığı bununla bitmir. Bəlli olduğu kimi, Rəsul Cəfərovun qrant fəaliyyəti 2010-2014-cü illəri əhatə edir.

2003-cü ildə “Qrant haqqında” Qanuna dəyişiklik edildi və Qanunun 4-cü maddəsinin 4-cü hissəsində Azərbaycan Respublikasının alınan qrantların qeydə alınması üçün resipiyentlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunması qaydası işə salındı.

Bu dəyişilikdən dərhal sonra Azərbaycan Respublikası Prezidenti fərmanla qrant müqavilələrini qeydə alan orqanları müəyyən etdi. Fərmana görə, kommersiya qurumlarının aldığı qrantları Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, dini qurumların aldığı qrantları Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarının aldığı qrantları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeydə almalı idi.

Bəs fiziki şəxslərin aldıqları qrantları hansı qurum qeydə almalı idi? Bəlli olmadı.

Bununla bərabər, Prezident 2004-cü ilin fevralında “Qrant müqavilələrinin (qərarların) qeydiyyata alınması” Qaydalarını təsdiq etdi. Orada yazıldı: “Bu Qaydalar Azərbaycan Respublikasının hüquqi şəxsləri tərəfindən qrant alınması (verilməsinə) dair müqavilələrin (qərarların) (bundan sonra – müqavilə (qərar)) qeydiyyata alınmasını tənzimləyir”.

Bəs fiziki şəxslər tərəfindən alınan qrantlar hansı qaydada qeydə alınmalı idi?

Bu durum 2014-cü ilin fevral ayının 4-nə kimi davam etdi. Yanlız 2014-cü ilin fevralında, daha sonra iyulda təkrarən Prezident fərmanlarına dəyişiklik etdi və 10 ildə ilk dəfə fiziki şəxslərin aldıqları qrantları harada qeydiyyatda keçirmələri olduğunu müəyyənləşdirdi – Ədliyyə Nazirliyində. İstintaq utanmadan Ədliyyə Nazirliyinə sorğu verib soruşub ki, R.Cəfərovun aldığı qrantlar nazirlikdə qeydiyyatdan keçibmi? Ədliyyə Nazirliyi də ağıll-ağıllı cavab verir ki, bu qrantlar qeydiyyatdan keçməyib. Heç kim də baxmır və ya qəsdən baxmaq istəmir ki, R.Cəfərov 2014-cü ilin fevralından sonra, ümumiyyətlə, qrant alıbmı? Təbii ki, yox almayıb.

O zaman sual yaranır; bəs fiziki şəxs olaraq Rəsul Cəfərov 2014-cü ilin fevralına kimi aldığı qrantları harada qeydiyyatdan keçirməli idi? Gənclər və İdman nazirliyində, ya Standartlaşdırma Komitəsində? Sual yaranır; bəs, o, bu qrantları hansı qaydada qeydiyyatdan keçirməli idi?” – deyə hüquqşünas qeyd edir.

Xalid Bağırov daha sonra deyir: “Təsəvvür edin, meydana futbol komandası çıxıb, onun oyunçuları başla topu vurur, hakim başla oyuna görə cərimə zərbəsi təyin edir. Amma bu vaxta qədər heç yerdə başla oyunun futbolda qadağan olduğunu yazmamışdı və elan etməmişdi. Sual verirəm; sizcə, həmin futbol oyununu idarə edən hakim cığal deyilmi?

Axı dövlət vətəndaşı qoymadığı qaydalara əməl etmədiyinə görə cəzalandıra bilməz. Bu, Avropa Konvensiyanın 6-cı maddəsi baxımdan hüquqi müəyyənlik prinsipinə və 7-ci maddəsi qəbul edilməyən və ya retrospektiv normalar əsasında məhkum etmənin qadağan olunması hüququna ziddir”.


Vergidən yayınma, yoxsa…

“Rəsul Cəfərov həm də onda ittiham olunur ki, qeydiyyatdan keçməyən və bu səbəbdən sahibkarlıq fəaliyyəti hesab olunan qrant layihələr üzrə 156427,73 manat gəlir əldə edib, bundan 6257,11 manat sadələşdirilmiş vergini ödəməkdən yayınıb.

Bu ittiham birbaşa əvvəlki ittihamlarla bağlı verildi. Belə ki, sadələşdirilmiş vergi yanlız sahibkarlıq fəaliyyətinin subyektlərinin ödəməli olduqları vergi növüdür. Rəsul Cəfərovun fəalliyyətinin dediyimiz kimi, sahibkarlıq fəaliyyəti ilə heç bir əlaqəsi olmadığı üçün, o, bu sadələşdirilmiş vergini dövlətə ödəməməli idi.

Həmçinin “Qrant haqqında” Qanun onu bu vergidən azad edirdi.

Qanunun 5-ci maddəsinin 2-ci bəndinə görə qrant kimi alınan pul və (və ya) hər hansı digər yardımdan rüsumlar və dövlət büdcəsinə müvafiq icbari ödənişlər tutulmur.

Bunu təkcə biz demirik. Bunu elə dövlət də deyir. Özü də Vergilər Nazirliyinin saytında deyir. Əgər dövlət Vergilər Nazirliyi sifəti Rəsul Cəfərovun sahibkar olmadığını və sadəlşmiş vergi hüququ olmadığını deyirsə, bəs dövlət ittiham əli ilə necə Rəsul Cəfərovu vergi ödəmədiyinə görə həbs edə bilər? Bu, cığallıq deyil, bəs nədir?” – deyə hüquqşünas fikrini yekunlaşdırır.

Ana səhifəXəbərlər“Dövlət Rəsul Cəfərova qarşı cığallıq edir”