Dövlət qurumları üçün xüsusi iş rejimi tətbiq edilir

Təlimatda xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlərın dayandırılması vurğulanıb.

Foto: Azertac


Parlament komitələrinin iclasları dayandırılır

Azərbaycanın Baş Naziri Əli Əsədov martın 17-də mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə xüsusi rejimdə iş normalarına dair təlimatları imzalayıb.

Məlumatı Nazirlər Kabineti yanında operativ qərargah yayıb.

Baş Nazirin tapşırığına əsasən iclaslar, müşavirələr və toplantıların yalnız telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsilə keçirilməsinə üstünlük verilsin. Mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılsın. 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin. İşçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilsin.

Təlimatda xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlərın dayandırılması vurğulanıb. Təlimata əsasən, ezamiyyətə xüsusi zərurət olduğu hallarda, razılıq alınması məqsədilə dövlət orqanlarının və qurumlarının rəhbərləri tərəfindən operativ qərargaha əsaslandırılmış rəsmi müraciət edilməlidir. Əməkdaşların xarici ölkələrə şəxsi səfərləri məhdudlaşdırılılmalıdır.

Təlimatda qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınmasının, yerlərdə səyyar qəbulların keçirilməsinin təxirə salınması, vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilməsi qeyd olunub.

“Bu məqsədlə hər orqan və qurumda elektron və telefon əlaqə ünvanları və nömrələri müəyyən edilsin, habelə qaynar xətlərin fasiləsiz fəaliyyəti təmin edilsin; vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə hər orqan və qurumda məsul əməkdaşlar müəyyən edilsin;. mümkün olduğu halda, vətəndaşlara səyyar xidmətlərin göstərilməsi təşkil edilsin; görülən tədbirlər barədə vətəndaşların məlumatlandırılması təmin olunsun; mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət qurumları vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşsınlar”, – təlimatda deyilir.

Əli Əsədovun tapşırığında bildirilib ki, müddəalar hüquq mühafizə və hərbi xidmət orqanlarına, dövlət əhəmiyyətli və həyat təminatlı obyektlərə, fasiləsiz iş rejimində fəaliyyət göstərən müəssisələrə, səhiyyə və digər tibb müəssisələrinin işçilərinə şamil edilmir.

Bu gün isə Milli Məclis sədri Sahibə Qafarova Baş nazirin təlimat məktubunu xatırladaraq komitələrin iclasının dayandırıldığını deyib:

“Məktubda koronavirus infeksiyası ilə bağlı mübarizənin təşkili istiqamətində bir sıra tələblər müəyyən edilib. Bu tələblərdən biri iclasların, müşavirələrin və toplantıların keçirilməsinin məhdudlaşdırılması, idarəetmənin telefon, mobil rabitə və internet vasitəsilə həyata keçirilməsinə üstünlük verilməsi haqqındadır. Bununla əlaqədar olaraq komitə və komissiya iclaslarının keçirilməsini dayandırmaq lazımdır”.

Azərbaycanda ümumilikdə 28 koronavirusa yoluxma faktı qeydə alınıb. Bunlardan 6 nəfərinin sağalıb, evə buraxıldığı bir nəfərin isə öldüyü bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus infeksiyasının yayılması ilə bağlı pandemiya elan edib.

Martın 13-də Nazirlər Kabineti təcili, təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilib.

Ana səhifəİqtisadiyyatDövlət qurumları üçün xüsusi iş rejimi tətbiq edilir