”Dövlət qurumları razılaşdırılmış şəkildə hərəkət etmirlər”

Nazim Bəydəmirli: “Kənardan baxdıqda maliyyə-bank sektorunda ikili hakimiyyətin mövcud olduğu görünür”

Source:
Namiq Əliyev
Namiq Əliyev


Nazim Bəydəmirli: “Kənardan baxdıqda maliyyə-bank sektorunda ikili hakimiyyətin mövcud olduğu görünür”

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Modern.az-ın dollar qıtlığı ilə bağlı sorğusuna cavab verib ki, dollar satmaq təmsil etdiyi qurumun səlahiyyətləri çərçivəsində deyil: “Mərkəzi Bank kommersiya banklarına, onların dollar satıb-satmamasına nəzarət etmir. Çünki bu, bizim səlahiyyətlərimiz xaricindədir. Biz individual olaraq kommersiya bankları ilə işləmirik. Biz məzənnə siyasəti həyata keçiririk”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) müşaviri Rüfət Abbasov isə deyib ki, qurum valyuta tənzimlənməsini həyata keçirmir:

“Biz valyuta tənzimləyən orqan deyilik. Valyuta bazarındakı tələb və təklifin tənzimlənməsi bizim səlahiyyətlərimiz çərçivəsində deyil. Ona görə də şərh verə bilmirəm”.

R.Abbasov “çox qəribədir, maliyyə məsələlərində cavabdeh olan iki qurum-Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası məsələnin səlahiyyətləri xaricində olduğunu əsas gətirir” fikirlərini belə şərh edib: “Biz maliyyə bazarlarının subyekti olaraq banklara nəzarət edirik. Onların fəaliyyətinin qanun çərçivəsində olmasına nəzarət edirik ki, qanundankənar faəliyyət göstərməsinlər. Dollar isə tələb və təklif məsələsidir. Hazırda bazarda tələb və təklif arasında kəskin fərq var. Tələbat təklifdən daha yüksəkdir. Biz valyuta satmırıq, hərrac keçirmirik. Ümumiyyətlə, valyuta tənzimləyən orqan biz deyilik. Banklar dollar satmırsa, demək ki, dollarları yoxdur”.

Nazim Baydəmirli

İqtisadçı, sabiq deputat Nazim Bəydəmirli xatırladıb ki, son dəyişikliklərlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası inzibati funksiyaları həyata keçirir. Pul-kredit siyasətini isə Mərkəzi Bank həyata keçirir:

“Kənardan baxdıqda maliyyə-bank sektorunda ikili hakimiyyətin mövcud olduğu görünür. Bu isə ikili məsuliyyətsizlik yaradır. Belə olduğu halda “bir uşağa 7 dayə baxırsa, uşağın mütləq gözü çıxacaq” rus atalar sözü yada düşür. Dəfələrlə Gömrük Komitəsinin ləğvini və vergiləri, rüsumları toplayan bir qurumun olmasını bildirmişəm, yəni cavabdehlik olmalıdır. İndi Mərkəzi Bankın açıqlamasından sual yaranır; kommersiya bankları dolları hardan almalıdır? Belə olduqda Mərkəzi Bank hökumətə iqtisadi stimullaşdırmada kömək etməlidir. Əgər hökumətlə razılaşıb iqtisadi fəaliyyəti stimullaşdırsaydı, iqtisadi fəallıq daha da artardı və ölkənin rəqabət qabiliyyətli məhsul istehsalı olardı. Beləliklə, xaricə məhsul satıb ölkəyə dollar gətirırdilər, neftdənkənar sahələr inkişaf edərdi. Görünən odur ki, dövlət qurumları razılaşdırılmış şəkildə hərəkət etmirlər və ümumi iqtisadi siyasətdə axsaqlıqlar üzə çıxır”.

Ana səhifəXəbərlər”Dövlət qurumları razılaşdırılmış şəkildə hərəkət etmirlər”