”Dövlət Neft Fondunun vəsaitlərdən əldə etdiyi gəlirlər 6 dəfə azalıb”

Qubad İbadoğlu: “Fondun investisiya portfeli üzrə gəlirliyi aşağı düşüb”

Source:

Qubad İbadoğlu: ''Fondun investisiya portfeli üzrə gəlirliyi aşağı düşüb''

Ötən bir ildə Dövlət Neft Fondunun vəsaitlərin idarə olunmasından əldə etdiyi gəlirlər 6 dəfə azalıb. Bu barədə

Dövlət Neft Fondu

nun 2018-ci il üzrə gəlir və xərclərinə dair yaydığı hesabatda deyilir.

Hesabatda deyilir ki, 2018-ci il ərzində ARDNF-nin büdcə gəlirləri 17 614,1, xərcləri isə 11 455,6 milyon manat olub:

“2018-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 17 433,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 16 645,6 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, akrhesabı ödənişləri 4,1 milyon manat, tranzit gəlirləri 18,1 milyon manat təşkil edib. Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 181,1 milyon manata bərabər olub”.

İqtisadçı Qubad İbadoğlu deyib ki, fond 2018-ci ildə yalnız səhmlərin idarəedilməsindən 42,9 milyon dollar ziyana düşüb:

“Fondun son açıqlamasındakı məlumatların əvvəlki illərlə müqayisəli təhlilindən məlum olur ki, ötən il ərzində vəsaitin idarə olunmasından əldə etdiyi gəlirlər əvvəlki illə müqayisədə 6 dəfə azalıb. Belə ki, 2017-ci il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 1 083,6 milyon manat, 2016-cı il ərzində müvaflq göstərici 1 068,8 milyon manat olduğu halda, ötən il üçün bu göstərici 181,1 milyon manat təşkil edib. Baxmayaraq ki, 2019-cu il yanvarın 1-ə Fondun aktivləri, yəni idarəçilikdə olan vəsaitləri 2018-ci ilin əvvəlinə nisbətən 7,56 faiz artaraq, 38 515,2 milyon ABŞ dollarına çatıb”.

Q.İbadoğlu deyib ki, aktivlərin artmasına baxmayaraq, Fondun investisiya portfeli üzrə gəlirliyi aşağı düşüb. Müqayisə olunan dövrlərdə bu göstərici 2016-cı ildə 1,92 faiz, 2017-ci ildə 1,88 faiz olduğu halda, 2018-i ildə 0,35 faiz təşkil edib:

“Ötən il Fondun əsas itkiləri səhmlərə qoyuluşlardan olub. Səhmlərin idarəedilməsindən Fond 0,87 faiz və ya 42,9 milyon dollar ziyana düşüb. Fondun investisiya portfelində səhmlərin payı 12,8 faiz, məbləği isə 5 milyard dollar təşkil edir”.

Hesabatda o da deyilir ki, 2018-ci il ərzində ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 10 959,0 milyon manat vəsait transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat, Samur- Abşeron suvarma sisteminin yenidən qurulmasına 90 milyon manat, Bakı-Tbilisi- Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 176,1 milyon manat vəsait ayrılıb:

“7,2 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. 2018-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 23,3 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 1 557,3 milyon manat olub”.

Ana səhifəXəbərlər”Dövlət Neft Fondunun vəsaitlərdən əldə etdiyi gəlirlər 6 dəfə azalıb”