Dövlət Neft Fondunun büdcəsi kəsirlə təsdiqlənəcək

Samir Əliyev: “Proseslər göstərir ki, 2015-ci il daha ağır olacaq”

Source:


Samir Əliyev: “Proseslər göstərir ki, 2015-ci il daha ağır olacaq”

“Büdcə kəsiri nəhayət ki, Dövlət Neft Fonduna (DNF) da çatdı. Fondun 2015-ci il büdcəsi ilk dəfə olaraq kəsirlə təsdiq olunacaq. Kəsirin böyüklüyü elə dövlət büdcəsinin kəsiri boyda olacaq – 1,6 milyard manat”. Bu sözləri iqtisadçı Samir Əliyev DFM-in büdcəsi ilə bağlı proqnozlarında deyib.

“İl başlasa da, Fondun büdcəsi hələ də təsdiq olunmayıb. Hökumət dünya neft bazarında bahalaşma ehtimalının getdikcə azaldığını görüb nəhayət ki, büdcə layihəsini ortaya çıxardı. Diqqəti çəkən məqam odur ki, 2015-ci ilin büdcə zərfindəki göstərici ilə müqayisədə təxminən 500 milyon manata qədər ixtisar olunub. Layihə olduğu kimi təsdiq olunsa, suveren fondumuzun gəliri 10,25 milyard manat, xərci isə 11,8 milyard manat olacaq. Fondun idarə edilməsinə isə 33,32 milyon manat xərclənəcək” – deyə iqtisadçı bildirir.

Samir Əliyev deyir ki, ötən il, xüsusən də ilin ikinci yarısı DFM üçün heç də uğurlu olmayıb: “Təkcə 3-cü rübdə Fondun aktivləri 317,1 milyon dollar azalıb. Sonuncu rübdə həm neftin ucuzlaşmaqda davam etməsi, həm də dolların əsas valyutalara münasibətdə bahalaşması aktivləri daha da azaldacaq. Valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərərin də artımı labüddür. Yola saldığımız ilin 9 ayında valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərər 966,4 milyon manata bərabər idi. İlin sonuna aktivlərə daxil edilən valyutaların ucuzlaşması daha da dərinləşdirib. 2014-cü ilin sonuna dollara münasibətdə avro təxminən 12,1 faiz, funt sterlinq 6 faiz, Avstraliya dolları 8 faiz, Türkiyə lirəsi 8,7 faiz, rus rublu 83faiz, Cənubi Koreya vonu isə 3,3faiz dəyərsizləşib. Bu valyutaların dollara nisbətdə ucuzlaşması paralel olaraq manata münasibətdə də baş verib. Çünki manatın dollara nəzərən məzənnəsi sabit qalıb, digər valyutalara nisbətdə məzənnəsi ilə çarpaz müəyyən olunur”.

İqtisadçı düşünür ki, bu ucuzlaşmadan sonra Neft Fondunun 2014-cü il üzrə valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərəri böyük ehtimalla 1,5 milyard manatdan çox olacaq. Qızılın dünya qiymətləri ötən il sabit qaldığından Fondun bu aktivdən saxlanma xərcləri istisna olmaqla zərəri olmayıb.

“Proseslər göstərir ki, 2015-ci il daha ağır olacaq. Neft indiki səviyyədə qalarsa, bu halda hökumət ehtiyatda olan aktivlərə müraciət etməli olacaq. Bu isə ehtiyatların azalmasına gətirib çıxaracaq. Valyutaların ucuzaşması digər tərəfdən zərəri daha da artıra bilər. Fond ehtiyatlarını əlverişli diversifikasiya etməklə idarəetmədə baş verə biləcək zərəri minimumua endirə bilər. Bunun üçün Çin yuanının ehtiyatlara daxil edilməsi daha səmərəli olar. Bu ölkənin valyutası ötən il cəmisi 2,5 faiz ucuzlaşıb. Yuanın daxil edilməsi isə avronun payının azaldılması hesabına baş verə bilər. Çünki bütün proqnozlar avronun ucuzlaşmaqda davam edəcəyini göstərir. Proqnozlara görə, yaxın 3 ayda avro 1,14-a, ilin sonuna isə dollarla bərabərləşə bilər. Buna görə avronun payının 20-25 faizə endirilməsi düzgün olardı. Rusiyadakı aktivlərdən imtina barədə düşünmək yaxşı olardı” – deyə Samir Əliyev vurğulayıb.

Ana səhifəXəbərlərDövlət Neft Fondunun büdcəsi kəsirlə təsdiqlənəcək