”Dövlət Neft Fondu Rusiyaya qoyduğu investisiyanı batırıb”

Nemət Əliyev: ”633 milyon dolların 38 faizi əldən çıxıb”

Source:


Nemət Əliyev: ”633 milyon dolların 38 faizi əldən çıxıb”

Dövlət Neft Fondu 2012 və 2013-cü illərdə Rusiyada daşınmaz əmlaka 133 milyon dollar yatırıb. Fond həmin vəsaitlə Moskva şəhərində yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzini satın alıb. Bank VTB-nin səhmlərinə isə 500 milyon dollar investisiya qoyub.

Beləliklə, Fond rus rublunda ifadə olunan aktivlərə üst-üstə 633 milyon dollar məbləğində investisiya

yatırıb

.

Rusiyaya yatırılan 633 milyon dolların 38 faizi əldən çıxıb

İqtisadçı Nemət Əliyev Dövlət Neft Fondunun 2017-ci il dekabrın 31-də “2017-ci il üzrə investisiya fəaliyyətinin yekunları” ilə bağlı açıqladığı hesabatı incələyib. Deyir, rus rublunda ifadə olunan aktivlərin dəyəri 394 milyon dollara (21,783 milyard rubla) düşüb. Bu da Dövlət Neft Fondunun Rusiyada mayanı batırdığı anlamına gəlir. Rusiyaya yatırılan 633 milyon dolların 38 faizi əldən çıxıb”.

Artur Rəsizadə bu məsələyə aydınlıq gətirməlidir

Nemət Əliyev bildirir ki, Fond rəhbərliyi xalqa batırdığı milyonların ağlabatan izahını verməlidir:

“Fondun Müşahidə Şurasının sədri, baş nazir Artur Rəsizadə də bu məsələyə aydınlıq gətirməlidir. Çünki Neft Fondunun 633 milyon dollar məbləğində investisiya etdiyi daşınmaz əmlak və səhmlər öz ilkin dəyərini üst-üstə 239 milyon dollar məbləğində itirib (633–394=239). İtki 38 faizə yaxındır (239/633×100%≈38%).

Nemət Əliyev

İtkilərin 56 faizi 2017-ci ilin payına düşür. Amma itkilər bununla bitmir. Çünki yarım milyarddan artıq maliyyə vəsaiti Rusiya bazarlarına investisiya edilərkən planlar tökülmüşdü, hesaba alınmışdı ki, bu layihədən milyonlarla maliyyə qazancı da əldə olunacaq. O milyonlarla gəlir də əldən çıxıb. İtkilər çox böyükdür”.

Rusiya bazarlarına investisiya qoymaq riskli idi

İqtisadçı deyir ki, Dövlət Neft Fondu Rusiyaya investisiya etdiyi maliyyə vəsaitlərinin nəinki iqtisadi təhlükəsizliyini qoruya bilməyib, hətta mayanı da batırıb:

“Rusiya bazarlarına investisiya qoymağın çox riskli olmasına dair zamanında peşəkar iqtisadçılar tərəfindən edilən müxtəlif çağırışlar nəzərə alınsaydı, heç olmasa mayanı qoruyub saxlamaq mümkün olardı.

Odur ki, Dövlət Neft Fondunun çox riskli sayılan bu layihədə inadkarlıq etməsinin həqiqi səbəblərinə aydınlıq gətirilməli və buna görə həm də fərdi məsuliyyət tələb olunmalıdır. Əks halda, xalqa məxsus sərvətlərin iqtisadi təhlükəsizliyini təmin etmək çətin olacaq”.

Ziyanın yarısından dönmək lazımdır

Nemət Əliyev itirilən milyonların bərpasının bundan sonra çətin olacağını söyləyir. Deyir, heç olmasa bu işdən ibrət götürsünlər:

“Ziyanın yarısından dönmək lazımdır. Nəzərə almaq lazımdır ki, Bank VTB-nin adı yaxın gələcəkdə Rusiyaya tətbiq olunması gözlənilən əlavə sanksiyalar siyahısına daxil edilib (bu haqda mətbuatda kifayət qədər anonslar yer alıb). Sanksiyalar gerçəkləşərsə (ehtimalı yüksəkdir), rus rublunda ifadə olunan aktivlərin daha sürətlə dəyər itirəcəyi şübhə doğumur. O zaman Dövlət Neft Fondunun itkiləri daha da böyüyəcək. Təkrar edilən kobud səhvi tarix heç kimə bağışlamaz!”

Ana səhifəXəbərlər”Dövlət Neft Fondu Rusiyaya qoyduğu investisiyanı batırıb”